Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir

16-01-2019 00:52 / Bu xəbər 1632 dəfə oxundu

Yanvarın 15-də prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

"AZƏRTAC"ın xəbərinə görə, sənəd Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə izah edilir.

Fərmanla Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

Sənədə görə, Mədəniyyət Nazirliyinin tabeliyində yeni, ölkənin bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanmasından ötrü Komissiya yaradılmaldır.

Komissiyanın sədri Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, sədrinin müavini isə mədəniyyət naziri olacaq.

Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla təkliflərini altı ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Təkilflər informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulmasını əhatə etməlidir. Həmçinin, təkliflər dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili ilə bağlı verilməlidir.

Bundan başqa, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili kimi məsələlər də bura daxildir.

Komissiya eyni zamanda, mədəniyyət evləri, klublar və rəsm qalereyaları haqqında da təkliflər verməlidir.

Ölkədə yeni kitabxana sistemi formalaşanadək Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirməlidir.