Koronavirusa qurban gedən Zakir həkimin hekayəti

Koronavirusa qurban gedən Zakir həkimin hekayəti

20-04-2020 12:55 / Bu xəbər 1821 dəfə oxundu

 
"Oğlu ona demişdi ki, işdən çıxsın, dincəlsin, övladları ona baxacaq. O isə cavab vermişdi ki, siz mənə baxın, mən də xəstələrimə...”
 
Köməyinə ehtiyacı olan xəstəni xilas edərkən özü də koronavirusa yoluxub, həyatını itirən 68 yaşlı həkim Zakir Xəlilov iki yerdə işləyirmiş – Qobustanda və paytaxtın Yasamal rayonundakı təcili yardım stansiyalarında. Oğullarının hər ikisi istəyirmiş ki, Zakir həkim dincəlsin, illərdir ağır rejimdə işləyir. Ancaq özü razılaşmayıb.

"Oğullarından biri xaricdə çalışır. Yollar bağlı olduğuna görə atasının dəfnində iştirak edib, məzarına torpaq ata bilmədi. Həmin oğlu yanvarda Bakıda olanda ona bir daha təklif eləmişdi ki, işdən çıxsın, dincəlsin, övladları ona baxacaq. O isə cavab vermişdi ki, siz mənə baxın, mən də xəstələrimə”, – deyə həkimin yaxınlarından biri "Press Klub”a danışır.

Düşünürlər ki, o, koronavirusa martın ortalarında Yasamal rayonunda Təcili Tibbi Yardıma müraciət edən bir xəstədən yoluxub. Deyilənə görə, həmin çağırışa başqa həkim getməliymiş, amma imtina edib: "O xəstə analiz verməmişdi, virus daşıyıcısı olduğu bilinmirdi. Amma qızdırması 40-a yaxın olub. Güman olunur ki, ondan yoluxub. Bir həftə sonra simptomlar özünü göstərməyə başladı – öskürək, qızdırma. Möhkəm adam idi, koronavirusa yoluxmaq ehtimalını özünə yaxın buraxmırdı”.



Elə ona görə də səhhətində problemlər yaranandan sonra ilk günlərdə həkimə müraciət etməyib. Ehtiyatlanırmış ki, karantinə götürüləcək, ailəsindən uzaq olacaq. Vəziyyəti getdikcə daha da pisləşdiyinə görə ailə üzvləri xəstəxanaya üz tutub. Martın 31-də gəlib evdə ondan analiz götürüblər. Maraqlıdır ki, üç gün sonra analizin cavabı neqativ çıxıb: "Amma bilirik ki, hərdən analizin nəticəsi yanlış da ola bilər. Ailəsi onu Ağciyər Xəstəlikləri İnstitutuna apardı. Artıq nəfəs almaqda da çətinlik çəkirdi. Ancaq oksigen maskasıyla nəfəs alırdı. Üç gün orada qalandan sonra onu Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Aparata qoşmuşdular. Ağçiyəri demək olar, işləmirdi. Tədricən beyin də funksiyasını itirməyə doğru gedirdi. Ayın 18-də vəfat xəbəri gəldi…”

Yaxınları vurğulayır ki, bundan öncə onun səhhətində heç bir problem olmayıb. Özü də içkidən, siqaretdən uzaq adam imiş. Əslən Gədəbəyin Dəyəqarabulaq kəndindən olan Z.Xəlilovgil beş qardaş olub, onların dördü həkimdir. Özü də vaxtilə Dövlət Dillər Universitetində, 2 nömrəli tibb məktəbində dərs deyib: "Düzü, məlum vəziyyətə görə yasa çox adamın gəlməsini istəmirdik. Amma yenə də 30 il əvvəl dərs dediyi şəxslər, dost-tanışları SMS-lə icazə alıb gəlmişdilər. Sulutəpə qəbristanlığında dəfn edildi. Övladlarından birinin atasına son borcunu yerinə yetirib dəfndə iştirak edə bilməməsi çox ağır oldu. Amma cəmiyyətin, insanların ona verdiyi qiymət, qoyduğu hörmət ailəsinə güc verdi”.

Zakir həkim insanların səhhətinin qayğısına qalmaqla yanaşı, Azərbaycan cəmiyyətinin sağlamlığı üçün də az əmək sərf etməyib. 30 ildən artıq bu ölkənin azadlığı, demokratiya uğrunda mübarizə aparıb. Bu mübarizədə onunla çiyin-çiyinə olmuş əqidə yoldaşlarını da oğlu kimi, onu son mənzilə yola sala bilməmələri ağrıdır.

Veteran müsavatçı olan Z.Xəlilov 2015-ci ildən həm də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü idi. Hərəkatın sədr müavini Ellada Məmmədli "Press Klub”a bildirdi ki, xüsusi karantin rejimi ilə əlaqədar dəfn mərasiminə qatıla bilməyiblər. Z.Xəlilovu hələ 80-ci illərin sonunda milli azadlıq hərəkatı dövründən tanıdığını deyən E.Məmmədlinin sözlərinə görə, 2015-ci ildə ADR Hərəkatına gəlişindən sonra daha sıx görüşüblər: "Zakir bəy həkimlikdən əlavə, ziyalı idi. Geniş dünyagörüşü vardı, mübariz, qorxmaz, sözübütöv, vicdanlı və ədalətli idi. Sonuncu dəfə martda, karantin rejimindən öncə görüşmüşdük. Hərəkatın Nəsimi təşkilatının iclasları həmişə Zakir bəyin iştirakıyla keçirilirdi. Daha doğrusu, iclaslar onun iş növbəsinə uyğun təyin edilirdi”.



Hərəkatın sədri Qubad İbadoğlu da Z.Xəlilov haqqında danışarkən qeyd etdi ki, o, hərtərəfli sağlam Azərbaycan üçün çalışırdı. Onun fikrincə, Zakir həkimin ölümü bugünkü ağır durumda tibb işçilərinin fədakarlığının nümunəsini ortaya qoydu: "Pandemiyaya qarşı mübarizədə Zakir həkim də ön sırada idi. Özü yoluxandan sonra gözəgörünməz düşmənlə 20 gün savaşdı. Onun ölümü göstərdi ki, ən əsas risk qruplarından biri tibb işçiləridir. Bu üzdən onlara maddi-mənəvi dəstək hökumətin diqqətində olmalıdır. Dövlət onların qayğılarını, işini düzgün dəyərləndirməlidir. Yetərincə qoruyucu vasitələrlə təmin olunmalıdırlar. Cəmiyyət də həmrəylik nümayiş etdirməli, mənəvi dəstək olmalıdır”.

Sosial şəbəkələrdə də belə təkliflər var ki, koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibb heyətinə xüsusi güzəştlər tətbiq olunsun; virusla mübarizədə həyatını itirən həkimlərin ailələrinə ayrıca status verilsin.

"Əminik ki, dövlət onun fədakarlığını nəzərə alacaq” – Zakir həkimin ailə üzvü belə deyir.

"Press Klub"