"Manatın başından tutub dirəyə bağlayıblar" - İqtisadçıdan Elman Rüstəmova cavab

26-07-2019 20:41 / Bu xəbər 1791 dəfə oxundu

"Manat devalvasiya yox, revalvasiya təzyiqi altındadır. Manatın möhkəmlənməsinin müsbət, daha da çox mənfi tərəfləri var. Bu gün biz de-fakto sabit məzənnə rejimindəyik”.

Bunu Mərkəzi Bankən sədri Elman Rüstəmov deyib.

İqtisadçı ekspert Natiq Cəfərli Elman Rüstəmovun açıqlamasına ironik şərh yazıb.

Həmin şərhi olduğu kimi təqdim edirik:

Elman Rüstəmov danışıb, bu özü-özlüyündə artıq təhlükəli məsələdir - hər dediyinin tərsi olur həmişə, amma yenə də dediklərini tərcümə etməyə ehtiyac var:

Elman Rüstəmov: "Manat devalvasiya yox, revalvasiya təzyiqi altındadır. Manatın möhkəmlənməsinin müsbət, daha da çox mənfi tərəfləri var. Bu gün biz de-fakto sabit məzənnə rejimindəyik”.

Tərcüməsi: Müəllim etiraf edir ki, manat artıq üzüb-eləmir, başından tutub dirəyə bağlayıb sabit saxlayırlar. Yəni etiraf edirlər ki, manatın məzənnəsini bazar yox, hökumət müəyyən edir. Amma cəmi 3 il əvvəl Elman müəllim üzümüzə dururdu, dirəşmişdi ki, siz bilmirsiniz e, manat artıq üzməyə başlayıb, məzənnə də üzən rejimdədir. Hə, Elman müəllim deyir ki, neft bahalaşdı deyə ölkəyə valyuta çox gəldi, məmləkətdə də başqa heç nə yoxdur deyə manat möhkəmlənə bilər, amma biz qoymuruq, çünki az da olsa, 2015-dən dərs almışıq. Amma müəllim unudur deməyə ki, bizdə manatın möhkəmlənməsi də, ucuzlaşması da iqtisadi məsələ deyil, siyasi qərardır. Manatın isə bahalaşma şansı YOXDUR, bu, mümkün deyil, amma neft 55 dollar olsun, gör yazıq manat necə tər tökəcək.

Elman müəllim: "Gələcəkdə Manatın məzənnəsinin "üzən -tənzimlənən” məzənnəyə keçməsi üçün proqram üzərində çalışırıq”.

Tərcüməsi: Bıy, necə deyərlər, saboooz xeyir Elman müəllim, Allah "google" çıxardanların atasına rəhmət eləsin, axtarış verin, baxın, 2015-16-17-ci illərdə biz deyəndə ki, məzənnə nə üzəndi, nə süzən, siz də, maliyyə naziri də çıxıb müstəqil ekspertləri "neprav” çıxardırdınız. Bəs indi nə baş verdi?! Hələ indi tam yox a, tənzimlənən üzən məzənnəyə keçməyə hazırlaşırsınız?!

Elman müəllim: "Əhalinin gəlirləri və istehlak davranışlarının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər arta bilər”.

Tərcüməsi: Bravo, burda razıyam. Müəllim deyir ki, dövlət səxavət kisəsinin ağzını açıb xeyli pul payladı, büdcə xərcləmələri də artdı, amma bunun altını doldura biləcək yerli istehsal zad yoxdur, ona görə də mal və xidmətlərin qiyməti artacaq, bahalaşma olacaq.

Sonda onu da deyim ki, bizdə iqtisadi institutlar ölü doğulub, ya da ümumən yoxdur deyə Mərkəzi Bankın uçot dərəcəsinin azalması kredit faizlərinin də azalmasına təsir etməyəcək. 

Cəmi 5 il öncə bizdə uçot dərəcəsi 3% civarında idi, kreditlər yenə də 20-35 faiz arası dəyişirdi, indi 8,25% enib, yenə də 20-35 faiz arası olacaq. Hətta uçot dərəcəsi 2 il əvvəl 15% olanda da kredit faizləri 20-35 faiz arası dəyişirdi, yəni, bizdə kredit faizlərinin öz həyatı, öz gündəmi, öz bank yiyələri var...

Yazı Natiq Cəfərlinin feysbuk səhifəsindən götürülüb.