Media Klubunda müzakirə: İnternet media: Problemlər və yeni tendensiyalar

Media Klubunda müzakirə: İnternet media: Problemlər və yeni tendensiyalar

11-06-2018 11:30 / Bu xəbər 652 dəfə oxundu

İyunun 9-da Media Klubunda internet medianın problemlərinə həsr olunmuş müzakirə keçirilib. 

Müzakirədə jurnalist Zahir Əzəmət "İnternet media: Problemlər və yeni tendensiyalar” adlı məruzə ilə çıxış edib. 

Həmin məruzəni oxucularımıza təqdim edirik:

Azərbayсanda İnternet medianın yaranması ötən əsrin 90-cı illərin ortalarına təsadüf edir. Öncə qəzetlərin onlayn versiyaları, sonra isə sırf internet-media kimi yaradılan resursların da sayı sürətlə çoxalmağa başladı.

Getdikcə internetin daha geniş yayılması və sürətlənməsi, smart cihazların hamı üçün əlçatan olması, sosial şəbəkələrin həyatımızın bir hissəsinə çevrilməsi bütün dünyada olduğu kimi Azərbaycanda da internet medianıın mövqeyini xeyli gücləndirdi.

Bu gün artıq Azərbaycanda internet media əsas xəbər mənbəyinə çevrilib. Çap mətbuatından fərqli olaraq, internet medianın dəqiq sayı ilə bağlı statistika mövcud olmasa da, təxmini hesablamalar hazırda ölkədə 300-dən çox müxtəlif xəbər saytlarının mövcud olduğunu göstərir.

Artıq birmənalı şəkildə demək olar ki, internet mediası həm xəbər istehsalı sayına, həm də əhatə dairəsinə görə Azərbaycanda da aparıcı mövqeyə sahibdir. Bununla belə, kifayət qədər yeni olan bu sahənin problemləri və inkişaf tendensiyaları yetərincə araşdırılmayıb.

Azərbaycanda internet medianın problemlərini bir neçə qrupa ayırmaq olar.

Media qanunvericiliyi, ifadə azadlığı və bloklanma

Azərbaycan mediasının, o cümlədən internet medianın bu gün ən böyük problemi hakimiyyətin medianın fəaliyyətinə müxtəlif formalarda müdaxilə etməsi və tam nəzarətə almağa çalışmasıdır.

Tanınmış ekspert Ələsgər Məmmədlinin Media Klubu adından təqdim etdiyi 3 may tarixli məruzəsində bu barədə ətraflı bəhs edilib. Məruzədə qeyd olunurdu ki, 2007-ci ildən etibarən KİV haqqında qanuna 13 dəfə əlavə və dəyişiklik edilib ki, bunların hər biri məhdudlaşdırıcı xarakter daşıyır.

Məruzədə həmçininin bildilirdi ki, 2017-ci ilin fevral ayının əvvəlində İnternet mediasının bloklanması və bağlanmasına da hüquqi zəmin yaradılıb. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna bir fəsil əlavə edilib. Bu əlavələrin demək olar hamısı hüquqi münasibətlərdən kənara çıxan, legitim mənafelərə cavab verməyən, media azadlığının üstünlüyü prinsipini aradan qaldıran müddəalardır. Dəyişiklik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məhkəmə qərarı olmadan medianın internet resursunu bağlamaq hüququ verib. Beləliklə, fevralda qanunvericiliyə gətirilən bu məhdudlaşdırıcı dəyişiklik ilk olaraq tənqidi mövqeyi ilə seçilən və cəmiyyəti alternativ mənbə kimi məlumatlandıran resurslara girişin qadağan olunması ilə nəticələndi. Hazırda məhkəmə qərarı olmadan məhdudlaşdırılan resursların sayı 40-dən çoxdur.

Ötən məruzədə bu mövzu üzərində ətraflı dayanılıb. Amma əlavə edək ki, məhz həmin məruzədən sonra bəzi saytların üzərindən blok götürüldü. Amma bir çox tənqidi resurslara – www.azadlıg.org, www.azadlıq.info, www.azerbaycansaatı.com, www.turan.tv və www.meydan.tv kimi saytlara qoyulan giriş qadağası davam etməkdədir.

