Mədəniyyət Nazirliyi "almışıq", Ekologiya Nazirliyi "satmamışıq" deyir (ARAŞDIRMA)

Mədəniyyət Nazirliyi

29-01-2019 01:49 / Bu xəbər 1754 dəfə oxundu

101811,51 manat məbləğində 2909 m3 odun qırıntısı...

Yanvarın 15-də prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini təkmilləşdirmək məqsədilə sərəncam imzalayıb. 

Sərəncamın 1-ci bəndinin tələbinə görə Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib, qurumun tabeliyində yeni və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdirinin sədrliyi ilə komissiya yaradılıb.  
 
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən Maliyyə naziri Samir Şərifov da Mədəniyyət Nazirliyinin əhatə etdiyi kino sahəsinə toxunaraq bu sahədə keyfiyyətyönümlü dəyişikliyin baş verməsinin vacibliyini vurğulayıb. 

Səmərəli mexanizmin olmadığını deyən maliyyə naziri çıxışında son iki ildə kino sahəsinə ayrılan vəsaitlərin məhdudlaşdırıldığını qeyd edib. 
 
Son dövrlər Mədəniyyət Nazirliyinin adı həm də tender oyunlarındakı korrupsiya hallarında çəkilir. Belə ki, qurumun sifarişçisi olduğu tenderlərdə böyük məbləğdə vəsaitlərin şübhəli xərcləndiyi iddia olunur. 

Qlobal.az-ın araşdırmasına görə, Nazirliyin Şəki Regional Mədəniyyət İdarəsinin sifarişçisi olduğu 7 lot üzrə keçirilən tenderlərdə də ciddi korrupsiya faktları müşahidə olunur. 
 
Məlumatda (tender.gov.az saytına istinadən) deyilir ki, sözügedən tenderlərin ümumi məbləği 386911 (üç yüz səksən altı min duqquz yüz on bir) manatdır. 

Ötən ilin (2018) mart ayının 12-də və 27-də Şəki Regional Mədəniyyət İdarəsinin sifarişçisi olduğu 2 (iki) tenderə, may ayının 16-da 3 (üç) tenderə, iyun ayının 8-də isə daha 2 tenderə yekun vurulub. 
 
Mart ayının 12 və 27-də keçirilən hər iki tenderin qalibi "Sirkon MMC" (VÖEN: 3800810791) olub. 
 
May ayının 16-da keçirilən üç profil üzrə tenderlərin qalibi də eyni şirkət - "Qarabulaq" MMC (VÖEN: 4300363051) olub. 
 
İyun ayının 8-də keçirilən 2 tenderin qalibi yenə də "Sirkon" MMC olub. 
 
Hər iki MMC-nin qanuni təmsilçisi Şəki şəhəri, Bağbanlar ev 59A, 34 ünvanında qeydiyyatda olan Yunusov Şahin Şamil oğludur. 
 
Ümumi məbləği 269138 manat olan tenderin qalibi "Qarabulaq" MMC-nin hüquqi ünvanı Qax rayonunun Əmircan kəndindədir.
 
Qax rayonunun Əmircan kəndinin bələdiyyə sədri belə bir təşkilatı tanımadıqlarını bildirir. 

Dövlət satınalmalarında iştirak edən "Qarabulaq" MMC-nin əlaqə telefonu, texniki və işçi imkanları haqqında heç bir məlumat yoxdur. 
 
Mart ayının 12 və 27-də və iyun ayının 8-də 4 lot (2+2) üzrə keçirilən ümumi məbləği 117773 (yüz on yeddi min yeddi yüz yetmiş üz) manat olan tenderin qalibi "Sirkon" MMC-nin hüquqi ünvanı isə Balakən rayonunun Hənifə kəndidir.
 
Bu şirkət barəsində də əlaqələndirici informasiya yoxdur.
 
"Qarabulaq" MMC 2018-ci ilin may ayının 5-də Şəki Regional Mədəniyyət İdarəsinin "odun yanacağının satın alınması" işləri üzrə sifarişçisi olduğu 101811 (yüz bir min səkkiz yüz on bir) manatlıq tenderin qalibi olub. 
 
May ayının 5-də "Qarabulaq" MMC ilə Şəki Regional Mədəniyyət İdarəsinin arasında imzalanan "dəftərxana ləvazimatları"nın alınması üzrə ikinci tenderin smetası isə 103064 (yüz üç min altmış dörd) manatdır. 
 
Şəki Regional Mədəniyyət İdarəsi may ayının 5-də "Qarabulaq" MMC ilə daha bir tender müqaviləsi bağlayıb. "Tədbirlərin keçirilməsi işləri üzrə" tenderin məbləği 64263 (altmış dörd min iki yüz altmış üç) manat olub. 
 
