Koalisiya Şurasının üzvü Ədliyyə Nazirliyini məhkəməyə verir

Koalisiya Şurasının üzvü Ədliyyə Nazirliyini məhkəməyə verir

12-01-2017 18:06 / Bu xəbər 1548 dəfə oxundu

"Deyirdilər MSŞA Koalisiyasının üzvlərinin problemləri həll olunub, heç bir problem qalmayıb. Bir daha məlum olur ki, problemlərin həlli yalnız selektiv xarakter daşıyır. Belə ki, ABŞ səfiriyi ilə 2014-cü ildə bağladığım qrant müqaviləsini qeydə alınması üçün yenidən 15.11.2016-da Ədliyyə Nazirliyinə müraciət etdim. Qanunla maksimum 1 aya baxıb cavab verməli olan nazirlik hələ də heç bir cavab vermir".

Arqument.Az xəbər verir ki, bunu Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyasının üzvü Akif Qurbanov feysbuk səhifəsində yazıb. 

Akif Qurbanov bildirib ki, nazirliyə etdiyi müraciətlər nəticəsiz qalır: "Deyirlər ki, səbrli olun. Bilmirəm mən daha nə qədər səbrli olmalıyam?! Əvvəllər qanunsuz da olsa, bir bəhanə ilə imtina cavabı verirdilər. İndi bu, deyəsən, yeni metoddur?! Artıq nazirliyin hərəkətsizliyinə görə məhkəməyə müraciət etmək qalır". 

Arqument.Az-ın əməkdaşı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəsmisi və işin icraçısı İlqar Ağayevlə əlaqə saxlamağa çalışsa da, iş saatında onu yerində tapa bilməyib. 

Nazirliyin mətbuat xidmətindən isə bildirilib ki, əgər məktuba cavab verilmirsə, bununla bağlı "Qaynar xətt"ə müraciət edilsin: "Müraciət qeydə alındıqdan sonra mütləq araşdırılacaq". 

Məsələ ilə bağlı nazirliyin (012) 539 76 75 nömrəli "Qaynar xətt"inə zəng etsək də, təəssüf ki, zənglərimizə cavab verilmədi. 

Arqument.Az