Ləyaqətli cəmiyyət, yoxsa ikrah doğuran riyakarlıq?.. - Elman Fəttah

Ləyaqətli cəmiyyət, yoxsa ikrah doğuran riyakarlıq?.. - Elman Fəttah

13-07-2017 01:50 / Bu xəbər 1462 dəfə oxundu

Elman Fəttah
Müsavat başqanının müavini 

1000 il xurafatla, 73 il bolşevik despotizmi və sovet riyakarlığı ilə (sovet insanı) 24 ildir də Əliyevlər hakimiyyətinin neosovetizmində yaşayan toplumdan gözləntilər yüksək olmamalıdır axı.

Biz nə zaman ləyaqətin üstün dəyər olduğu toplum yetişdirə bildik ki? 

Cəmi 1 illik demokratik (1992—1993) hakimiyyət görüb bu toplum. O qısa dövr məhz indi istisna kimi gördüyünüz barmaqla sayılacaq dürüst insanların var ola bilməsinə vəsilə oldu.

Kifayət qədər qəliz sualdır: ləyaqətli cəmiyyətmi demokratik dövləti qurmalıdır, yoxsa əksinə dövlətmi ləyaqətli cəmiyyəti formalaşdırmalıdır?

Hər halda tarixin inkişaf tendensiyasına baxsaq, görərik ki, istər dinlərin yaratdığı kütləvi mənəviyyat hadisəsi, istərsə də ideolojilərin yaratdığı toplum nizamı olsun - (mütərəqqi və ya əksi) hər birinin arxasında möhkəm otorite dayanıb. 

İstər dinin, istərsə də sekulyarizmin əsas hədəfi doğru hesab etdiyi çərçivələrə uyan toplum yaratmaq olub. 

Hələ də elədir.

Çağdaş demokratiyanı şərti olaraq ideolojisi olmayan axın adlandırsaq, onun da hədəfi insan haqlarına (fərdiyyəçilik və azadlıq) tabe, mütərəqqi dəyərləri mənimsəyən toplum yaratmaq deyilmi?

Qısası, bu vətəndə dürüstlüyün, ləyaqətin ən böyük dəyər olduğunu anlayan, yalanın və riyanın fərdə ən çox ziyan vurduğunu qavrayan toplum yaratma imkanımız (arxasında otoritenin olduğu. E.F) olmadıqca, toplumumuzdan nə böyük gözləntimiz olmalı, nə də hər ikrah doğuran kütləvi riyakarlığa heyrətlənməliyik...
 
Məgər harada yaşadığımızı və bizdən (toplumdan) illərdir nə düzəltmək istədiklərini bilmirikmi?

Təskinlik üçün «ən əxlaqsız cəmiyyətdə belə ən çox hörmət olunan insan yenə də ləyaqətli insandır» düsturuna sarılın.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.