Ölü layihələr

Ölü layihələr

22-04-2017 00:19 / Bu xəbər 2234 dəfə oxundu

Yadigar Sadıqov

Aprelin 18-də gündəmdə ən çox yer tutan, müzakirələrə səbəb olan mövzu Azərbaycanın mobil telefon istehsalına başlayacağı haqqında xəbər oldu. Müzakirələr əsasən neqativ ruhda aparılırdı, bir çox halda isə xəbər lağlağı obyektinə çevrildi.

Azərbaycan reallığına bələd olmayan əcnəbi bu müzakirələri izləsə idi, yəqin ki, çox təəccüblənərdi. Axı ölkədə yeni istehsal sahəsinin, özü də İT texnologiyalı bir sahənin açılması xəbəri məntiqlə çox pozitiv qarşılanmalı idi. Amma əcnəbidən fərqli olaraq, Anadolu türkləri demişkən, biz bizi biliriz. Yəni iqtidarımızı.

İlk dəfə deyil ki, öz çapımızda "çılğın proje” deyə biləcəyimiz belə təşəbbüslə qarşılaşırıq. Hər dəfə də şahid olmuşuq ki, əvvəla, "istehsal” ifadəsi çox şişirdilmiş olub, əslində hazır detallardan son məhsulun yığım sexi açılıb. İkincisi də normal satış bazarı tapılmadığından sözügedən sahələr bir müddət sonra qapadılıb. Gəlin, bəzi nümunələri xatırlayaq.

2004-cü ildə Azərbaycanda ilk "Regionların sosial iqtisadi inkişafı haqqında Dövlət proqramı” qəbul edildi. Bundan sonra rayonlarda yeni istehsal sahələrinin açılmasına maliyyə ayrıldı. Bunlardan biri Şamaxıda fəaliyyət göstərən "Star” televizor istehsalı zavodu idi.

Rəsmi məlumata görə, zavoda 7 milyon ABŞ dolları həcmində investiya qoyulub. Tam istehsal gücü ildə 1 milyon 200 min ədəd olan zavodda 250 nəfərdən artıq işçi çalışmalı idi. Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə cəmi 788 televizor istehsal olunub. Yəni istehsal gücünün 0,066% həcmində.

Şamaxıda daha bir diqqətçəkən layihə Avtomobil istehsalı zavodu idi. 10 milyon ABŞ dolları həcmində investisiya qoyulan zavodda 1000-ə qədər işçi çalışmalı və ildə 2880 "Azsamand” markalı avtomobil istehsal edilməli idi. Lakin burada son dəfə 2012-ci ildə 25 ədəd avtomobil istehsal olunub. Yəni planlaşdırılan istehsal gücünün 0,87%-i həcmində. Sonrakı illərdə isə istehsal dayandırılıb.

Avtomobil istehsal edən daha bir zavod da Naxçıvan Avtomobil Zavodudur (NAZ). 2009-cu ildə Pekində keçirilən biznes-forum çərçivəsində NAZ və Çinin Lifan şirkəti arasında imzalanan əməkdaşlıq sazişinə görə burada "NAZ-Lifan” avtomobilləri istehsal olunacaqdı.

Simvolikdir ki, telefon istehsalı haqqındakı xəbərlə eyni gündə NAZ-ın istehsalı dayandırması haqqında informasiya mətbuatda əks olundu. Dövlət Statistika Komitəsinin məlumatından aydın olurdu ki, cari ilin yanvar-mart aylarında ölkədə minik avtomobili istehsal olunmayıb.

Doğrudur, bir neçə saat sonra NAZ-ın direktoru yayılan informasiyanı təkzib etdi. Onun sözlərinə görə, istehsal müvəqqəti dayandırılıb, buna səbəb də Çindəki Lifan zavodunda aparılan təmir işləri ilə əlaqədar ehtiyat hissələrin alınmasında yaranan çətinlik olub. Lakin bu arqument o qədər də inandırıcı görünmədi. Ola bilsin ki, istehsal, doğrudan da, müvəqqəti dayandırılıb. Səbəb isə ehtiyat hissələri deyil, satışın olmamasıdır.

Onu da qeyd etmək lazımdır ki, planlaşdırılan mobil telefon istehsalı Azərbaycanda İT texnologiyaların istehsalı ilə bağlı ilk addım olmayacaq. Hələ 2005-ci ildə Mingəçevirdə "Kür” Elektron Avadanlıqları İstehsalı” MMC fəaliyyətə başlamışdı. Kompüter avadanlıqları istehsal edən müəssisədə 110 işçinin çalışdığı və tam gücünün ildə 7 milyon manatlıq məhsul olduğu bildirilirdi. Bu gün heç kompüter siçanı da istehsal etmir.

Yüngül sənaye sahəsinə aid olan müəssisələrin analoji taleyi barədə də xeyli nümunələr gətirmək olar. Məsələn, 2005-ci ildə Lənkəranda tikiş fabriki açıldı və burada 200 nəfərin çalışacağı söylənildi (hərçənd, məlumatlı adamlar orada işləyənlərin 50-nəfərdən çox olmadığını iddia edirdilər). Fabrik cəmi bir mövsüm işlədi.

Belə nümunələr arasında rekord isə İsmayıllı velosiped zavoduna məxsus oldu. Öncə 50, bir il sonra isə 100 nəfərin işləyəcəyi bildirilən müəssisəyə 7 milyon manat məbləğində sərmayə yatırılmışdı. Zavodda ildə 30 minə qədər velosiped və əlil arabasının buraxılacağı söylənilirdi. Lakin satışa bircə nümunə çıxarmadan belə fəaliyyəti dayandırıldı.

Bu layihələrin uğursuzluğunu nə ilə izah etmək olar? Əsas səbəb odur ki, müəssisələr normal rəqabət mühiti üçün planlaşdırılmamışdılar. Onları az-çox ayaqda tutan isə məhsulların böyük əksəriyyətinin dövlət tərəfindən alınması idi.

Məsələn, dövlət idarələrinin, eləcə də təhsil müəssisələrinin kompüterləşdirilməsi zamanı dövlət "Kür” kompüterlərinə üstünlük verirdi. Sıravi vətəndaşlar isə dünyaca məşhur firmaların məhsulunu qoyub, yerli kompüterlər almırdılar. Dövlət müəssisələrinin ehtiyacı ödənildikdən sonra isə istehsal tənəzzül etdi.

Başqa bir nümunəni "NAZ-Lifanla” bağlı gətirmək mümkündür. Zavodun ən çox məhsul istehsal etdiyi il 2014-cü ilə təsadüf edir – 1800 ədəd. Bu da həmin il dövlətin Qarabağ əlillərini avtomobillə təmin etmək siyasəti ilə bağlı idi. Artıq növbəti ildə istehsal 2 dəfə aşağı düşdü. 2016-cı ilin əvvəllərində dövlət başçısının məmurları "NAZ-Lifan”dan istifadəyə çağırması belə vəziyyəti dəyişmədi.

Lənkərandakı tikiş fabriki isə yalnız məktəb forması tikib məcburi qaydada şagirdlərə satması ilə yadda qaldı. Lakin görünür hətta belə məcburi satış da rentabelli olmadı. Nəticədə müəssisə 1 illik fəaliyyətdən sonra dayandı.

Bu reallığın nəticəsi idi ki, sözügedən müəssisələr heç zaman tam istehsal gücü ilə işləmədilər. Şamaxıda nə 1 milyon 200 min televizor, nə də 2880 avtomobil istehsal olunmadı. Əlil arabası istisna olmaqla dövlət sifarişinin təsəvvür olunmadığı İsmayıllı velosiped zavodunun 30 min ədəd məhsulu haraya sata biləcəyi tam qaranlıq qalırdı.

Digər mühüm səbəb isə yuxarıda toxunduğumuz amil, yəni bu müəssisələrin əslində istehsal deyil, yığımla məşğul olmasıdır. Manatın iki devalvasiyasından sonra xaricdən alınan hissələr çox baha başa gəldi və bu da son məhsulun qiymətinə öldürücü təsir etdi.

Əslində belə nəticələr gözlənilməz deyildi. Rəqabətə davam gətirməyən məhsulların istehsalı yalnız keçmiş SSRİ tipli ölkə üçün keçərli idi. Yaşlı nəsil sosialist düşərgəsinin Qarşılıqlı İqtisadi Yardım Şurası adlı təşkilatını yaxşı xatırlayır. Daha keyfiyyətli Qərbi Avropa, Amerika, Yaponiya məhsullarının bu ölkələrə buraxılmaması (və ya cüzi sayda buraxılması) nəticəsində yerli istehsal inkişaf edirdi. Seçim imkanı olmayan vətəndaşlar bolqar siqareti çəkir, sovet maşını sürür, Riqa maqnitofonlarını və Bakı kondinsionerlərini alırdılar.

Lakin müasir Azərbaycanda buna nail olmaq mümkün deyil. İstehlakçılar yerli məhsullardansa daha tanınmış brendlərə üstünlük verəcəklər. Hətta sonuncular bir qədər baha başa gəlsə belə. Hərçənd, yerli məhsulların ucuz olmaması da başqa bir mövzudur.

Bütün bu səbəblərdən haqqında danışdığımız istehsal müəssisələrinin gözə kül üfürmək və lovğalıq üçün açıldığı lap öncədən şübhəsiz idi. Nəticə də dövlət rəsmilərinin deyil, müstəqil iqtisadçıların və hətta iqtisadçı olmayan vətəndaşların proqnozlaşdırdığı kimi oldu. Milyonlarla ölçülən sərmayələr nəinki dövlət büdcəsinə gəlir gətirmədi, hətta xərcini də çıxarmadı. Bunlar anadan ölü doğulan layihələr idi.

Mobil telefon istehsalını eyni aqibət gözləyəcəyini söyləmək üçün də ekstrasenslik keyfiyyəti lazım deyil.

Meydan Tv