Diqqət edirsinizsə, əvvilki iki tender (odun yanacağı və dəftərxana ləvazimatı) üzrə qalib olan "Qarabulaq" MMC tələb olunan mal və materialları yalnız ilkin mənbədən alıb sifarişçiyə satır. 
 
2018-ci ilin mart ayının 12-də Şəki Regional İdarəsinin sifarişçisi olduğu "tədbirlərin təşkili üzrə" (20000), mart ayının 27-də "tərtibat işləri üzrə" (49495), iyun ayının isə 8-də "təsərrüfat malları" (30968) və "mətbəə xərcləri" (17310) üzrə keçirilən tenderlərdə qalib olan "Sirkon" MMC də "Qarabulaq" MMC kimi burada əlaqələndirici qurum rolunu oynayır. 
     
Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova Şəki Regional Mədəniyyət İdarəsinin tenderləri ilə bağlı sualı belə cavablandırıb: "Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına əsasən yerli mədəniyyət və turizm şöbələri ləğv olunaraq onların bazasında regional idarələr, o cümlədən hazırki Şəki Regional Mədəniyyət İdarəsi yaradılmışdır. Ona görə də Mədəniyyət Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur". 
 
Zərinə Cavadova

Digər tenderlərdə işi yalnız alıb-satmaq olan "Qarabulaq" MMC və "Sirkon" MMC Şəki Regional Mədəniyyət İdarəsinin tədbirlərini hansı formada və necə həyata keçirdiyi, eləcə də bu tenderlərdə daha hansı şirkətlərin iştirak etdiyi və lot üzrə tenderlərdə iştirak edən şirkətlərin təkliflərinin nədən ibarət olması barədə Şəki Regional Mədəniyyət İdarəsindən münasibət öyrənilib.

Mirvari Zeynalova

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın adından qlobal.aza göndərilən cavab məktubunda deyilir: "Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən 3 LOT üzrə tender keçirilməsi barədə "Azərbaycan” qəzetinin 13 mart 2018-ci il tarixli (N:56) və 03 aprel 2018-ci il tarixli (N:73) nömrələrində aşağıdakı satınalmalar və xidmətlər üzrə açıq tender elan olunmuşdur:
 
LOT-1  Dəftərxana ləvazımatlarının və təsərrüfat xərclərinin satın alınması
LOT-2  İstilik yanacağının (odun) satın alınması
LOT-3  Tədbirlərin təşkili
 
Elan dərc edildikdən sonra "Sirika”, "CC-Standart” və "Qarabulaq” MMC-lər  tenderdə iştirak etmək üçün Şəki Regional Mədəniyyət İdarəsinə müraciət etmiş, aidiyyatı üzrə öz təklif və şərtlərini bildirmişlər. 
 
Təbiidir ki, bu kimi hallarda zaman məfhumu və sərf olunacaq vəsaitin miqdarı başlıca əhəmiyyət kəsb edir. Məhz həmin amillər nəzərə alınaraq daha sərfəli təkliflər zərfi təqdim edən "Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyətə üstünlük verilmişdir. 
 
"Qarabulaq” MMC-nin LOT-1 üzrə ("Dəftərxana ləvazımatlarının və təsərrüfat xərclərinin satın alınması”) üstün gəldiyi tenderdə müəyyən olunmuş vəsaitin miqdarı sizin sorğunuzda qeyd edildiyi kimi üç yüz min manat yox, cəmi 134 min manatdır (yüz otuz dörd min manat 36 qəpik). 

Həmin məbləğin dəftərxana ləvazımatlarına aid hissəsi 103 min manat (yüz üç min manat 68 qəpik) təşkil edir. İlk baxışdan 375 mədəni-maarif müəssisəsi üçün ayrılan həmin vəsait heç də artıq olmayıb, tam normal sayıla bilər. 
 
"Qarabulaq” MMC-nin LOT-2 üzrə qalib olduğu 101811,51 manat məbləğində yanacağın növü odun qırıntısıdır və həcmi 2909 m3-dir.
 
Hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində 375 mədəni-maarif müəsisəsi fəaliyyət göstərir və Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla mədəni-maarif müəssisələrində iş yerlərinin qızdırılması məqsədilə 512 odun sobasından istifadə olunur". 
 
