''Ölkəni siyasi məhbus problemindən xilas etmək lazımdır''

''Ölkəni siyasi məhbus problemindən xilas etmək lazımdır''

09-08-2018 15:41 / Bu xəbər 1703 dəfə oxundu

Mehman Əliyev: ''Hökumət insanların problemlərini həll etmək yerinə, Əli Həsənovdan yazanları güdür''

Avqustun 8-də "Ədalət naminə həmrəylik" Komitəsi mətbuat konfransı keçirib. Konfransda ölkədə baş verən hadisələr, siyasi məhbusların durumu müzakirə edilib. Komitə üzvləri siyasi məhbusların durumundan narahat olduqlarını söyləyiblər.

"Avropa miqyasında ən çox siyasi məhbus olan ölkələrdən biriyik. Cəmiyyətdəki gərginliyin götürülməsi, yığılan mənfi enerjinin nisbətən ortadan götürülməsi üçün siyasi məhbus yükünü ölkənin üzərindən götürmək lazımdır. Bu məsələ Azərbaycan üçün beynəlxalq qurum və təşkilatlarda ciddi başağrısına çevrilib. Onlarla siyasi məhbus hər yerdə qarşımıza çıxır və dilimizi gödək edir. Həm Avropa Şurasında, həm də Avropa İttifaqında bizi gözləyən bir çox ciddi layihənin qarşısında divar kimi ucalan da siyasi məhbus problemidir. Ölkəni bu problemdən xilas etmək lazımdır".

"Bütün siyasi məhbusların taleyindən narahatıq"

Komitə üzvləri bütün siyasi məhbusların taleyindən narahatdır. Xüsusilə, İlkin Rüstəmzadənin başına gələnlərdən: "İlkinə təzyiqlər var. 6 ildir, Cəzaçəkmə Müəssisəsində saxlanır. Zaman-zaman hədə-qorxulara məruz qalır. ReAL lideri İlqar Məmmədov da 6 ilə yaxındır ki, həbsdədir. Bugünlərdə məhkəməsi olmalıdır. Ümid edirik ki, hakimiyyət ayıbını təmizləyib ona bəraət verəcək. Əli İnsanovun 11 illik məhbusluq həyatına daha 7 il də əlavə edildi. Fikrət Fərəməzoğlu, Rəşad Ramazanov, Məmməd İbrahim, Asif Yusifli və digərlərinin vəziyyəti də yaxşı deyil. Bloger Mehman Hüseynovu xəstə anası ilə görüşə buraxmadılar. Ana övladı ilə vidalaşmadan vəfat etdi".

"Tarif Şurasının qərarı laqeydliyin nümunəsidir"

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı son günlər müşahidə olunan qiymət artımından danışıb. Bildirib ki, əhalinin durumu günü-gündən pisləşir:
"Maaşlar və gəlirlər onsuz də azdır. Bir tərəfdən də qiymətlər artır. Nəzərə almaq lazımdır ki, biz neft ölkəsiyik. Belə ölkələrdə, adətən, nəqliyyat pulsuz olur, bizdə isə əksinə, artırırlar. Bəhanə gətirdilər ki, sürücülərdə əməkhaqqı aşağıdır. Bunu onları çalışdıran şirkət düşünməlidir. Onun maaşının artımını aztəminatlı əhalinin üstünə yıxmaq olmaz. Tələbələr, gənclər hər gün metrodan, marşurtlardan istifadə edirlər. Bu tip, gəliri olmayan insanlar nə etməlidir? Heç olmasa, onlar üçün xüsusi güzəştlər düşünsünlər. Üstəlik, ölkədə işsizlik problemi də var. Hələ bunlar azmış kimi Tarif Şurası nəqliyyatın qiymətini də artırdı. Bu qərar laqeydliyin nümunəsidir. Hazırda əhali arasında söhbət gedir ki, işıq və mavi yanacağın qiyməti də artacaq. Bir növ narazılıq yaradırlar".

S. Bənəniyarlı ərzağın qiymətinin artdığını da deyir: "Məmurlarımız innovasiya deyib gəzirlər. Məncə, onlar əhali üçün nəsə etməlidirlər. Hökumət qiymətləri artırmasa, bazarlarda ərzağın qiyməti də qalxmaz. Məncə, qiymət artımına bir normal açıqlama verməlidirlər". 

