Klanlar davası: Cavid Qurbanov və Ziya Məmmədov

Klanlar davası: Cavid Qurbanov və Ziya Məmmədov

21-10-2019 11:33 / Bu xəbər 3249 dəfə oxundu

Klanları vuruşduran İlham Əliyevin özüdür

Hakimiyyət daxilində bir-birini sevməyən, hətta bir-birinə nifrət edən qrupların olduğu kimsəyə sirr deyil. Bu qruplaşmalar haqqında vaxtaşırı mətbuatda da yazılır. Amma bir iqtidarda bir-birinə düşmən vəzifə sahiblərinin yer alması və didişməsi lap qədim texnologiyadır. Yüzillər boyu bütün totalitar sistemlər bu texnologiyadan bol-bol bəhrələnib. 

Tarixdən güclü imperiyaları qurd kimi içindən yeyən saray didişmələri haqqında az oxumuşuq? Primitiv texnologiyadır və bu texnologiya tarixdə neçə böyük imperiyanın sonunu gətirib. Deyəsən, İlham Əliyevin yanındakılardan kimsə onu inandırıb ki, hakimiyyəti uzun zaman əldə saxlamaq üçün bu üsul yaxşı işə yarayır. Bəs hakimiyyət daxilində o intriqaları yaradan və körükləyən kimdir? Şübhəsiz, elə Əliyevin özü.

 Əslində, klanlar məsələsi bir mifdir, onu elə o özü yaradıb. Guya bununla hamı elə düşünəcək ki, prezident özü yaxşıdır, ətrafı pis. Bu faktın özü göstərir ki, Əliyevin siyasi təfəkkürü də elə onun məsləhətçiləri kimi orta əsrlər səviyyəsində qalıb. Xalq artıq belə nağıllara inanmır və "prezident yaxşıdır, ətrafı pis” söhbəti çoxdan insanlar arasında ironik deyimə çevrilib…

Mətbuatda zaman-zaman söhbəti gedən bu iki məmur arasındakı qarşıdurmanı hamınız xatırlayırsınız – Cavid Qurbanov və Ziya Məmmədov. Onların davası nəyin üstündə idi, nəyin davasını edirdilər, hansı şərikli malı bölə bilmirdilər? Axı hər kəsə məlumdur ki, bu sistemdə səlahiyyətlə öncədən hər kəsin vəzifə ayına görə bölünür. Yəni hər kəs alacağını da, verəcəyini də yaxşı bilir. O zaman nəydi bu düşməncə dava-qırğın, iki məmurun alıb-verə bilmədiyi? Guya ölkə başçısı istəsə, yumruğunu bircə dəfə masaya vurmaqla bu söhbətlərə son qoya bilməzdi? Xeyr, sadəcə, o bunu etmək istəmirdi. Çünki özü dayanırdı bütün münaqişələrin arxasında. 

Ziya Məmmədova Cavid Qurbanovdan, Cavid Qurbanova Ziya Məmmədovdan qeybət edən də o özü idi. Belə primitiv sistemlərdə bu vuruşdurma siyasəti əyləncəli və "uğurlu” da görünə bilər. Əslində, oyun kriminal bir filmin epizodu kimi qurulur. İki tərəf vuruşur, oyunun sonuna bri sağ qalıb, yoluna davam edir. Necə ki, bu iki məmurun davasında da Məmmədov vurulub sıradan çıxarıldı, şanslı Qurbanov yoluna davam etdi. Daha doğrusu, bir "saray evliliyi” ilə özünü sığortalamağı bacardı. 

Öz həyat yoldaşının vəfatından sonra mərhum səfir Fuad İsmayılovun xanımıyla evləndi ki, o xanım da Mehriban Əliyevanın yaxın qohumudur. Tam da orta əsrlərin saray söhbətlərinə bənzədi, deyilmi? Ölkənin acı reallığı belədir, beləsiniz. Amma deyəsən bu oyunlarla Əliyev öz hakimiyyətini sona yaxınlaşdırdığını anlamır. Anlasaydı, dövlətin müqəddəs əmanət etdiyi o kreslonu belə çirkin məqsədlərlə istismar etməzdi.

Mənbə: Azadlıq.info