Mahiyyət dərgahına gedən yolçu... - TƏNQİD

Mahiyyət dərgahına gedən yolçu... - TƏNQİD

20-01-2016 02:41 / Bu xəbər 2415 dəfə oxundu

Onun əvvəlki qəzəllərini oxuyanda ədəbiyyatda heç də başqalarından fərqlənməyən bir şair var – deyə düşünmüşdüm. Və Yasin Xəlil ilk baxışdan yaradıcı bir şəxs olmaqdan daha çox, bir İnsan kimi diqqətimi özünə çəkmişdi. Hətta şeirlərinə münasibətimin fərqli olmadığını özüdə hiss edir, yarızarafat, yarıciddi deyəsən, xoşuna gəlmədi – deyirdi. Mənsə hər bir irada çılğınlıqla deyil, səmimiyətlə cavab verən bu adamın davranışlarını təqdir edir, bu böyüklüyün qarşısında öz-özümə hesabat verirdim: yaşadığımız çağda çoxlarının tərif yağışından bihuş olduğu bir halda insan tənqidə bu qədərmi dözümlü olar?

Klassik üslubda yazdığı şeirlərə – qəzəllərə gəlincə, sonradan anladım ki, yanılmışam. Çünki Yasin son dövrdə yazdığı qəzəllərlə, deyə bilmərəm, sözün həqiqi və ya məcazi mənasında, ruhuma qəsd etməyi bacardı...

Ümumiyətlə, klassik şeir, irfaniyyət insanı, daha doğrusu, yaradılışı yaradana doğru aparan mərhəmət ipidir. Və müdriklik sonradan qazanılan deyil, o, insanın təbiətində olmalıdır…

Yasin Xəlil daha çox qəzəlxan kimi tanınır. O, ədəbiyyata Füzuli və Seyyid Əzimin poetik ruhu ilə gəlib. Bəlkə də bu təsirdən idi ki, əvvəlki qəzəllərində rədiflərin köhnəliyi, klassik şeirdə at oynadan fars-ərəb tərkibləri, izafət birləşmələri, "gül-bülbül” xəstəliyi göz deşirdi. Ruhumu açmayan da elə bu idi. Ancaq inanırdım ki, o, bu "ağır xəstəlik”dən şəfa tapacaq. Belə də oldu. Çox çəkmədi ki, Yasin ruhuna və şeirinə yad olan ünsürlərdən qurtula bildi və istedadı ilə öz ruhuna yeni bir qapı açdı.

Klassik ədəbiyyatın mühitində böyüyən biri kimi Yasinin son dövrdə yazdığı qəzəllərində Füzuli şeirindəki irfanının zərrələrini, onun sözə inamını, Seyyidin düşə bildiyi poetik qatları gördüm, Qövsinin nəfəsini, Sabirin sızıltısını duydum. Hiss etdim ki, Yasin dərdi çəkməyə yox, onu danışdırmağa can atır. O, dərdi ilə inam körpüsündə görüşür və onun bu səmimiliyindən, sadəlövhlüyündən sui-istifadə edən Dərd əlindəki kirkizlə Yasinin ömrünü toxuyur, onun taleyinə çeşidli naxışlar, ilmələr salır. Qəribəsi də budur ki, dərdə lazım olan ləvazimatları da Yasin özü verir:

Hanı bir kimsə, otursun, danışım dərdimdən,

Yaşıdım, düz bir ömürlük tanışım dərdimdən?

Arğacım, ilməm, ipim, kirkizim hətta dərddən,

Vurulub ömrümə hər bir naxışım dərdimdən.

Əruzun "rəməl” bəhrində yazılmış bu qəzəl sanki Yasinin və onun dərdinin boyuna biçilib. Beytdə ardıcıllıqla düzülən "arğacım, ilməm, ipim, kirkizim” ifadələri hesabına yaradılan bənzətmə isə qəzəlin poetik çalarlığını incəliklə təqdim edir. Şair insan ömrünü taleyin Dərddən toxuduğu xalıya bənzədir. Əslində isə, Yasin bu beytində həm də ixtisasına uyğun olaraq öz Dərdinin kimyəvi tərkibini açır, onu oxucuya izah edir. Buradakı mətnaltı mənalar isə poetik fəlsəfi-çalarlığın obrazlı göstəricisidir.