"Artıq hadisələrin hansı yönə getdiyini demək də çətindir"

Komitə üzvlərindən olan Əvəz Zeynallı son zamanlarda daha da artan narkomaniyadan danışıb. Deyib ki, bu gün az qala hər evdə narkoman var:

"Aparılan yararsız təbliğat, narkobaronların pul qazanmaq hərisliyi və Azərbaycan hakimiyyətinin nəzarətsizliyi narkotik maddələrin qəbulunu kütləviləşdirib. Artıq "ağ ölüm" dəhşətə çevrilib. Hər küçədə, hər tində, hər künc-bucaqda, az qala hər evdə narkoman var. Ölkənin gənclərini ölümə aparan bu dəhşətli bəlaya "dur" deməyin vaxtıdır. Zaman vardı, narkomanı barmaqla göstərirdilər. İndi az qala hər məhəllədə, küçədə barmaqla göstərirlər. Dövlət, hökumət bu məsələyə əl qoymalı, narkomaniyaya qarşı mübarizəyə başlanmalıdır".

Ə.Zeynallı son zamanlar Azərbaycanda yayımı bloklanan saytlardan da danışıb. Deyib ki, bunun səbəbini izah etmək də, anlamaq da çətindir:
"Bu gün "arqument.az” saytı və "xural.com” saytına görə də bizi məhkəmələrə dəvət ediblər. Güman ki, bastainfo.com-dan sonra bu saytların ölkədə girişinə də məhdudiyyət qoyulacaq. Artıq hadisələrin hansı yönə getdiyini demək də çətindir. Bilinmir, nə etmək istəyirlər, problemləri nədir".

"Qadınlara qarşı zorakılıq, narkomaniya artıb"

Hüquq müdafiəçisi Novella Cəfəroğlu sadalanan bütün problemlərin kökündə media və QHT-lərin çökdürülməsinin durduğunu söyləyib:

"Qadınlara qarşı zorakılıq, narkomaniya artıb. Erkən nikah problemi var. Bölgələrdə insanlarla işləmək çətinləşib. Halbuki əvvəllər o insanların problemlərini media ilə bərabər işləyirdik. İndi media və QHT-lər bölgələrlə çalışa bilmir. Problemlər də elə buradan başlayır".

"Vətəndaş cəmiyyəti nümayəndələri barmaqla sayılacaq qədər azalacaq"

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da problem çoxluğunun kökündə vətəndaş cəmiyyətinin durumunun ağırlığının durduğunu söyləyib. Deyib ki, 2014-cü ildən başlayan siyasət davam edir. Bir neçə il sonra vətəndaş cəmiyyəti nümayəndələri barmaqla sayılacaq qədər azalacaq:

"Narkomanların sayının çoxalmasının səbəbi işsizlikdir. İşsizlik özü isə insanların rifahının aşağı səviyyəyə düşməsinə səbəb olur. İnsanların öz problemlərini deyəcək birisi yoxdur. Şikayət etməyə adam, qurum tapmırlar. Bölgələrdə insanların hüquqları pozulur, mülkiyyətçilər aldadılır, torpağı əlindən alınır, baxan yoxdur. Əhalinin sosial vəziyyəti çox ağırdır. Bir tərəfdən də qiymətlər durmadan artır. Gəlin baxaq, insanlar kommunal haqlarını onsuz da güclə ödəyirlər. Bir tərəfdən də söhbət gəzir ki, yenə artım olacaq".

M. Qəhrəmanlı işsizlikdə də danışıb. Bildirib ki, bütün günü televiziyalarda işsizliklə bağlı insanlara hər cür dəstək olduğunu deyirlər: "Ancaq onlara Allahın işsizlik statusunu da vermirlər. 35 illik işçini haqsız yerə bir günün içində işdən azad edə bilirlər. Buna görə həmin şəxslərə bir qəpik də təzminat vermirlər. Haqqını tələb etdiyi üçün ondan hələ təzminat da istəyirlər".

"Yerli telekanallara baxan yoxdur, çap mediası sıradan çıxıb"

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə medianın durumundan danışıb. Medianın hazırkı vəziyyətinin yeni olmadığını söyləyib. Basqıların 20 ildir davam etdiyini deyib:

"Son zamanlar basqılar onlayn edilir. Yerli telekanallara baxan yoxdur, çap mediası sıradan çıxıb, kimsə oxumur. İnternet mediası var, fəaldır. Ancaq mən deməzdim ki, çox güclü təsirə malikdir. Çünki bu medianın əksəriyyəti də hakimiyyət tərəfindən yaranıb. Son zamanlar onların da durumu ağırlaşıb. Bu da ondan irəli gəlir ki, həmin media qurumlarının insanlara təsiri azalıb. Bu da normaldır, çünki insanlar həqiqəti bilmək istəyirlər. Həmin həqiqətlər də hökumətin maliyyələşdirdiyi mediada yoxdur".

