Köçkünlər yenə “Qaçqınkom”un qarşısına toplaşıb

Köçkünlər yenə “Qaçqınkom”un qarşısına toplaşıb

03-07-2018 18:09 / Bu xəbər 2213 dəfə oxundu

Bakıda məskunlaşan məcburi köçkünlərdən 50 nəfərə yaxın şəxs iyulun 3-də Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi qarşısında toplaşıb.

Narazı məcburi köçkünlər əsasən, iki problemə görə, komitə binasının önünə toplaşıblar.

"Bir tərəfdən müavinətlərimiz verilmir, digər tərəfdən bəzi məcburi kökqnlərə və qaçqınlara ev verilsə də bizlərə ev verilmir. Hər iki məsələ ilə bağlı problemin həllini tapmamasının səbəbləri bizə aydın deyil", - komitə önünə toplaşan şəxslər belə deyiblər.

Məcburi köçkünlər komitə rəhbərliyi ilə görüşmək istəsələr də hələlik, buna nail ola bilməyiblər.

"Gah deyirlər ki, üçüncü gün gəlin, gah deyirlər ki, başa vaxt gəlin. İndi də bir neçə saatdır buradayıq, hələ ki, qəbul edən yoxdur", - məcburi köçkünlər deyiblər.

Onlar güman edir ki, bir-iki nəfəri qəbul edərək, qalanlarına "qəbul vaxtı qurtardı" deyəcəklər və problemləri yenə də həllini tapmayacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərin narazılığı ilə bağlı danışmaq mümkün olmayıb.

Ancaq komitənin saytı xəbər verir ki, məcburi köçkünlərin durumu qurumun diqqətindədir. Bu məqsədlə iyunun 27-də qurumun sədri Rövşən Rzayev bir qrup məcburi köçkünü qəbul edib.

Həmin görüşdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status, məskunlaşma, kommunal xidmətlər, məşğulluq və s. məsələlər müzakirə edilib.

Bir qrup məcburi köçkün mayın 15-də də Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşmışdı.

Müxtəlif bölgələrdən olan bu insanların bəziləri evsizlikdən, bəziləri "çörəkpulu"nun kəsilməsinə, bəziləri isə müavinətlərin dondurulması məsələlərindən şikayətlənirdilər.

Köçkünlər bildirirdilər ki, komitə onlara laqeyd münasibət göstərir və problemlərinə başdansovdu yanaşırlar. Onlar yerləşdirildikləri yataqxanalarda yaşayıç durumunun acıanacaqlı olmasından, neçə illərdir bu barədə müraciətlər etsələr də, problemin həll edilməməsindən şikayətlənmişdilər.

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev həmin vaxt demişdi ki, heç zaman komitə köçkünlərə laqeyd yanaşmayıb. O, əlavə etmişdi ki, bu vəziyyət aradan qaldırılacaq.///toplum.tv