Bu gün Azərbaycanda aparıcı internet xəbər resurslarının əksəriyyəti məmur-oliqarxların nəzarətindədir. Maddi asılılıq özü-özlüyündə ifadə azadlığına da mənfi mənada böyük təsir edir. Azad, tənqidi və obyektiv medianın sıradan çıxarılması ciddi xəbər oxucularını xarici resurslara yönəldib. Bu gün yüzlərlə internet meiası olduğu halda, əsas tənqidi media funksiyasını fərdi blogçular- youtuberlər, ayrı-ayrı Facebook səhifələri və sosial şəbəkə istifadəçiləri üstlənib.
Media cəmiyyətdə nüfuz və etibarını əhəmiyyətli dərəcədə itirib və bu, ciddi təhlükə hesab olunmalıdır.

Məzmun-mövzu problemi

Azərbaycanda internet medianın nəzərə çarpan ağrılı nöqtələrindən biri də məzmun problemidir. İfadə azadlığının məhdudlaşdırılması, maddi-texniki bazanın zəif olması kimi səbəblər özü-özlüyündə İnternet mediada həm məzmunun əhatə dairəsinə, həm də keyfiyyətə təsir edir.

Bu gün Azərbaycanda internet mediaların əksəriyyəti rəsmi və qeyri-rəsmi məhdudlaşdırıcı addımlardan dolayı, sıradan kriminal xəbərlər, məişət zorakılıqları və sarı xəbərlər hesabına oxucu toplamağa çalışır. İctimai müzakirələrin, alternativ siyasi fikir və dartışmaların, iqtisadi-sosial tənqidlərin yoxluğunda bütün xəbər saytları bir-birinə oxşamağa başlayıb.

Sosial, iqtisadi, siyasi problemlər haqqında ciddi müzakirələrin əvəzinə cəmiyyəti mənəvi böhrana sürükləyən, mənəvi deqradasiyaya uğradan xəbərlər ön plana çıxıb. İntiharı, məişət zorakılığını, sıradan kriminal olayları daimi gündəmdə saxlayan bu xəbərlər kütləvi oxucunun təhtəlşüurunda hazır davranış qəlibləri formalaşdırır və nəticədə cəmiyyətdə oxşar hadisələr zəncirvari şəkildə çoxalır və adiləşir.

Bu bir daha onu göstərir ki, azad və sağlam olmayan media cəmiyyətin həm bu günü, həm də gələcəyi üçün təhlükəlidir.

İnternet mediada müşahidə olunan əsas cəhətlərdən biri də şablon xəbərçiliyin önə çıxması, böyük araşdırma və təhlillərin demək olar ki, yoxa çıxmasıdır. Obyektivlik naminə qeyd edək ki, bu təkcə Azərbaycanda deyil, aparıcı Qərb ölkələrində də müşahidə olunur. Xarici ekspertlər hesab edir ki, bu gün internet mediası qısa materiallara və xəbərlərə üstünlük verir deyə, jurnalistikanın araşdırma, reportaj, təhlil kimi ağır qolları sıradan çıxmaq təhlükəsi ilə üzləşir. İnternet mediası kütləvi oxucuya- sosial şəbəkə istifadəçisinə xitab edir deyə, məzmunun keyfiyyəti və səviyyəsi bayağılaşmaya doğru gedir. Son illərin trendlərindən olan, qısa müddətdə milyonlarla oxucu toplayaraq, nəhəng KİV-ləri arxada qoyan Buzzfeed platformasını buna bariz nümunə göstərə bilərik. Buzzfeed bir çox hallarda akademik nəşrlərin təhlil və araşdırmalarını belə təkrar işləyərək, qısaltma və sadələşdirmələr apararaq orta statistik oxucuya – adi sosial şəbəkə istifadəçisinə uyğunlaşdırır.

Maddi-texniki baza və Reklam bazarı

Azərbaycanda hakimiyyətin və məmur-oliqarxların nəzarətində olan bir neçə internet mediadan başqa digərləri çox ağır şərtlər altında fəaliyyət göstərir. Əksəriyyətində ofis şəraiti və maddi texniki baza bərbad vəziyyətdədir.

İnternet medianın maddi-texniki bazasının yaxşılaşması isə Reklam bazarından birbaşa asılıdır. Azərbaycan iqtisadiyyatının monopolist xarakterindən Reklam bazarı da kənarda qalmayıb. Təəssüf ki, hakimiyyətə yaxın olan bir neçə saytdan başqa digər saytlar iri şirkətlərin və reklam agentliklərinin "qara siyahısı”ndadır.