"Bu gün sosial şəbəkələr ictimai rəy yaradır"

M. Əliyev deyir ki, son vaxtlar Gəncədə, Mingəçevirdə baş verən hadisələrdə insanlar həqiqəti mediada yox, sosial şəbəkələrdə axtardılar: "Görün, vəziyyət nə qədər dəyişib. Azərbaycanda vətəndaş jurnalistikası formalaşıb. İstər Gəncədə, Sumqayıtda, istərsə də Mingəçevirdəki hadisə olsun, hər biri cəmiyyətə xalq tərəfindən təqdim edildi. Media özü də xəbəri sosial şəbəkələrdən axtarırdı. Bu gün sosial şəbəkələr ictimai rəy yaradır. Bunun da təbii həm mənfi, həm də müsbət tərəfləri var. Media xəbəri müəyyən etik qaydalara uyğun yayır, sosial şəbəkələrdə bu yoxdur".

"Prokurorluq Əli Həsənovla bağlı gedən yazıların statistikasını aparır"

Saytların bloklanmasından danışan Mehman Əliyev deyib ki, səbəb əsasən prezidentin köməkçisi Əli Həsənovla bağlı tirajlanan məlumatlara görədir:

"Necə olur, prokurorluq, hökumət mediada gedən problemləri, şikayətləri görmür, onların qarşısının alınması, insanların problemlərinin həll edilməsi istiqamətində heç bir iş görmür. Ancaq Əli Həsənovla bağlı gedən yazıların statistikasını aparır. Bununla biz hara doğru gedirik. Problemlər çox ciddidir. Daha öncə jurnalistləri Baş Prokurorluğa çağırırdılar, indi birbaşa məhkəməyə dəvət edirlər. Bütün bunlar ekspertiza keçirmədən, araşdırma aparılmadan edilir. Əslində elə bu da qanun pozuntusudur".

"Hakimiyyət alternativ media orqanlarını bağlamaqla informasiya məkanını daraltmağa çalışır"

"Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa bildirib ki, saytların bloklanması siyasi qərardır: "Bu tendensiya uzun müddətdir ki, davam edir. Hakimiyyət alternativ media orqanlarını bağlamaqla informasiya məkanını daraltmağa çalışır. Konkret olaraq, "arqument.az”-a nazirlikdən gələn bildiriş və saytın məhkəməyə verilməsi qanunsuzdur, çünki onların çıxarılmasını iddia etdikləri yazılar başqa media orqanlarına istinadən yayılıb. Biri ölkə başçısına müraciətdir ki, onu da vətəndaşlar imzaları və şəxsiyyət vəsiqələrinin nömrələri ilə təsqiləyiblər. Həmin müraciət də poçtla rəsmən ölkə başçısına göndərilib. Yazılarda bütün tərəflərin mövqeyi var və "KİV haqqında” qanunun heç bir tələbi pozulmayıb. Ona görə də bu qərarın siyasi sifariş olduğu şübhə yaratmır”.

"Siyasi məhbus probleminin həll ediləcəyini düşünmürəm"

REAL Məclisinin başqanı Azər Qasımlı isə bildirib ki, həm mediaya, həm də vətəndaş cəmiyyətinə basqı siyasi motivlidir: "Bütün bu məsələlər siyasi sifarişdir. Burada müzakirə olunan bütün məsələlər aşağı-yuxarı hamısı hakimiyyətin yanlış siyasətinin nəticəsidir. Ölkədə siyasi məhbus problemi var. Bu gün REAL sədri İlqar Məmmədov həbsdədir. Həm media, həm də siyasi məhbuslarla bağlı qərarlar eyni siyasətin nəticəsidir. Ona görə də burada müzakirə olunan məsələlər və eyni zamandan "arqument.az” saytına basqılar da siyasi qərardır. Ölkə monarxik bir sistemə doğru gedir. Fərq etmir bu qərarları birinci, yoxsa beşinci adam verir. Ölkədə siyasi məhbus probleminin həll ediləcəyini düşünmürəm".