Məcburi köçkünlər “Azərışıq” MMC-yə qarşı: "Hesablarımızı sıfırlayıb"

Məcburi köçkünlər “Azərışıq” MMC-yə qarşı:

09-02-2017 20:48 / Bu xəbər 1873 dəfə oxundu

Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanından sonra dövlət qurumları ilə vətəndaşlar arasında narazılıq müşahidə olunur. 

Məcuri köçkünlərin yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişləri ləğv olunsa da, 2017-ci il yanvarın 1-dən onlara 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. 
İlham Əliyev ile ilgili görsel sonucu
Narazılıq isə fərmanın icra müddətinə qədər olan güzəştlərə görədir. Belə ki, məcburi köçkünlər fərman icra olunan müddətə qədər onlara ayrılan vəsaitlərin "Azərişıq” MMC tərəfindən bazadan silindiyini iddia edirlər. 

Köçkünlər iddia edirlər ki, dövlət qurumu vəsaitlərini bilərəkdən silib və nəticədə yanvar ayında onların hər birinə 50-200 manat arası işıq pulu yazılıb. 

"Bunu təxribatçı hərəkət hesab edirəm"
İlgili resim
Cəbrayıl rayonundan olan məcburi köçkün Vaqif Əliyev Toplum.Tv-yə bildirib ki,  ona ayrılmış vəsait bilərəkdən "Azərişıq” MMC tərəfindən hesabdan silinib: ”Prezidentin məlum fərmanından sonra şəxsi mənzili olanların çörək pullarını və kommunal güzəştlərini kəsdilər. Biz bunu normal qarşıladıq ki, ola bilsin, dövlət büdcəsində çətinliklər var. Ailədə üç nəfərik. Ayda 145 kilovat enerjinin pulunu "Qaçqınkom" "Azərenerji"yə ödəyib və  "Azərenerji" mənə 400 manat borclu idi. Mən bu limiti qənaət edərək bilərəkdən aşmamışdım ki, qış aylarında verilən bu limitdən istifadə edə bilim. Yanvar ayında isə 70 manat işıq pulu gəlib. "Azərışıq” MMC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müraciət etdik ki, mənzili olan vətəndaşların hesabında olan vəsait sıfırlanıb və 50-200 manat arası işıq pulu yazılıb. Bilmək istəyirik ki, hansı əsasla bu vəsait "Azərenerji" rəhbəri tərəfindən heç bir hüquqi sənəd olmadan sıfırlanıb. Mən bunu köçkünləri dövlətdən narazı salmaq, prezident İlham Əliyevin üstünə qaldırmaq məqsədi güdən təxribatçı hərəkət hesab edirəm. Bilmək istəyirəm ki, bizim adımıza ayrılan vəsaitlər hansı əsasla silinib”. 

"Qanuna uyğun hərəkət edirik”
Tanrıverdi Mustafayev ile ilgili görsel sonucu
"Azərışıq” MMC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məcburi köçkünlərə konkret olaraq pul ayrılmadığını iddia edib və sualın məğzindən yayınıb: ”Məcburi köçkünlərə ayrılan aylıq 150 kilovat saat güzəşt olunub. Qanun əsasında aylıq güzəşt var idi, yanvar ayının 1-dən etibarən qaçqınların mənzillərinə sayğaclar quraşdırılıb. Yeni qanuna görə də onlara ayrılan müavinətlə işıq pulunu özləri ödəməli olacaqlar. Biz qanuna uyğun hərəkət edirik”.

"Hesablama Palatası tərəfindən araşdırılmalıdır"
Müzəffər Baxış ile ilgili görsel sonucu
Hüquqşünas Müzəffər Baxış isə hesab edir ki, bu iddiaları sübut etmək üçün Hesablama Palatası hər iki qurumun işini araşdırmalıdır: ”Bu iddialar sübut olunmadan "Azərışıq” MMC-nin məhkəməyə verilməsi doğru olmazdı. Həmin mənzillərdə əvvəllər sayğac yox idisə, bu iddiaların sübutu mümkünsüzdür. Yeni qaydalar tətbiq olunana qədər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi "Azərişıq” MMC-nin müraciəti əsasında vəsaitlər köçülürdü. Komitə də adambaşına 150 kilovat saat elektrik enerjisinə görə Azərişıq” MMC-yə pul köçürürdü. Vətəndaş sübutu olmadan iddia edə bilməz ki, o limiti keçməyib və vəsait Azərişıq” MMC tərəfindən mənimsənib. Ola bilsin ki, "Azərişıq” MMC ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi arasında hansısa sövdələşmə var. Bunun bütün maliyyə tələbləri araşdırılmalı, bu araşdırmadan sonra nəticəyə gəlmək olar ki, "Azərişıq” MMC-dən nə qədər elektrik enerjisi istehlak edildiyini və komitənin bu enerji qarşılığında ödədiyi vəsaitin məbləği bəlli ola bilər. Bu məsələ də ancaq Hesablama Palatası tərəfindən araşdırıla bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 23-də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib. 

Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.

Ofelya Ramilqızı