Reklam bazarının monopoliyada olması və hakimiyyətin süni müdaxilələri isə nəticədə rəqabət mühitinin ciddi şəkildə pozulmasına gətirib çıxarır. Bu isə ümumilikdə internet medianın inkişafını əhəmiyyətli dərəcədə ləngidir. Məsələn, bu gün Azərbaycanda yalnız barmaqla sayılacaq qədər internet medianın mobil tətbiqi vardır. Halbuki sosial mediadan asılılığı azaltmaq, alternativ oxucu kanalı qazanmaq üçün mobil tətbiqlərin böyük təsiri vardır. Bundan əlavə, Azərbaycan saytlarının böyük əksəriyyətinin dizaynı və texniki imkanları müasir tələblərə cavab vermir, multimedia xidmətləri, infoqrafika, interaktivlik yox dərəcəsindədir. Bütün bunlar isə ciddi vəsait tələb edir.

İnternet mediaya dövlət dəstəyi məsələsi dəfələrlə səsləndirilsə də, təəssüf ki, hələ də real bir addım yoxdur. Amma bu dəstək olacaqsa belə, onun forma və mahiyyəti mütləq öncədən geniş müzakirə olunmalı, KİVDF-nin qəzetlərə qoşduğu "süni nəfəs aparatı”na oxşamamalıdır.

Xarici ölkələrin, o cümlədən qardaş Türkiyənin reklam bazarı və media münasibətlərini tənzimləyən təcrübəsi diqqətlə öyrənilməli, ödədiyimiz vergilər hesabına KİVDF-yə ayrılan dövlət vəsaitləri daha səmərəli və doğrudan da medianın inkişafına yönələcək şəkildə istifadəsi yolları araşdırılmalıdır. Həm də təcrübəli, müstəqil media mütəxəssisləri və ekspertlərinin iştirakı ilə!

İnternet medianın əsas problemlərindən biri də onun statusu məsələsidir. Qeyd etdiyimiz kimi Azərbaycanda internet medianın tarixi 90-cı illərin ortalarından başlasa da uzun müddət onun statusu havadan asılı durumda idi. KİV haqqında qanunun 3-cü maddəsinə 2002-ci ildə "informasiya agentlikləri, internet”, 2017-ci ilin dekabr ayında isə "informasiya ehtiyatı” kimi ümumi sözlər əlavə etməklə internet medianın statusunu və mahiyyətini tam əhatə etmək mümkün deyildir. İnternet media xeyli spesifik sahədir və ona daha detallı yanaşma lazımdır. Bundan əlavə, indiki ağır şərtlər də nəzərə alınmaqla mediaya, özəlliklə də internet mediasına vergi güzəştləri tətbiq edilməli, bir xəbər saytı ilə nəhəng şirkətlərlə eyni vergi faizləri tətbiq olunmamalıdır.

Server, təhlükəsizlik və kadr problemi

İnternet medianın problemlərindən danışarkən onun spresifik texniki tərəfləri olan – server, təhlükəsizlik və kadr problemləri də mütləq qeyd edilməlidir.

Azərbaycan internet mediasının mütləq çoxluğu məlumatlarının saxlanılması və qorunması üçün xarici ölkələr- əsasən Almaniya və ABŞ şirkətlərinin xidmətlərindən istifadə edir. Bu, hər ay ölkədən külli miqdarda vəsaitin axınına səbəb olmaqla yanaşı, saytların açılma sürətinə və keyfiyyətli xidmət göstərmələrinə də mənfi təsir göstərir.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən özəl şirkətlər yox dərəcəsindədir, mövcud olanlar da əsasən vasitəçi şirkətlərdir.

Əvəzində 2000-ci ildən fəailiyyət göstərən və milyonlarla dövlət vəsaiti hesabına tikilən Delta Telekom-un Qafqazda ən böyük Data Mərkəzi, özlərinin də etiraf etdiyi kimi, öz imkanlarının cəmi 10 faizi həcmində işləyir.

Bundan əlavə, 2016-cı ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Regional Data və Beynəlxalq Kommutasiya mərkəzi də fəaliyyətə başlayıb. Böyük vəsaitlər hesabına başa gələn və nəhəng imkanlara malik olan bu mərkəzlər, təəssüf ki, daha çox dövlət qurumlarına xidmət göstərməyə üstünlük verir və özəl şirkətlərə təklif etdikləri qiymətlər rəqabətə davamlı deyil.

