''Kür daşdı, çəkildi, qrunt suları problemi hələ də qalır''

''Kür daşdı, çəkildi, qrunt suları problemi hələ də qalır''

05-06-2018 15:14 / Bu xəbər 789 dəfə oxundu

Kənd sakinləri: "Torpaqlarımızda şoranlaşma baş alıb gedir”

"Əkdiyimiz məhsul inkişaf etmir. Götürək elə pambığı, boyu ən azı 1 metr olmalıdır, ancaq 35-40 santimetrə də çatmır. Drenaj kollektorlarda problem var. Buna görə əkin sahələrimiz suyun altında qalıb. Torpaqlarda şoranlaşma da baş alıb gedir”.

Saatlının Qıraqlı kəndinin sakini Alim Hüseynov belə deyir. O, indiyədək bir dəfə də olsun əkin sahələrində təmizlənmə, torpaq yuyulması işlərinin aparılmadığını, buna görə də normal məhsul əldə edə bilmədiklərini söyləyir:

"Əkin sahələrimizdə şoranlaşma gedir. Baxan, maraqlanan yoxdur. Torpaqlarımız qrunt suları ilə dolub-daşır. Dəfələrlə müraciət edirik, gəlib səthi bir-iki iş görürlər. Bir ay sonra yenə eyni problem təkrarlanır. Məhsuldarlıq aşağı olanda isə günahını kəndlidə görürlər. Deyirlər, əkib-becərə bilmirsiniz. İndi də yeni qanun çıxarıblar, belə torpaqları geri alırlar. Daha soruşmurlar ki, məhsuldarlıq niyə aşağıdır, səbəbi nədir? Azərbaycan müstəqil olandan bu yana bir dəfə də torpaqlara baxılmayıb”.

Saatlı, Qıraqlı kəndi

Bir köpüklük məhsul əldə edə bilmədim

Kənd sakinlərindən Nəsrəddin Kərəmov deyir ki, sahələrin su ilə dolmasına səbəb kollektorların çalışmamasıdır. Buna görə əkdikləri məhsul qalır suyun altında:

"Baxın, taxıl əkmişəm. Ötən il də əkmişdim. Böyüdülər, ancaq bir köpüklük məhsul əldə edə bilmədim. Məhsul olmur, olursa da, xərci borcunu ödəmir”. 
N.Kərəmov deyir ki, bilmir məhsula su verib yandırsın, yoxsa verməsin, qurusun:

"Hər ikisi dərddir. Suvartdırırıq ki, məhsul bol olsun. Ancaq həmin suvarılan yerlərdən su çəkilmir ki, çəkilmir. Gölməçələr şəklində topa-topa yığılıb qalır. Bizim günahımız nədir? Müraciət etsək, başqa yerdən də torpaq verə bilməyəcəklər, çünki yoxdur. Guya versələr nə olacaq? Problem hər yerdə var”.

Alim Hüseynov

Bir tərəfdən qrunt suları, digər tərəfdən də şoranlaşma...

Alim Hüseynov bu torpağın ona islahat vaxtı verildiyini deyir. Təəssüf edir ki, məhsuldarlığı çox aşağıdır, zəhməti əlində qalır:

"Məhsuldar ola bilər e, biz əkib-becəririk. Bir tərəfdən qrunt suları, digər tərəfdən də şoranlaşma imkan vermir. Bu problemlərin həllini isə sadə kəndlilər bacarmaz. Dövlət bir əncam çəkməlidir”.

A.Hüseynov problemlərini sadalayır. Deyir, öncə dövlət vəsait ayırmalı, drenaj kollektorları lildən təmizlətməli, bərpa etməlidir. Daha sonra isə şoranlaşmaya qarşı bir tədbir görməlidir:

"Bəlkə bundan sonra biz də əkdiyimizi götürə bilərik. Zəhmətimizin bəhrəsini görər, ailəmizi normal dolandıra bilərik. Necə deyərlər, yalandan yox, həqiqətən əkib-becərib, məhsul götürərik”.

Su çəkilmir, torpaq qurumur, əkdiyimiz məhsul çürüyür

"İldə bir dəfə subsidiya verirlər. O da mineral gübrələrin alınması üçün. Bundan başqa, dəstək görmürük. Bununla işlərini bitmiş hesab edirlər, ancaq elə deyil axı. Onsuz da torpağın daha münbit və suya yaxın olan hissələrini məmurlar özlərinə götürüb. Barı bizə qalan şoran, əkinə yararsız olan hissəyə də bir çarə tapsınlar”, - Nəsrəddin Kərəmov belə deyir.

Əlavə edir ki, Kür daşqınlarından sonra vəziyyətləri ağırlaşıb. Son 2-3 ildə isə daha da pisləşib. Əkin sahələri az qala bataqlığa çevrilib:

"Su çəkilmir, torpaq qurumur, əkdiyimiz məhsul çürüyür, üzə çıxmır. Kənd Təsərrüfatı Nazirliyinə, Baş nazirə dəfələrlə müraciət etmişəm. Onlardan aldığım cavab məni qane etmir. Yerli qurumlar müraciətlərdən sonra gəlib bir-iki iş görürlər. Ancaq onların problemi kökündən həll edəcək qədər vəsaitləri yoxdur. Gəlirlər, bir-iki yeri qazırlar, su çəkilir. Bir ay sonra yenə eyni vəziyyət yaranır. Bu, yerli qurumların görə biləcəyi iş deyil. Gərək dövlət səviyyəsində nəsə edilə”.

