"Ölkədə insan haqları pozulur”demək hər adamn işi deyil..." - İntiqam Əliyev

20-06-2018 16:07 / Bu xəbər 913 dəfə oxundu

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının tam təmin olunduğunu deyib.

O, bunu  "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransındakı çıxışında bildirib. 

Ombudsman deyib ki, ölkədə hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb: "Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır”.

"Hüquq müdafiəçisi İntiqam Əliyev Elmir Süleymanova ilə razılaşmır: "Demokratik toplumlarda effektlə işləyən və insan hüquq və azadlıqlarının təminatlarının daha da güclənməsinə xidmət edən institutların əksəriyyəti avtoritar ölkələrdə dekorasiya rolu oynayır. Fərq etməz, istər dövlət orqanı olsun, istər ictimai təşkilat, istərsə də hər hansı digər formalı qurum". 

İ. Əliyev bildirib ki, məhkəmə, vəkillik, Avropa Məhkəməsindəki Səlahiyyətli Nümayəndəlik, Mətbuat Şurası, MTRŞ, KİVDYF və çox sayda qurumların mövcudluğu da həmin o dekorasiyanın ölkə vətəndaşına və daha çox da beynəlxalq təşkilatlara cəlbedici, gözoxşayan görünməsinə xidmət edir. 
 
"Ölkədə insan haqları pozulur”demək hər adamın işi deyil"

"Bu qurumlar "həbsxanalarda, polis idarələrində işgəncə yoxdur”, "seçkilər azad keçirilir”, "toplantı azadlığı təmin olur”, "məhkəmələr müstəqildir” və s. deyirlər. Bir sözlə, Ombudsmanın dediyi kimi, "ölkədə "insan haqları tam təmin edilir” deməlidirlər. Əks halda bunu deməyən adamlar uzun müddət həmin vəzifələrdə qala bilməzlər. Ölkədə hakimiyyətin bir əldə cəmləşdiyi, digər hakimiyyət budaqlarının yoxmuş kimi olduğu durumda, ombudsmanından qəhrəmanlıq gözləməyə dəyməz. Bu durumda "ölkədə insan haqları pozulur” demək hər adamın işi deyil...", - hüquq müdafiəçisi deyib.

Hüquq müdafiəçisi Samir Kazımlı vurğulayır ki, ölkədə insan hüquq və azadlıqların durumu Elmira Süleymanovun dediyi kimi deyil, real vəziyyət onun dediyinin əksidir: "Həbsdə 130-dan çox siyasi motivlələr həbs edilmiş şəxs var, müstəqil media demək olar ki, susdurulub, informasiya əldə etmə sahəsində vəziyyət bərbaddır, müstəqil QHT-lərin fəaliyyət göstərməsinə şərait yaradılmır. Müxalif siyasi partiyalara qarşı basqılar davam edir. İşgəncə halları artıb. Bundan başqa, sadə vətəndaşların hüquq və azadlıqları tez-tez məmurlar tərəfindən pozulur".

S.Kazımlı hesab edir ki, bu halların baş verməsində başlıca günahkar hakimiyyət olsa da, belə halların baş verməsində və artmasında Ombudsmanın da günahı var.  

"İnsan hüquq və azadlıqları ilə bağlı baş verən pozuntuların qarşısını almaq Ombudsmanın vəzifəsidir. Amma o, bu vəzifəsini yerinə yetirə bilmir və ya yetirmək istəmir, eyni zamanda həmin pozuntuları ört-basdır etməyə çalışır. Buna səbəb Ombudsman Aparatının faktiki müstəqil yox, hakimiyyətin təsiri altında olan bir qurum olmasıdır. Normalda isə ombudsman insan hüquq və azadlıqları ilə bağlı pozuntuları qeydə almalı, zərurət yaranarsa ictimailəşdirməli, pozuntuların aradan qaldırılması üçün dövlət qurumları qarşısında məsələ qaldırmalıdır, həmin pozunturları illik hesabatlarına salmalıdır. Həmçinin bu problemlərin aradan qalxması üçün QHT-lərlə və media ilə sıx işləməlidir. Amma biz bunları görmürük" , - hüquq müdafiəçisi bəyan edib.

"İşgəncələrlə bağlı səslənən iddiaların çoxuna ombudsman heç bir resksiya verməyib"

Hüquq müdafiəçisi əlavə edib ki, ölkədə baş verən insan hüquq və azadlıqları pozuntularının əksəriyyəti sosial şəbəkələrdə, mediada və hesabatlarda əks olunur: "Amma nədənsə ombudsman bunları görmür və ya özünü görməməzliyə vurur. Əgər Elmira xanım həqiqəti demək iqtidarında olan ombudsman olsaydı, təkcə son bir ayda baş verən insan hüquq və azadlıqları ilə bağlı pozuntularla əsaslanaraq "ölkədə insan hüquqları tam təmin olunmur" deyərdi. Elmira xanım həm də informasiya əldə etmək hüququnun təmin olmasına da kömək etməlidir. Amma jurnalistlər bu sahədə vəziyyətin necə olduğunu yaxşı bilirlər. Ombudsman işgəncələrlə bağlı da ciddi tədbirlər görməlidir. Amma təəssüf ki, işgəncələrlə bağlı səslənən iddiaların çoxuna ombudsman heç bir reaksiya verməyib. Ombudsman institutunun belə acınacaqlı hala salınması hakimiyyətin işidir və bu da hakimiyyətin insan hüquq və azadlıqlarına bir münasibətidir".

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb və Elmira Sülymanova İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. 

Hazırda 81 yaşı olan Süleymanova 16 ildir ki, bu vəzifədir. 

Belə ki, 5 mart 2010-cu ildə təkrarən 7 il  müddətə yenidən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) təyin edilib. 

2017-ci ildə müddəti bitsə də, yeni seçki keçirilməyib.