Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərin nəticələrini tanıdı

Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərin nəticələrini tanıdı

05-03-2020 13:57 / Bu xəbər 969 dəfə oxundu

Ekspert: "Seçkilər Konstitusiyaya uyğun keçirilib”

Konstitusiya Məhkəməsinin Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı iclası keçirilib.

Fərhad Abdullayevin sədrlik etdiyi iclasda ilk məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.

O bildirib ki, fevralın 25-də Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim təqdim etdiyi sənədlər yoxlanıb.

Məhkəmələrə daxil olan şikayətlər haqqında danışan hakim Rəfael Qvaladze prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 67 şikayətin təqdim edildiyini vurğulayıb. Amma o, şikayətlərin seçkinin nəticələrinə təsir göstərmədiyini bildirib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 2431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1637 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. 

Seçkiləri 59 beynəlxalq təşkilatdan 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi, 132 beynəlxalq KİV-dən olan 199 beynəlxalq KİV təmsilçisi, 77790 yerli müşahidəçi izləyib.

MSK sədri seçkidə 19 siyasi partiya namizədlərinin iştirak etdiyini qeyd edib: "Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 46,84 faiz olub”.

MSK sədri xatırladıb ki, daxil olan müraciətlərin araşdırılması nəticəsində 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli–Beyləqan seçki dairələri üzrə seçkilər etibarsız sayılıb.

Ümumilikdə isə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. O bildirib ki, komissiya, seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

Ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Nəsib Şükürov növbədənkənar seçkilərin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

Bundan sonra hakimlər müşavirəyə gediblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsi 9 fevral tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin önündə isə narazı namizədlər aksiya keçiriblər. Onların qarşısında polis sipər çəkib.

Konstitusiya Məhkəməsinin qarşısında aksiya
Mənbə: Meydan TV