Kollegiyaya çağırılan vəkil: "Qisas alırlar"

Kollegiyaya çağırılan vəkil:

25-10-2016 15:45 / Bu xəbər 1230 dəfə oxundu

Baş Prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında vəkil Bəhruz Bayramov Vəkillər Kollegiyasına çağırılıb. 

R. Usubovun müraciətində qeyd olunur ki, Qubadlı rayon prokurorunun keçmiş köməkçisi, hazırda mühacirətdə olan Adil Məmmədov vəkil B.Bayramovun onun adından mediaya dezinformasiya ötürməkdə günahlandırır. 

B.Bayramov Toplumtv-yə açıqlamasında bildirib ki, Baş prokurorun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına müraciətində onun vəkillikdən uzaqlaşdırılması məsələsi qaldırılıb.

Vəkilin sözlərinə görə, Adil Məmmədovla heç bir tanışlığı olmayıb, Baş Prokrorluğun müraciəti isə qısasçılıq mahiyyəti daşıyır: ”Prokurorluq mənim Rüfət Səfərovun işində vicdanla və effektiv müdafiə etməyimi görüb, bu cür üsullarla prosesin qarşısın almağa çalışır”.

Vəkillər Kollegiyasından uzaqlaşdırılmış və hazırda işi Avropa Məhkəməsində olan vəkil Xalid Bağırov da kollegiyanın vəkillərə qarşı münasibəti ilə bağlı toplumtv-yə açıqlama verib. 

Onun sözlərinə görə, Azərbaycanda vəkillər tez-tez siyasi təzyiqlərə məruz qalırlar: "İndiki vaxtda yalnız siyasi işlərə gedən vəkillər təzyiqlərə və represiyalara məruz qalır. Vəkillər Kollegiyası isə çoxdan öz müstəqilliyini itirib və bu qurum siyasi hakimiyyətin davamıdır. Mənim işimlə əlaqədar Avropa Məhkəməsi yaxın günlərdə qərar çıxaracaq. Müzakirədə həmçinin Azərbaycanda siyasi işlərə gedən vəkillərə qarşı olan təyziqlərin də müzakirə olunacağı gözlənilir”.

"Azər Tağıyevin başçılığı ilə illərdir ki, Vəkillər Kollegiyasının məhv edilməsi prosesi gedir. Az-çox özünə sayğı duyan vəkil varsa, onu da vəkillikdən uzaqlaşdırılmağa çalışırlar”, - bunu isə vəkil Aslan İsmayılov toplumtv-yə açıqlamasında Vəkillər Kollegiyasının hazırki durumuna münasibət bildirərkən deyib. 

A. İsmayılov hesab edir ki, indiki vaxtda cəmiyyətin ağır problemlərindən biri məhkəmə sisteminin yanlışlığıdırsa, digəri də Kollegiya üzvü olan bir çox vəkillərin düzgün işləməməsidir. 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova isə toplumtv-yə açıqlamasında Bəhruz Bayramovu tanımadığını bildirib. 

O, vəkillərin kollegiyadan davamlı olaraq, uzaqlaşdırılmasına münasibətini isə belə şərh edib: "Aslan İsmayılov ilə bağlı iclasda qərar verilərkən ilkin olaraq əlehinə olmamışdım. Lakin sonradan fikrimi dəyişdim və indi də həmin mövqeyimdəyəm. Xalid Bağırov və bir neçə başqa vəkil haqqında çıxarılan qərarları isə düzgün saymıram və həmin iclaslarda iştirak etməmişəm”.

İradə Cavadova Vəkillər Kollegiyasının müstəqil qurum olmaması ilə bağlı iddialara cavab verərkən bildirib ki, o yalnız özünə cavabdehdir və kiminsə göstərişi ilə qərar vermir. 

Qeyd edək ki, Vəkil Bəhruz Bayramov oktyabrın 24-də Vəkillər Kollegiyasına çağrılıb. Buna Baş prokurorun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına müraciəti səbəb olub. Onun vəkillikdən uzaqlaşdırılması sırf Rüfət Səfərovun işi ilə yox, Qubadlı rayon prokurorunun keçmiş köməkçisi, hazırda mühacirətdə olan Adil Məmmədovun müraciəti ilə əsaslandırılır. 

Xatırladaq ki, son illərdə siyasi işlərə çıxan vəkillərdən bir neçəsi Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Onların arasında Əlayif Həsənov, Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və başqa bir neçə vəkilin adı var.

İqrar Qurban
Toplumtv.com