Bu yerdə ustad Füzulidən bir nümunə çəksək, yerinə düşər:

Bülbülü-qəmzədəyəm, bağü, baharım sənsən, 

Dəhənü qəddi-rüxün, qönçəvi-sərvi-səmənim...

Füzuli bu beytdə beş təşbehdən istifadə edib. Beytin birinci misrasında lirik qəhrəmanı - aşiqi ("bülbülü-qəmzədə")  kədərli bülbülə, məşuqəni - sevgilisini isə baharda çiçək açan bağa bənzədir. İkinci misrada isə obrazın poetik və rəmzi qatları açılır. Burada bənzəyənlə bənzədilən yanaşı işlədilmir, yəni misranın bir tərəfində bənzəyənlər, digər tərəfində isə sıra ilə bənzədilənlər düzülür. Belə ki, beytdə dəhən (ağız), qədd (boy), rüx (üz), bənzəyən, qönçə (çiçək), sərv (ağac), səmən (yasəmən gülü) isə bənzədiləndir. Yəni məcazın qatları əvvəl bir qəlibə yığılır, sonra açılır, izah edilir... Göründüyü kimi, şair gözəlin ağzını qönçəyə, boyunu sərv ağacına, üzünü gülə bənzədir. Ardıcıllıqla göstərilən bu bənzətmələr isə beytin çoxmənalılığını, estetik rəngarəngliyini artırır. Nəzəri baxımdan isə Şərq ədəbiyyatında təşbehin bir növü kimi tanınan bu poetik fiqura ”ləffü-nəşr” deyilir. Bu poetik fiqurun xüsusiyyətinə görə şeirdə birinci misradakı fikir ikinci misrada tamamlanır. 

Biz "ləffü-nəşrə" Fələki Şirvaninin yaradıcılığında da rast gəlirik:

Ey dilbər, sənin yanağın, zülfün, dodağın, gözün, xəttü-xalın,

 

Mənim şadlığımı, huşumu, səbrimi, eyşimi, yuxumu,  yeməyimi əlimdən alıb.

Sənin hicrinin qəmindən, kədərindən, dərdindən və dağından,

Əlim boş, başım küllü, gözüm yaşlı, qəlbim odludur.

 

İnanıram ki, Yasin də gələcəkdə təşbehin bu növündən istifadə edə bilər. Çünki buna onun istedadı və irfani düşüncəsi imkan verir…

Yasinin şairlik faciəsi bəlkə də, onun daha çox sözə olan səmimiliyində, inamındadır. Söz Yasin üçün həmişə bakirədir. O, sözə qarşı o qədər səmimidir ki, hətta bu "Dərd”i çıxıb getməyə, özündən uzaqlaşmağa qoymur:

Mənə axırda qalan dərd olacaq, ey Yasin,

Hara getsəm də gərək bərk yapışım dərdimdən.

Ola bilsin ki, oxucu Yasini bu qədər bədbin yazdığına görə tənqid edəcək: bu adam yaradıcılığını kədər üzərində qurub – deyəcək. Lakin bu heç də belə deyildir, çünki bu Dərd o dərddən deyil… Bu şairin iç dünyasından xəbər verən "şair dərdi”dir.

Oxşar rədifli başqa bir qəzəlində o, yaratdığı poetik obrazı irfanın abstrakt və xəyali məkanına deyil, məhz çoxlarının öz duyğularını, poetik dillə desək, dərdini dalğaları ilə bölüşdüyü Xəzərin sahillərinə də çəkib aparır:

Elə çırpıl ki, bu sahillərə, ey göy Xəzərim,

Ki düşə sahilə səhmanlı qırış dərdindən.

