Klanlararası savaşda Elnur Abdullayev izi…

Klanlararası savaşda Elnur Abdullayev izi…

29-03-2018 18:54 / Bu xəbər 2676 dəfə oxundu

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin keçmiş baş direktoru Elnur Abdullayev bu dəfə siyasətə qayıdır.

Bu barədə tendensiya.com-a etibarlı mənbədən məlumat daxil olub.

Mənbə deyir ki, ölkəyə bahalı – milyonluq avtomobil sifarişçisi kimi tanınan və ölkənin əsas milyonerlərindən biri kimi tanınan, uzun illər ölkənin ən gəlirli sahələrdində vəzifə tutan Abdullayev hakimiyyətdaxili güclərə təzyiq etməkdən belə çəknmir.

Onun sözlərinə görə, bir müddət öncə dövlətin üst qrumunda çalışan şəxsləri birbaşa nurçululuqda ittiham edən yazıların Ziya Məmmədova yaxın media orqanlarında tirajlanması da təsadüfi deyildi…

Bütün bunların Abdullyevin və ya ona yaxın şəxslərin göstərişi ilə edildiyini vurğulayan mənbə bildirib ki, yaxın zamanlarda sabiq nəqliyyat naziri Ziya Məmmədovun da geridönüşü gözlənilir. Ona görə də Abdullayev yeni komandada daha ağır ranqlı bir məmur olmağı və klanlarası savaşın mərkəzində oynamağı seçib. Buna görə yetkini kimdən aldığı bəlli olmasa da, onun nurçularla yaxınlığı zaman-zaman mediada işıqlandırılıb və heç vaxt özü tərəfindən təkzib olunmayıb.

Böyük biznes qurumlarının – bir ucu Azərbaycandan Türkiyəyə, oradan da ABŞ-a uzanan bir şəbəkənin əsas idarəçisi olan Elnur Abdullayevin ölkə rəhbərliyində təmsil olunan şəxsləri ittiham etməsi təsadüfi sayılmamalıdır. Görünən odur ki, hakimiyyətdaxili klan savaşında maraqlı olan bu şəxs siyasi gündəmə yeni sürprizlər vəd edəcək…

Abdullayevin imkanlarına diqqət edək:

Təsəvvür edin ki, ötən il qafqazinfo saytı 2016-cı il buraxılışı olan və dəyəri yarım milyondan artıq olan 12 "Bentley”nin sifariş verildiyini və pulunun da ödənilməsi haqqında məlumat yayır. Məlumatı "Bentley Azerbaijan” şirkəti də təsdiq edir. Məlumatda qeyd olunurdu ki, bu tip "cip”lər neftlə zəngin Şərq ölkələri, o cümlədən Azərbaycan üçün istehsal olunur. Həmin böyük maşınları istehsal edən ölkələrdə isə o ölçüdə avtomobillər gözə dəymir. Dəyəri 200-500 min dollar olan maşınlar dəbdəbəli həyata üstünlük verən insanlara satılır. Bu avtomobillərin də Abdullayevin sifarişi ilə gəldiyi iddia olunur, amma təkzib olunmur…

Həmin ərəfədə Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri idi və tabeliyindəki qurumlar da bunlar idi: "Bakı Sərnişin Nəqliyyatı” MMC, "Avtomobil yük daşımalarının təşkili” MMC, "1 saylı Gəncə Regional Nəqliyyat” MMC, "2 saylı Quba Regional Nəqliyyat” MMC, "3 saylı Şirvan Regional Nəqliyyat” MMC, "4 saylı Lənkəran Regional Nəqliyyat” MMC, "5 saylı Yevlax Regional Nəqliyyat” MMC, "6 saylı Şəki Regional Nəqliyyat” MMC, "7 saylı Göyçay Regional Nəqliyyat” MMC, "8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC, "9 saylı Ucar Regional Nəqliyyat” MMC, "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC, "11 saylı Tovuz Regional Nəqliyyat” MMC, "12 saylı Beyləqan Regional Nəqliyyat” MMC, "13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC, "14 saylı Şamaxı Regional Nəqliyyat” MMC, "15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC, "Nəqliyyatservis” MMC, Tədris-Kurs Kombinatı və Respublika Texniki İdman Klubu…

Bundan başqa paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin də Elnur Abdullayevə məxsus olduğu deyilirdi. Həmin şirkətdəki taksilər əslində Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu və şirkətin idarə edilməsi, maliyyə hesabatlarına nəzarəti Elnur Abdullayev həyata keçirdiyi idda olunurdu. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu vurğulanırdı. Bunlar hələ məlumatların, sadəcə, bir hissəsidir…

İndi də Abdullyevin Türkiyədə biznes şəbəkələri qurduğu barədə məlumatlar dolaşır. Onun hətta media sektorunda möhkəmlənməyə çalışdığı bildirilir. Türkiyədən ABŞ-a qədər bu uzantının arxasında dayanan gücün nə Anar Məmmədov, nə də Elnur Baimov olduğunu kimsə iddia edə bilməz, çünki bu məsələnin sınırları onları da aşar. Onlar yalnız bu işin təşkilatçısı qismində çıxış edə bilərlər. Abdullayevin arxasındakı pərdəraxası gücün kimliyinin və nüfuzunun Azərbaycan sınırlarından kənarda olduğu isə şübhə doğurmur…