"Klinton Rusiyanı məğlub edəcək" - Politoloqlardan ABŞ-dakı seçkiyə şərh

31-10-2016 16:59 / Bu xəbər 2051 dəfə oxundu

"Sorğular onu göstərir ki, Hillari Klintonun şansı daha yüksəkdir. Düzdür, o, cəmi 6-7 faiz üstündür, amma bir sıra ekspertlər bu qənayətdədirlər ki, onun şansı daha çoxdur və bununla razılaşmamaq olmaz”.

Bunu Toplum.Tv-yə açıqlamasında politoloq Fikrət Sadıqov noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi durumu şərh edərkən deyib. 

 Fikrət Sadıqov: "Tramp xarizmatikdir..."

Onun sözlərinə görə, digər ölkələr kimi, Azərbaycanın da bu seçkilərdə öz maraqları var: "Bizim marağımız namizlədlərin şəxsiyyətindən yox, proqramlarından irəli gəlməlidir. Mənə məlumdur ki, xanım Klinton dövlət katibi olanda o qədər də Azərbaycanın xeyrinə fəaliyyətlə fərqlənməyib və bu qəbildə heç nə ilə yadda qalmayıb. Düzdür, onun Cənubi Qafqaza səfəri olub və bu çərçivədə Azərbaycana da gəlib, amma o, şablon ifadələrdən başqa heç nə ilə diqqət çəkməyib. Mən ilk növbədə Dağlıq Qarabağ problemi ilə bağlı bəyanatları nəzərdə tuturam”. 
Fikrət Sadıqov

Donald Trampın siyasi fəaliyyətinə gəlincə, politoloq bildirib ki, o, ABŞ siyasətində yeni fiqurdur və indiki halda fəaliyyətini qiymətləndirmək çətindir: "Tramp hər halda, yeni fiqurdur. Xarizmatikdir, yeni fikirlər səsləndirir, şablon ifadələrdən uzaq bir şəxsiyyətdir. Amma eyni zamanda onu prezident kimi qiymətləndirmək çox çətindir. Çünki namizədlik ərəfəsində verilən bəyənatlar və hakimiyyətə gəlib, bu məsiliyyətin altına girmək arasında böyük fərq var. Tramp isə yeni siyasətçidir, siyasi təcrübəsi elə də böyük deyil, emosional insandır. Buna görə də ona birmənalı qiymət vermək çətindir”.

Hikmət Hacızadə: "Klinton qətiyyətli və təcrübəlidir" 
Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Klintonun prezident seçilməsi Azərbaycana daha çox sərf edir: "Kimin şansının daha çox olmasını sorğular müəyyənləşdirə bilər. Xanım Klinton qətiyyətli və təcrübəli siyasətçidir. Onun indi beynəlxalq arenada əsas qayəsi Rusiyadır. Rus imperializmini yerində otuzdurmaq lazımdır. Suriyada, Ukraynada, Qarabağda, Abxaziyada Rusiya problemi ilə maraqlanan məhz Hillari olacaq. Odur ki, Azərbaycana Hillari Klinton daha çox sərf edəcək”.

Azər Rəşidoğlu: "Klinton Rusiyanı məğlub edəcək"

Siyasi şərhçi Azər Rəşidoğlu Toplum Tv-yə şərhində bildirib ki, ABŞ-da kimin prezident seçilib-seçilməməsi bu ölkənin xarici siyasətinə ciddi təsir etməyəcək: "Əvvəlcə onu deyim ki, ABŞ-da kimin prezident seçiləcəyinin Azərbaycan üçün o qədər də önəmi yoxdur, çünki prosesləri transmilli korporasiyalar idarə edir. Buna görə də kimin seçiləcəyi ABŞ-ın xarici siyasətinə o qədər də ciddi təsir göstərməyəcək. Digər tərəfdən kimin şansının daha yüksək olması məsələsinə gəldikdə, demək olar ki, budəfəki seçkilər keçən seçkilərdən fərqli olaraq rəy sorğularında kimin daha çox irəlidə olduğunu deməyə kifayət edir. Düşünürəm ki, Klinton prezident seçiləcək. Bu, Amerika siyasətinin doktrinasının bir hissəsidir. Bir qara dərili prezidentdən sonra qadın prezidentin seçilməsi, düşünürəm ki, strateji baxımdan hazırlanmış dərin bir siyasətdir və bu baxımdan Trampın zəif namizəd olması və bütün parametrlərdə Klintona uduzması əvvəlcədən düşünmüş siyasətdir”. 
Azər Rəşidoğlu

ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşəcəyini deyən politoloq bildirib ki, bu seçkilərdə Hillari Klintonun qalib gəlməsi qaçılmaz görünür: "Bu, Azərbaycanla münasibətlərə ciddi təsir göstərməsə də, ABŞ və Rusiya arasında qarşıdurmanı xeyli dərəcədə gərginləşəcək. Hillari Klinton Rusiyaya qarşı sərt mövqe tutub. Obama strategiyası Buşdan fərqli olaraq, yumşaq güc nümayiş etdirirdi. Rusiyaya qarşı sanksiyalar zamanı Obama Administrasiyası Rusiyanı iqtisadi baxımdan çökdürməyə yönəlmişdi. Yəni ciddi hərbi nümayişə qarşı idi. Güman edirəm ki, Klinton seçildikdən sonra bu siyasət daha da sərtləşəcək və artıq Rusiyanın xarici siyasətində məğlubiyyət qaçılmaz olacaq. Əgər Putin Suriyada və Yaxın Şərqdə məğlub olarsa, bu orada daxili narazılığa da səbəb olacaq. Tarixə baxsaq görərik ki, Rusiyada inqilablar xarici siyasətdə məğlubiyyət olduqda baş verib. Düşünürəm ki, Klinton Rusiyanı Suriya bataqlığında məğlub edəcək və bu, Rusiyanın daxilində ciddi sosial problemləri və qarşıdurmanı qaçılmaz edəcək”. 

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da nöbvəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə iki namizəd - Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından isə keçmiş dövlət katibi Hilları Klinton iştirak edəcək. 

Bəhruz Səmədov
Toplum.tv