Lutfi Zadə vəfat edib

Lutfi Zadə vəfat edib

07-09-2017 15:29 / Bu xəbər 149 dəfə oxundu

Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da 96 yaşında vəfat edib. Bu barədə Azərbaycanın Los Ancelesdəki konsulluğu məlumat yayıb.

Azərtac agentliyi bildirir ki, bu ilin avqustunda Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim edilib. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir.

Azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. Son vaxtlara kimi L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.