Ey dəniz, başqa bu sahildə kimin var ki sənin,

Uzadıb əl verib hörmətlə yapış dərdindən.

Yasinin qəzəllərində ümid və kədər ziddiyyəti də təzadlı şəkildə özünü göstərir. Ancaq o, poetik səmimiyyətin təkidi ilə ümidlərini kədərin gətirdiyi fəlakətlərdən qoruyub gizlədir:

Ürək qan ağladı, yaş tökdu yaz yağışlarıtək,

Ümidlərim qısılıb daldalandı konlumdə.

Klassik ənənəyə bağlılığı bəzən onu keçmişə baş vurmağa sövq edir və o da digərləri kimi indiyədək şeirdə özünü doğrultmayan "dedim-dedi” kimi dialoq formalarına müraiət etməli olur. Hətta beytlərin birində sanki bu formaya müraciət etdiyinin peşmançılığını çəkir, bunu da obrazın dili ilə etiraf edir:

Dedim ey gül, nə qələtdir elədim, əvf eylə,

Dedi: məcbur eləmişdim səni təqsir eylə.

Lakin məqtə beytində bədii düşüncəsi, peşakarlığı və klassik ənənəyə söykənən söz oyunu onu bu burulğandan xilas edir, təsəvvüf onu bu əzabdan qurtuluşa aparır və Yasin bir az da "məcnun”luq edir:

Dedim eşqin dəxi bu Yasini sərgəştə edib,

Dedi: al zülfümü, sal boynuna zəncir eylə.

Qeyd edim ki, əruz vəzninin əsas prinsiplərindən biri də misradakı uzun və qısa hecaların bir-birini izləməsidir ki, bu da bəzən yaradıcı şəxsin söz imkanından asılı olaraq imalə (uzanma) və zihafla (qısaltma) şərtləşir.Yasin də bəzən bir beytin ayrı-ayrı misralarında bu ölçüləri peşakarcasına işlədə bilir və ən çox müraciət etdiyi "müctəəs” kimi ağır bir bəhrdə sınıqlıq baş vermir.

Yasin Xəlil əruzun "müzare” bəhrinə də ara-sıra müraciət edərək bu bəhri günün tələbləri və öz yaşantıları ilə uzlaşdıra bilir. Eyni zamanda bu bəhrin təfilələrinin – bölgülərinin diapazonu daxilində obrazın daxili və xarici əlamətlərini bədii estetikası ilə önə çəkir:

Bir dərdi var ki, gəl görəsən, sərv boydadır,

Ardınca kölgətək sürünən qaş-qabağı var.

Dərdin sərv boyda olması bədii təsvir vasitəsi kimi metaforadır. Şair burada dərdin böyüklüyünü göstərməklə, həm də onun ucalığının bədii portretini çəkir. Bu dərd o qədər ucadır ki, hətta bədii obraz – şair də onun kölgəsinə sığınıb.

Beləliklə, dərd Yasini hər zaman təqib edir, onun yaşamına, düşüncəsinə, yaradıcı dünyasına nəzarət edir; onu sevir, unudur, unutdurur, öldürür, yaşadır, danlayır və nəsihət edir, hətta bəzən də haqq-hesaba çəkir:

Günahların çoxalıb, bəlkə, Yasin, hirsindən, 

Durub gəlib oturub haqq-hesab çəkir dərdin…

Yasinin qəzəllərində dil zənginliyinin göstəriciləri kimi assonans və alliterasiya hadisəsini – səsələrin uyuşması və bir-birini izləməsini də aydınca müşahidə etmək olur. Belə ki, yuxarıdakı beytdə "durub, gəlib, oturub” ifadələrindəki "u” saiti ilə "b” samitinin və eləcə də

