Məcburi köçkünlər üçün vahid aylıq müavinət təyin olundu

Məcburi köçkünlər üçün vahid aylıq müavinət təyin olundu

23-01-2017 21:38 / Bu xəbər 1354 dəfə oxundu

Yanvarın 23-də prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Nazirlər Kabinetinə fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib prezidentə məlumat vermək tapşırılıb.

Dövlət Neft Şirkəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.

Arqument.Az