Saatlı, Qıraqlı kəndi

Əkinləri kanal suyu ilə suvarırıq

Alim Hüseynov suvarılma sahəsində də problemlərin olduğunu söyləyir. Deyir, əkinləri kanal suyu ilə suvarırlar. Həmin su yaxşı olmadığından məhsulları yandırır, məhv edir:

"Xiyar-pomidor əkmişdik. Su hamısını kökündən yandırdı. Deməli, yararsız sudur də. Nə maldarlığa, nə də suvarmaya yararlıdır. Ancaq həm əkinə, mala, verir, həm də özümüz içirik. Dövlət vəsait ayırmışdı ki, Kürdən bu kəndlərə içməli su çəkilsin. Ona da əməl etmədilər”.

N.Kərəmov əkinə çəkdiyi xərci güclə götürdüyünü deyir. Ancaq bu, onu qane etmir. Əziyyətlə əkdiyi məhsuldan qazanc götürmək istəyir:

"Bu baxımdan da dövlət bizə kömək etmir. Verdikləri 90 manatlıq dotasiya bizə sərf etmir. Ondansa torpaqları təmizləsinlər, əkinə yararlı hala salsınlar. Su çəksinlər, kollektorları təmizləsinlər”.

Qanunlar, fərmanlar və reallıq...

1999-cu il dekabrın 30-da Torpağın Münbitliyi Haqqında 788-İ-Q saylı qanun qəbul edilib. Qanunda deyilir ki, torpaqların münbitliyinin artması və mühafizəsi sahəsində aqrotexniki, arqokimyəvi, melorativ, fitosanitar, erroziyaya qarşı mübarizə və digər kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.

20 aprel 2005-ci ildə isə prezident Kənd Təsərrüfatı Nazirliyinin əsasnaməsini təsdiq edən 226 saylı fərman imzalayıb. Əsasnaməyə görə, Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifəsi aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl sektorun inkişafını sürətləndirmək üçün tədbir görmək, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək, yararlı torpaqları aqrokimyəvi tədqiqatlarını aparmaq, su təchizatının yaxşılaşdırılmasını həyata keçirmək, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak etməkdir.

Kəndlilər deyir ki, bütün bunlara baxmayaraq, bugünədək heç bir iş görülməyib. Hal-hazırda əkilməyən, şoranlaşmış, əkinə yararsız olan torpaq sahələrinin əkinə yararlı hala gətirilməsi üçün, ilk növbədə, həmin sahələrdə ciddi meliorasiya işləri aparılmalıdır.

Bizim torpaqlardan nə pambıq, nə arpa, nə də buğda çıxar

Maliyyə naziri Samir Şərifov açıqlamalarının birində deyib ki, 2015-ci ildə meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi diqqətdə saxlanılıb:

"Bu məqsədə dövlət büdcəsinin cari xərclərindən 275 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 116 milyon manat, xaricdən və daxildən cəlb edilmiş kreditlər üzrə isə 100 milyon manat, cəmi 491 milyon manat vəsait sərf olunub”.

Kənd sakini Nəsrəddin Kərəmov isə deyir ki, bu vəsaitin hara xərcləndiyi məlum deyil: "Drenaj kollektorların lillənməsi nəticəsində torpaq sahələrimiz şoranlaşıb, əkinə yararsız hala düşüb. Bu kollektorlar təmizlənməyənədək bizim torpaqlardan nə pambıq, nə arpa, nə də buğda çıxar”.

Ümid edirik, problem tezliklə həllini tapacaq

Meydan TV kəndlilərin problemləri ilə bağlı Saatlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, həmin kəndin bir neçə sakini daimi şikayətçidir:

"Dəfələrlə əkin sahələrinə yol çəkilməsi ilə bağlı müraciət ediblər. İmkanlar daxilində baxılıb. Qrunt suları ilə bağlı da müraciətləri olmuşdu. Aidiyyatı quruma yönləndirildi, problem həll edildi. Dəfələrlə Bakıya da yazıblar. Biz əlimizdən gələni edirik”.

Bu işlərlər məşğul olan qurum, Mil-Muğan Meşə Meliorasiya İdarəsinin rəisi Xanhüseyn Əhmədov isə bildirdi ki, bəli, Kür daşqınlarından sonra bəzi kəndlərdə qrunt suları ilə bağlı problemlər yaranıb. Buna görə torpaqlar münbitliyini, məhsuldarlığını itirib:

"Biz əkin sahələrinə toplanan qrunt sularını kollektorla axıdırıq. Bunun üçün nasos lazımdır. Bizdə var, ancaq azdır. Bakıya, aidiyyatı qurumlara müraciət etmişik. Ümid edirik, problem tezliklə həllini tapacaq”.