Bir mənəm burda bu gün, bir də bu sal, lal daşlar, 

Danış, ey göy Xəzərim, susma, danış dərdindən 

- beytindəki "b”, "l” və "d” samitlərinin bir-birini izləməsi buna nümünə kimi göstərilə bilər. Bundan başqa, o, bu beytində poetik təfəkkürü ilə dənizin obrazını şəxsləndirərək onunla danışmaq istədiyini, dərdini onunla bölüşmək istədiyini bildirir. Qəzəlin bədii gücü ondadır ki, hətta Yasin dənizi qısqanır və burada özündən və "sal-lal” daşlardan başqa kimsənin olmadığını deyir. "Sal-lal” daşlar isə dənizin dərdini kimsəyə aça bilməz, çünki onlar ancaq dinləyə bilir, danışa bilmirlər. Dənizin dili isə onun sahilə çırpılan dalğalarıdır, o, öz dalğaları vasitəsilə danışır…

Bəlkə də, özü o qədər də bunun fərqinə varmır, ancaq Yasin Xəlil bütövlükdə klassik ənənəyə sadiq, irfana bağlı, poetik ruhu başdan-başa təsəvvüflə yoğrulmuş bir şairdir. Bunu "müctəəs” bəhrində yazdığı aşağıdakı beytində də görmək olur:

Duyuq düşüb neçə müddətdi, göz-qulaqdaydım, 

Bu dərdi bilmədim Allah, verən haçan verdi.

İçindəki inam, müqəddəsliyə sevgi sanki ona deyir ki, Allah insana, yaradıcı şəxsə dərd-bəla vermir, Dərd verir. Bununla da o, klassik şeirdə hələ də mübahisə doğuran və çoxlarının anlamadan qarşıdırdığı Allah-Fələk fərqini açıb ortaya qoyur. O bilir ki, tapındığı Tanrı dərd verməz, dərd adlı bir sevgi, ümid, mərhəmət duyğusu verər. Və bu ali həqiqət yalnız insanın bəsirət gözünə açılan pəncərədən görünə bilər. O, eyni zamanda hiss edir ki, arzuları mübarək bir əl – varlıq tərəfindən mühafizə olunur, bəslənilir. Məhz bu inam hissidir Yasini gələcəyə nikbin bir ruhla aparan:

Min şükür arzularım ölmədilər könlümdə, 

Onların çünki mübarək bir əl üstündə imiş.

Yasinin yaradıcılığında məhəbbət mövzusu ilə yanaşı, təbiət təsvirinin irfani və metafizik duyumu da orijinal səviyyədə özünü doğruldur. O, bütün yaradılışı – insanı, təbiəti, yeri, göyü bir sözlə, kainatı vəhdəti-vücuddan kənarda təsəvvür edə bilmir:

Üşüdüb, titrədib öskürdü buludlar tez-tez, 

Çiləyib göz yaşı hönkürdü bizim çardaqlar.

Bəli, çardağa dəyib ətrafa çilənən yağış damlaları zərrələrə parçalanır. Hər zərrədə isə bir duyğu, bir ruhani çırpıntı var. İnsan da, kainat da bu zərrələrdən qopub gələn varlıqlardır. Mənim düşündüyüm və sevdiyim təsəvvüfdə bu, belədir, ancaq "gəlimli-gedimli, son ucu ölümlü dünya”da bu nədirsə, deyə bilmərəm. Hər halda Yasinin yaradıcılığını bu səviyyədə dərk edib qiymətləndirə bildim. Hansısa bir qüsurum varsa, irfan sahibi bağışlasın...

Sonda Yasin Xəlil haqqında onu deyə bilərəm ki, o, şeirə, ədəbiyyata, irfana Füzuli və Seyyid Əzimin fikir nərdivanı ucalıb… Ancaq irfandan Allaha, mahiyyət dərgahına doğru öz nərdivanı ilə gedir. Artıq o, öz yolunu seçib. Bu yol da onu tapındığı sirrə doğru aparacaq. Bu, Yasinin uğurudur. 

Qəzan mübarək şair!

Şəmşad AĞA

  • 15 May 2013