Ülvi Quliyev seçkidən 4 gün sonra İngiltərədə növbəti şirkətini açdı – SİYAHI

Ülvi Quliyev seçkidən 4 gün sonra İngiltərədə növbəti şirkətini açdı – SİYAHI

19-02-2020 20:28 / Bu xəbər 811 dəfə oxundu

Araşdırmaçı jurnalist Cavanşir Həsənli 15 saylı Yasamal birinci seçki dairəsindən yenidən namizədliyini vermiş və MSK-nın açıqladığı ilkin nəticələrə əsasən lider olan sabiq deputat Ülvi Quliyevin ailəsinə məxsus şirkətləin siyahısını paylaşıb.

O, bu barədə feyzbuk səhifəsində yazıb. Jurnalist bildirir ki, Ü. Quliyevin oğlu Orxan Quluzadə parlament seçkilərindən 4 gün sonra, yəni fevral ayının 13-də İngiltərədə bu şirkətlərin siyahısına daha birini də əlavə edib:

"Milli Məclisin buraxılıb, yenidən "seçilən” deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə parlament seçkilərindən 4 gün sonra İngiltərədə növbəti şirkətini – "Marketıng Sole Project LTD”ni qeydiyyatdan keçirib.

Şirkət bu ayın 13-də 12459963 saylı lisenziya ilə qeydiyyatdan keçib, hüquqi ünvanı "London, Old Gloucester Street 27”də yerləşir.

Şirkət ilk maliyyə hesabatını gələn il fevralın 28-də təqdim edəcək.

Yeri gəlmişkən, deputatın oğlu bu yaxınlarda Londonda fəaliyyət göstərən digər şirkəti – "UGANO LTD”nin (ötən ilin iyul ayına qədər GUANO LTD) 2019-cu ilə aid maliyyə hesabatını da Britaniyanın maliyyə qurumlarına təqdim edib. Hesabata görə şirkətin keçən il ümumi aktivlərinin həcmi 1 milyon funt sterlin civarında (daha dəqiqi 931 min 983 funt sterlinq), yaxud 1.2 milyon dollar həcmində olub.

Xatırladım ki, GUANO və UGANO Ülvi Quliyevin ailə üzvlərinin baş hərflərinin (Ulvi, Aynur, Nərminə və Orxan) abbreviaturasıdır, 2007-ci ildə Birləşmiş Krallıqda Orxanın hələ 18 yaşı olarkən onun təsisçiliyi ilə qeydiyyatdan keçib.

Deputatın Türkiyədə də eyni adda ailə şirkəti fəaliyyətdə göstərir. "Guano Danışmanlık Ticaret Limited Şirketi” 2009-cu il mayin 13-də İstanbul Ticaret Odasında 50 min lirə nizamnamə kapitalı qeydiyyatdan keçib, 699005 saylı şəhadətnamə alıb. 

Təsisçiləri hər biri 50 faiz paya sahib olmaqla Orxan Quluzadə və deputatın həyat yoldaşı Aynur Quliyevadır. Şirkətin ofisi İstanbulun Üsküdar səmtindəki Kısıklı mahallesi, Alemdağ caddesi, Yanyol no:7/11-də yerləşir.

Aynur Quliyeva Müsafir qızı 1995-ci il aprelin 4-də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Mirzəbala Məmmədzadə, ev 11 olmaqla qeydiyyata alınmış (VÖEN 1500311461) "Loğman -3” kiçik müəssisəsinin də təsisçisi və qanuni təmsilçisidir.

Həmin ünvanda 2011-ci ilin yanvarında deputatın məşhur dərman şirkəti – "Loğman Farm” MMC də (VÖEN 1501723311) hüquqi qeydiyyata alınıb. Şirkətin təsisçisi Ülvi Quliyevin oğlu, qanuni təmsilçisi isə Xalid Dilqəm oğlu Sadıqovdur.

Deputatın oğlu 2016-cı ildən tikinti biznesinə də girişib və onun təsis etdiyi "Diler İnşaat” MMC hazırda Neftçi Qurban Abbasov küçəsi, 42/44 ünvanında tamamlama mərhələsində olan "Bayıl Marina” rezidensiyasının tikintisini həyata keçirib.

Orxan Quluzadə həmçinin İngiltərədəki şirkəti üzərindən Sankt-Peterburqda "Xoçu kebab” və "Xoçu şaşlık” restoranlar şəbəkəsi açıb. Bundan əvvəl isə Rusiyanın ikinci paytaxtında onun "Mado” layihəsi 1 milyon dollar zərərlə iflasa uğramışdı. Deputatın oğlunun Peterburqdakı digər şirkəti – Neo Group LTD ticarət şirkətini (Общество Сограниченной Ответственностью "НЕО ГРУП”) da ləğv prosesindədir”.