Lənkəranda gənc fəallar hədələnir

Lənkəranda gənc fəallar hədələnir

07-01-2020 17:26 / Bu xəbər 1553 dəfə oxundu

Aytac Ağazadə: "Mənə dedi ki, sənə görə, ən çox bu kişi (atam) zərər görəcək”

Lənkəranda müstəqil namizədlərə dəstək verən, onların imzatoplama kampaniyalarında iştirak edən və seçkilərdə müşahidəçi qismində çalışan gənc fəallara, onların ailələrinə təzyiq olunduğu deyilir. Valideynlərinə zəng edilir, "oğlunuzu, qızınızı filan namizədin yanında görüblər, onlara deyin, uzaqlaşsınlar, yoxsa bunun sonu yaxşı qurtarmayacaq. Həbs edilə bilərlər”, - kimi təhdidlər edilir.

Bu barədə Meydan TV-yə fəallar - Aytac Ağazadə və Nəriman Abdulla məlumat verib.

Onlar 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizəd Baba Məmmədlinin imzatoplama kampaniyasında iştirak etdiklərini və buna görə təzyiqlə üzləşdiklərini deyiblər.

Aytac Ağazadə bildirib ki, dünən axşam uzaq qohumu, Şilavar kənd orta məktəbinin direktoru Elnur Əsədovu evlərinə göndəriblər: "Uzaq qohumum, Şilavar kənd orta məktəbinin direktoru Elnur Əsədov dünən gecə 23:10-da evimizə gəlib, seçki prosesindən uzaq durmağımı və müxalif mövqedən çəkilməyimi tövsiyə etdi. Dediyinə görə, dövlət təhlükəsizlik orqanları onu göndəriblər. Dedi ki, mənə görə gecə durub Bakıdan gəlib. Bildirdi ki, siyahı hazırlanıb və hamınızı saxlayacaqlar”.

Fəalın sözlərinə görə, direktor valideynləri ilə də danışıb, onları təhdid edib:

"Sonra ailə üzvlərimlə danışdı. Mənə dedi ki, sənə görə, ən çox bu kişi (atam) zərər görəcək. Dedim ki, təhdid edirsiniz, dedi, sadəcə, onlarları deyirəm, xəbərdarlıq edirəm. Anama deyir ki, "Axırıncı aşırım” filmini yadına sal. Xeyli "məsləhət” verdikdən sonra getdi”.

Aytac Ağazadə deyir ki, bu gün səhər saatlarında direktor yenidən atasını görüşə çağırıb:

"Bu gün səhər atamı yenidən görüşə çağırıb. Dünənki söhbətləri daha ciddi təkrarlayıb. Deyib ki, Taleh Qaraşovla (Lənkəran icra başçısı) və DTX Lənkəran üzrə nümayəndəsi uşaqlar haqqında sənədlər hazırlayıb. Daha sonra atama "gedək polisə və Baba Məmmədli haqqında şikayət ərizəsi yaz”, - deyib. Təbii ki, atam imtina edib”.

Fəal Nəriman Abdulla da analoji halla üzləşdiyini və deputat Hadi Rəcəblinin qohumlarının təzyiqi ilə üzləşdiyini deyir:

"Bu gün saat 13:03-də Hadı Rəcəblinin Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində administrator işləyən qohumu Şadil Rəcəbov atama zəng edərək mənim seçki proseslərindən uzaq durmağımı tələb edib. Özünə isə icra hakimiyyətindən məlumat və xəbərdarlıq edildiyini deyib. Səbəb kimi Lənkəran şəhər 73 saylı Seçki Dairəsindən namizəd Baba Məmmədli ilə birgə həbs olunacağımı göstərib”.

Nəriman Abdulla bildirib ki, bunun üstündən 5 dəqiqə keçəndən sonra Lənkəran rayon Veravul kənd icra nümayəndəsinin işçisi Altay adlı bir şəxs yenə atasına zəng edib:

"Deyib ki, polis mənimlə bağlı axtarışa başlayıb. Xahiş edib ki, proseslərdən çəkilim”.

Şilavar kənd orta məktəbinin direktoru Elnur Əsədov isə Meydan TV-yə açıqlamasında məlumatı təkzib edib. O, heç kəslə görüşmədiyini və heç kəsi təhdid etmədiyini bildirib.

Şadil Rəcəbov isə Meydan TV-yə Nəriman Abdullanı tanımadığını söyləyib. Ona və ailəsinə zəng etmədiyini deyib:

"Sizə yanlış məlumat verilib. Baba Məmmədlini də tanımıram, kim olduğunu bilmirəm. Tamamilə səhv məlumatdır. Mənim adım o qədər orda-burda hallanır ki... Gedin, dəqiqləşdirin. Mən heç kimə zəng edib, təhdid etməmişəm. Başqa yerdəyəm, məni narahat etməyin”.

Nəriman Abdullanın ailəsinə zəng edən və özünü bələdiyyə üzvü kimi qələmə verən Altay adlı şəxs isə Meydan TV-yə açıqlamasında Nəriman Abdullanın atasına zəng etdiyini inkar etməyib:

"Mən Nəriman Abdullanın özü ilə yox, atası ilə danışmışam. Soruşmuşam ki, hazırda universitetdə oxuyur, ya yox?”

"Bunu niyə soruşursuz” sualına isə "mənə aidiyyatı var ki, soruşuram. Sizə nə aidiyyatı var bu məsələni araşdırırsız?", - cavabını verib.

Lənkəran Şəhər İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

1993-cü il doğumlu Baba Məmmədli 73 saylı Lənkəran Seçki Dairəsindən deputatlığa namizədliyini verib. O, bir zamanlar Respublikaçı Alternativ Partiyasının cənub regionu üzrə sədri olub. Hazırda D18 Hərəkatının üzvüdür.