“Manatla bağlı başqa yol yoxdur, mənim proqnozum doğrulur”

“Manatla bağlı başqa yol yoxdur, mənim proqnozum doğrulur”

25-08-2016 14:39 / Bu xəbər 1597 dəfə oxundu

Mərkəzi Bankın  məlumatına görə, manatın avqustun 24-nə olan rəsmi məzənnəsi 0,25% ucuzlaşaraq 1,6245 dollar səviyyəsində qərarlaşıb. 

Kommersiya banklarında dollar satışı dayanıb, nəticədə isə "qara bazar” canlanıb.

21 fevral və 21 dekabr 2015-ci il tarixli devalvasiyaların şokunu üzərindən ata bilməyən əhali hər gün yumşaq şəkildə dəyərdən düşən manatın kəskin ucuzlaşacağından narahatdır.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov milli valyuta ilə bağlı problemlərin həll edilmədiyini deyib:

"Bank sistemində sağlamlaşdırma prosesi başa çatmayanadək manatla bağlı problemlər davam edəcək. Əgər əhali və bank münasibətləri normallaşdırılmasa, banklara inam artırılmasa, kredit verilişində müəyyən güzəştlərə gedilməsə,  problem daha da dərinləşəcək. Bildiyiniz kimi, mən və həmkarım Əli Məsimli 14 səhifəlik təkliflər vermişik. Bu təkliflərə isə 5 aydan uzun müddətdə cavab almamışıq.

Hazırda Mərkəzi Bankın apardığı dollar-manat siyasəti yumşaq şəkildə həyata keçirilir, şok terapeya edilmir. Çünki başqa yol da yoxdur, gec-tez manat bazarda öz həqiqi dəyərini tapmalıdır”.

İqtisadçı manatın ucuzlaşmasının davam edəcəyini bildirib:

"Manatın yumşaq şəkildə ucuzlaşması davam edəcək. Mən sərt devalvasiyaya gediləcəyini gözləmirəm. Buna ehtiyac da görmürəm. Amma nəzərə almaq lazımdır ki, "qara bazar”da dollar satışı aktivləşib. İnsanlar məcburən 1 dolları 1,70-1,72 manata alırlar. Görünən odur ki, burda müəyyən maraqlı qüvvələr var. Onların qarşısını almaq isə hüquq-mühafizə orqanlarının, hökumətin birbaşa səlahiyyətindədir.

İkinci tərəfdən əgər banklarda dollara tələb 500-600 milyondur və bunun müqabilində 50-60 milyon ala bilirlərsə, yaranmış vəziyyət başadüşüləndir. Problem çoxdur, həlli üçün çevik addımlar atılmalıdır. Hələ 2004-cü ildə cənab prezident qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulamışdı. Təəssüflər olsun ki, bununla bağlı tapşırıqlar tam olaraq icra edilmədi”.

V.Əhmədov 6 ay əvvəl manatla bağlı verdiyi proqnozun üzərində qalıb. Xatırladaq ki, deputat ilin sonuna qədər 1 manatın 1,80 dollara qədər bahalaşacağını demişdi.

"Mən verdiyim proqnoz özünü doğruldur. Bunun da səbəbləri aydındır. Neftin qiymətində ciddi artım baş vermədi. Manat da birbaşa neftlə əlaqədar valyuta olduğu üçün ucuzlaşmaqda davam edəcək”. (modern.az)