Lənkərandan şikayət var: "Marmelad sexində antisanitariya hökm sürür"

Lənkərandan şikayət var:

31-03-2020 03:40 / Bu xəbər 1795 dəfə oxundu

Lənkərandan bir qrup sakin şəhərdə 2-ci mikrorayon dairəsində, sürücülük məktəbinin yanında yerləşən marmelad sexdəki antisanitariya hallarından şikayət edirlər.

Sakinlər Arqment.Az-a bildiriblər ki, köhnə kondensator zavodunun binasında yerləşən sexdə şəraitsizlik hökm sürür.

"İşçiləri əsasən kasıb, çoxuşaqlı, müxtəlif yaş qrupuna aid qadınlardır. "İstehsal prosesi" kiçik dördkünc plasmas stolun arxasında dörd-beş nəfərin marmelad bükməsindən ibarətdir. Bu qapalı məkanda heç bir sanitar-gigiyenik prosedura, koronavirusdan qorunma tədbirlərinə riayət olunmur", - şikayətçilər bildiriblər

Onlar sexdəki iş saatlarından da narazılıq edirlər: "İş günü 10-12 saatdır. Əməkhaqqı isə aya 150-180 manatdır. Amma artıq sexdə fəaliyyət özü də təhlükəyə çevrilib. İstənilən halda xəstəliyə yoluxma halları baş verə bilər".

Şikayət məktubunda deyilir ki, problemlə bağlı rayon rəhbərliyinə də müraciət edilib, lakin heç bir tədbir görülməyib. Onlar qeyd edirlər ki, ölkədə koronavirusa yoxulma hallarının sürətlə artdığı bir vaxtda sexdə antisanitariya şəraitində iş fəaliyyəti davam edir. 

Sexin sahibinin İlham adlı şəxs olduğu bildirilir. 

Arqument.Az məsələ ilə bağlı İlham adlı şəxsdən və Lənkəran Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.