''Ölkədə ciddi pul qıtlığı yaranıb''

''Ölkədə ciddi pul qıtlığı yaranıb''

29-04-2017 03:37 / Bu xəbər 1900 dəfə oxundu

Əli Məsimli: 28-30 faizlə neçə iş görmək, məsələn, biznes qurmaq olar?

"Ölkədə ciddi pul qıtlığı yaranıb və bu, bizi ciddi narahat edir. Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq". 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, pul qıtlığı məsələsi ciddi müzakirə edilməli və iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir.

"Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır”

Müzakirə edilən qanun dəyişikliyi ilə bağlı çıxış edən Əli Məsimli qeyd edib ki, belə bir sənədin qəbulu əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması baxımından çox vacibdir. O eyni zamanda deyib ki, bu sənəd qəbul olunacağı halda onun gələcəkdə işləməsi üçün ölkədə iqtisadi fəallıq artırılmalıdır: 
Əli Məsimli foto Meydan TV
"İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır".

Deputat Əli Məsimli isə kreditlər üzrə faizlərin yüksək olmasından narazılığını bildirib. "Axı, 28-30 faizlə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Buna görə, hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır. Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır. İnsanları, sahibkarları bu cür kredit faizləri altında inlətmək olmaz. Bu məsələyə artıq insaflı yanaşma olmalıdır”. 

"Narahat edən ciddi məsələ girovun düzgün qiymətləndirilməməsidir”

Deputat Vahid Əhmədov həmkarının fikirlərini dəstəkləyib. Onun sözlərinə görə, elə bir şərait, mühit yaradılmalıdır ki, banklara axın olsun:

"Narahat edən ciddi məsələ girovun düzgün qiymətləndirilməməsidir. Krediti qaytara bilməyəndə ciddi problem yaranır. Qanun layihəsində bu, əksini tapmayıb”.
Vahid Əhmədov foto sosial şəbəkə
V.Əhmədov bu iradların Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinə çatdırılmasını istəyib: 

"Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın…”

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov bildirib ki, millət vəkillərinin təklif etdikləri dəyişiklik texniki xarakterlidir və bu təkliflər nəzərə alınacaq.

"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.

Layihə qəbul edilsə, Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırılacaq.

Mal-qara, hətta kompüteri də girov qoymaq olacaq

"Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Başqa sözlə, qanun daşınar əmlakın girov qoyulması əsasında sahibkarların, fiziki şəxslərin maliyyə resursuna çıxışını asanlaşdıracaq. Xüsusi ilə kənd yerlərində əhali daşınar əmlakın girov qoyulması ilə kredit götürə biləcək. Eyni zamanda, qanun layihəsi bankların kreditvermə imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. 

Qanun layihəsinə əsasən, daşınar əmlakın dövlət reyestrinin yaradılması nəzərdə tutulur. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.///meydan.tv