Ölkədən nə qədər manat çıxarmaq olar

Ölkədən nə qədər manat çıxarmaq olar

17-10-2018 01:12 / Bu xəbər 2287 dəfə oxundu

Nazirlər Kabineti ölkədə milli valyutanın nağd, habelə ifadə olunmuş qiymətli kağızlarla çıxarılması və gətirilməsi qaydalarını təsdiq edib.

Qaydalar prezidentin «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» 8 oktyabr 2018-ci il tarixli fərmanı əsasında qəbul edilib.

Qaydalara əsasən, fiziki şəxslər 20 min manata qədər milli valyutanı, habelə milli valyutada olan qiymətli kağızları nağd şəkildə ölkəyə gətirə və çıxara bilər. Bu zaman gömrük orqanları şifahi şəkildə məlumatlandırılır.

20 min, ondan çox milli valyutanın isə ölkəyə gətirilmə və çıxarılması zamanı mütləq gömrük orqanlarına yazılı bəyannamə verilməlidir. Qərarda vurğulanır ki, milli valyutanın nağdsız şəkildə çıxarılması və gətirilməsinə məhdudiyyət qoyulmur.

Sənədə görə, yubiley, xatirə pul nişanlarını - nominal məbləğindən asılı olmayaraq - gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycandan çıxarmaq və ya gətirmək maneəsiz mümkündür.

İndiyədək milli valyutanın nağd şəkildə ölkədən çıxarılması və gətirilməsi limiti ilə bağlı qayda yox idi.///azadliq.org