"Şəki Regional Mədəniyyət İdarəsinin müraciət etdiyi (LOT-3) 64263,00 manatlıq "Tədbirlərin keçirilməsi” işlərinin nədən ibarət olduğu sorğunuza gəldikdə isə, buna cavab olaraq bildiririk ki, Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi bölgələr ölkəmizdə (paytaxt Bakı istisna olmaqla) ən iri miqyaslı beynəlxalq və respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərin reallaşdırıldığı coğrafiyada yerləşir. Burada ənənəvi olaraq hər il "Beynəlxalq İpək Yolu” musiqi festivalları, "Beynəlxalq Qoz, Fındıq və Şabalıd” festivalları, "Beynəlxalq Xurma” festivalları, habelə respublika səviyyəli "Tut”, "Milli mətbəx”, "Şəfa” bayramları, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyiilə həsr olunmuş regionlararası "Bölgələrdən-bölgələrə” devizi altında keçirilən yaradıcılıq  festivalları və s. tədbirlər düzənlənir. Həmin tədbirərin həyata keçirilməsi məqsədilə böyük həcmdə bədii tərtibat, dekorasiya və dizayn işləri aparılır, tədbirin keçirildiyi məkana digər bölgələrdən çoxlu sayda bədii-özfəaliyyət kollektivləri cəlb olunur, onların və texniki vasitələrin daşınması üçün nəqliyyat vasitələri kirayə edilir, ictimai iaşə problemləri və s. həll olunur. Yuxarıda sadalananların ərsəyə gəlməsi üçün "Qarabulaq” MMC bir çox hallarda fiziki şəxslərin yardımından istifadə edir", - məlumatda deyilir.
 
Göründüyü kimi, Şəki Regional Mədəniyyət İdarəsisinin rəisi cavab məktubunda "Sirkon" MMC ilə bağlı sualların üzərindən sükutla keçir. Həmçinin suallara verən İdarə rəisinin məktubunda daha bir ilginc məqam isə "Qarabulaq" MMC-nin qalib olduğu tenderlərdə "Sirika" MMC-nin iştirak etməsidir.
 
"Sirika" MMC ötən ilin mart ayının 3-də təsis edilib. Bu təşkilat da 2018-ci ilin may ayının 5-də 24975 manatlıq tender müqaviləsi bağlayıb. 
 
Maraqlı məqam isə "Sirika" MMC ilə "Qarabulaq" MMC-nin hüquqi ünvanının eyni ünvanda-Balakən rayonunun Hənifə kəndində yerləşməsidir.
 
İdarə rəisinin məktubunda digər maraqlı məqam isə ölkənin ən ucqar regionlarında qazlaşdırılmanın aparıldığı bir zamanda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan 375 müəssisənin qızdırılması üçün hələ də orta əsrlərdə olduğu kimi odun yanacağından istifadə olunmasıdır. 

Məktubunda 512 odun sobasından istifadə etdiklərini yazan İdarə rəisi daha sonra bu məqsədlə 2909 m3 odun qırıntısı aldıqlarını qeyd edir. 
 
Şəki Regional Mədəniyyət İdarəsinin rəisinin məktubundakı rəqəmlər maraq doğurduğundan ölkədə odun qırıntılarının satışının hansı formada aparıldığına aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin odun qırıntılarının satışını necə həyata keçiridiyi barədə sualımızı nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cavablandırıb: "Meşədə köküstə qurumuş, inkişafdan qalmış, xəstə və meşə ərazilərində yıxılmış ağaclar hesabına oduncaq ilk növbədə Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə, imtiyazlı şəxslərə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə ETSN-nin Regional Meşə Təsərrüfatı Müəssisələri tərəfindən verilir".

İradə İbrahimova

Ekologiya Nazirliyinin mətbuat xidmətinin rəhbəri 1 m3 odunun qiymətinin odunun daşınma məsafəsindən asılı olaraq 15/45 manat arasında dəyişdiyini və 2018-ci ildə Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən "Qarabulaq" MMC-yə odun satışı olmadığını qeyd edib.
 
Azərbaycan Respublikasının Meşə Məcəlləsinin "Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması" maddəsinin tələbinə görə meşə fondu sahələrindən istifadə etmək, quru odunların alışını, satışını həyata keçirmək üçün meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsi, meşəqırma bileti, orderi və meşə bileti olmalıdır. 
 
Sayt Şəki Regional Mədəniyyət İdarəsində 2018-ci ildə audit aparılıb-aparılmaması ilə bağlı Hesablama Palatasına müraciət edib. 

Zəfər Rzayev

Hesablama Palatasının sosial sahələrin audit şöbəsinin müdiri Zəfər Rzayev bildirdi ki, Hesablama Palatası 2018-ci ildə Şəki Regional Mədəniyyət İdarəsində audit aparmayıb.///qlobal.az