Lerikin 1500 sakinindən prezidentə müraciət, deputata etiraz...

Lerikin 1500 sakinindən  prezidentə müraciət, deputata etiraz...

04-08-2017 21:57 / Bu xəbər 421 dəfə oxundu

"Deputat İqbal Məmmədov 1500-dən çox sakini olan Orand kəndinə "Kərbəla müsibəti” yaşadır".

Bu barədə Aztoday.az saytına Lerik rayonu Orand kənd sakinləri məlumat veriblər. 

Onların sözlərinə görə, deputat İqbal Məmmədov Lerik rayonunun İranla həmsərhəd kəndlərindən biri olan Orandı susuz qoyub. Sakinlərin şikayətlərinə isə məhəl qoyulmur. 

Sakinlər bildiriblər ki,  1500-dən çox sakinin yaşadığı ucqar dağ kəndinin ciddi infrastruktur və kommunal problemləri var: "XXI əsr olmasına baxmayaraq, Orandda normal məktəb belə yoxdur. Habelə rayon mərkəzindən kəndə gedən yol bərbad olduğu üçün sakinlər hətta yay aylarında belə UAZ və NİVA markalı avtomobillərdən istifadə etmək məcburiyyətində qalırlar. Lerikin Zuvand bölgəsinin kəndləri təbii qazla təhciz olunsa da, Oranda hələ də qaz çəkilməyib. Halbuki Orand kəndinin meşə sahəsi belə yoxdur. Sakinlər məcburiyyət qarşısında qalıb çox baha qiymətə qış üçün odun tədarük edirlər. Həmçinin, kəndə elektrik enerjisi də fasilələrlə verilir".
İqbal Məmmədov

Əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan kənd sakinləri hazırda çox böyük bir problemlə qarşılaşdıqlarını deyiblər: "Bir aydır ki, Orand sakinlərinin Kömurgöydən çəkdirdikləri su xətti kəsilib. Sakinlər suyun gəlməməsini əvvəlcə isti hava ilə əlaqələndiriblər. Sonradan isə məlum olub ki, Lerikin deputatı İqbal Məmmədov həmin mənbədən Zuvand bölgəsində əkdirdiyi 200 hektardan çox kartof sahəsini suvarmaq üçün plastik boru xətti çəkdirəndən sonra Orand susuz qalıb".

Orand sakini Şərif Müstafayevin verdiyi məlumata görə, sakinlər İqbal Məmmədovun özbaşınalığına qarşı tədbir görülməsi üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyiblər: "İnanırıq ki, İqbal Məmmədovun Orand kəndinə yaşatdığı "Kərbəla müsibəti”nin qarşısı ancaq prezident İlham Əliyevin müdaxiləsi ilə alına bilər".

İqbal Məmmədov 2 ildir ki, Zuvandda hektarlarla kartof əkdirir və kartof sahəsində Lerikdəki broyler fabrikinin işçilərini işlədir. Məmmədov deputat fəlaiyyəti ilə yanaşı, bizneslə də məşğul olur. O, Milli Məclisin "biznesmen deputatlar"kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Konstitusiyası isə deputata bizneslə məşğul olmağı qadağan edir. 

Yazıdakı iddialarla bağlı deputatla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. İddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.