Ölməyənlərə

Ölməyənlərə

11-08-2018 02:32 / Bu xəbər 2813 dəfə oxundu

Şahvələd Çobanoğlu

Gənc vaxtlarımız idi, tez-tez getdiyimiz bir kafedə oturmuşduq. Həmişə azdanışan, sərt, qəribə təbəssümü ilə çox azad və bir az da heç nəyi vecinə almayan bir tip kimi görünən gənc ofisiant qız istəmədiyimiz halda stolumuza bir şüşə şərab qoydu.
– İçin, – dedi.
– Axı biz istəməmişik, – az qala hamımız birdən dilləndik.
Bizə şərab gətirilməsi gözləri alınlara çıxaran bir addım da deyildi, yəni ilk və son dəfə deyildi, amma biz o gün doğrundan da istəməmişdik…
Qız da nə desə yaxşıdır?
– İçin, için, onsuz da hamımız öləcəyik.
Şərabı qəbul etmədik, amma elə sükut çökdü, gözlərdə elə düşüncələr ifadə olundu ki, həyat filosofu kimi qarşımıza çıxan qızın "onsuz da hamımız öləcəyik” fikrini qəbul etdiyimiz şübhəsiz idi. Ətrafıma baxıb, mənalı şəkildə gülümsəmişdim.

Mən artıq o zamanlarda "onsuz da hamımız öləcəyik” fikrini qədərincə qəbul etmişdim, hesab edirəm ki, həm də fanilik duyğusu, pessimizm və əhli-keflik gətirməyən sağlam bir anlamda götürmüşdüm. Bir tərəfdən adamın azadlığını gücləndirir bu fikri yaddaşa yazmaq: axırda öləcəyiksə, niyə məzlum, basqılar altında, gözükölgəli, kiməsə yarınaraq yaşamalıdır insan? Digər tərəfdən düşünürsən ki, axırda hamımız öləcəyiksə, uğur və qazanc üçün, üstünlüklər xətrinə niyə haqsızlıq etməliyik, haqsızlığa susmalıyıq. Gənc idim və doktrinlər, baxışlar, olaylar, bəzən bir şeir, bir cümlə məni yaşamağı çox kateqorik düşünməyə vadar edirdi.

Amma zaman keçdi, yaşamı və insanlıq tarixini başqa yönlərdən də düşünməyə başladım və gördüm. Həmişə və hamı üçün sonda ölüm var, əsla unutmaq olmaz, bundan yaxşıca mənəvi dərslər də almaq olar, amma yasamın özü də var, insanların həyatını şərtləndirən amillər də var… Sonda ölüm var, bildik bunu, bəs yaşam niyə ölümdən betər olmalıdır?
Mənim sönməyən etirazım yarandı. Xəstəlik, qəza, ayrılıq, ölüm hər yerdə var. Amma niyə bizim çağımızda artıq olmamalı problemlər hər gün bizi əngəlləməlidir. Bu sətirləri əvvəllər yazmışam: "Ən gözəl ölkələrdə də dərd var. Ən yüksək inkişafa çatmış ölkələrdə də problemlər var. Biz bunu başa düşürük. Yaxşı anlayırıq. Onu da qəbul edirik ki, insan istənilən halda və hansı ölkədə yaşamasından asılı olmadan da üzülə bilir, şəxsi uğursuzluğu yarana bilər, onu talesizlik izləyə bilər, xəstələnər, sevgilisindən ayrılar, doğmasını itirə bilir və s. Bunlar hər zaman var, hər yerdə var, olacaq da…”

Amma insan anası xəstəlikdən vəfat edəndə haqsız olaraq həbsdə olmalı deyil Mehman Hüseynov kimi. İnsan xərçəng xəstəliyindən müalicəni Elnur Fərəcov kimi şərlənib yatdığı türmədə almalı deyil.

Məsələ tək siyasilərin, ictimai fəalların və jurnalistlərin problemlərinə də deyil. Müasir dövrdə insan bu cür məhkəmə ilə, belə səhiyyə ilə, hamının şikayət etdiyi məktəblərlə yaşamaz axı. Milyardlar xərclənmiş sahələrimiz var, amma içməli suyumuz yoxdur, yolumuz düzəlmir, nəqliyyatımız bərbad, hər işimiz əyri…
Yaxşı əyər-əskiyimiz var, ədalətimiz hanı?

…Yaşamaq hər gün çətinləşirsə, necə müalicə olunasan? Siz ha deyin ki, müsəlmanın sonrakı ağlı, ən sonda gedir həkimə. Gündəlik ehtiyacların yanında həkimə getmək dünyanın hər yerində asanlıqla təxirə salınır. Əksəriyyət xəstəxanalara müraciəti ertələyir, məsələn, işığı və qazı ödəyir, övladların xərcini qarşılayır. Belə hallarda sağlıq qayğıları çox uzaqda görünür. Ölüm isə sonda yox, yaxında görünür. Bəlkə belə deyil?

Uzun illər çalışmışam ki, Con Qrinin "Ulduzlar günahkardır” romanını ölkəmizdə təbliğ edim. Çünki bu əsərdə "çağdaş həyat necə olmalıdır?” sualına ən gözəl cavablardan biri verilib. Roman ölümcül xəstəliyə düçar olmuş iki gənc haqqındadır. Xəstə gənclərlə bağlı hər şeyi edirlər, onların ömrü uzadılır, yüksək müalicə alırlar, tam qayğı ilə əhatə olunurlar. Son arzuları da yerinə yetirilir.

Ulduzların heç bir günahı yoxdur. Günahkar Elnur Fərəcovu şərləyib həbsə atan, hər addımda həyatımızı dərdə düçar edən hökumətdir, siyasi hakimiyyətdir. Xərçəng bəlli kəsimin bəladırsa, bunlar xəstə olanın da, olmayanın da bəlasıdır.