Halbuki İnternet mediası ölkənin informasiya təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir və onların ölkə ərazisində yerləşdirilməsi üçün dövlət münbit şərait yaratmalıdır.

Hərçənd indiki vəziyyətdə hakimiyyətin bundan da öz nəzarəti üçün sui-istifadə etməyəcəyinə təminat yoxdur.

İnternet mediaların fəaliyyətinə təhdidlərdən biri də onların tez-tez xarici ölkələrdən və ölkə içindən kiber hücumlara məruz qalmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli fərmanı ilə Elektron Təhlükəsizlik Xidməti yaradılıb. Mərkəz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.

Eyni tarixdə Prezidentin fərmanı ilə Dövlət Mühafizə Xidmətinin tərkibində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi də yaradılıb.

Bundan əlavə, Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan Respublikasının "Milli Təhlükəsizlik haqqında” Qanununda da öz əksini tapıbr. Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin informasiya təhlükəsizliyinə təhdidlər ümumi və qısa formada öz əksini tapmışdır. Konsepsiyada qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.

Göründüyü kimi, bu sahədə qanunvericilik və yaradılan strukturlar baxımından ciddi boşluq olmasa da, İnternet mediaları öz fəaliyyətlərində bu qurumların real təsirini hiss etmir.

İnternet mediaların informasiya təhlkəsizliyi həm də bu saytlara texniki xidmət göstərən heyətin peşəlarlıq səviyyəsindən də birbaşa asılıdır. Azərbaycanda bu istiqamətdə xidmət göstərən şəxslərin böyük əksəriyyəti bu sahədə təhsil almayıb. Onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, habelə peşəkar kadrların hazırlanması məsuliyyəti də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərindədir. Təəssüf ki, son 10 ildə bu istiqamətdə heç bir əməli addım atılmayıb.

YENİ TENDENSİYALAR

Bura qədər qeyd etdiklərimdən də anlaşıldığı kimi internet media həm də bir texnoloji hadisədir. Texnologiyanın çox sürətli inkişaf etdiyi indiki vaxtda internet mediası da bu yeniliklərlə ayaqlaşmağa can atır. 2017 və 2018-ci illərdə dünya internet mediasında hiss olunan əsas yeni tendensiyalardan da bəhs etmək istərdik.

Blokçeyn texnologiyası

Məlumatların saxlanılması və təhlükəsizliyi problemindən artıq bəhs etdik. Bu problemi doğuran əsas səbəblərdən biri də mərkəzləşdirilmiş serverlərlə bağlıdır. Artıq Blokçeyn texnologiyasına dayanan müəyyən platformalar tam fərqli həllər təklif etməyə başlayıb. Gələcəkdə artıq hər bir oxucunun cihazı medianın serverinə çevrilə bilər. Vahid server əvəzinə, məlumatlar qeyri-mərkəzləşdirilmiş on minlərlə, bəzən yüz minlərlə cihazda kodlaşdırılmış şəkildə qoruna bilər. Bu da özlüyündə təhlükəsizlik və bir çox hallarda hətta bloklanma problemlərinin həlli deməkdir.

Big Data və süni zəka

Bu gün artıq dünyanın böyük xəbər saytları öz oxucuları haqqında məlumatları toplayan ağıllı alqoritm və süni zəka proqramlarına sahibdir. Bu məlumatlar konkret oxucunun nə oxuduğunu, nələr oxumaq istədiyini müəyyənləşdirməyə və bu maraqları idarə etməyə imkan verir. Bu bilgilər və hədəf kütlələri internet medianı həm də reklam bazarı üçün cəlbedici edir

Əşyaların interneti

Artıq texnologiyanın inkişafının elə mərhələsinə qədəm qoymuşuk ki, hər bir əşya internet platformasına çevrilməyə qadirdir. Bura soyuducu, ütü kimi məişət avadanlığından tutmuş, ev divarları, hamam otağı, binalar, yollar kimi – ətrafımızda olan hər şey daxildir. İnternetin olduğu hər yer isə həm də media üçün platforma deməkdir. Artıq smart telefonlarda uğurla testdən çxarılan "Siri” tipli səsli proqramlar az sonra bütün qurğularda və əşyalarda da tətbiq edilməyə başlayacaq. İnsanlar səsli soruşmaqla belə, istənilən dildə, istənilən xəbəri alacaq. Ağıllı botlar lazım olan xəbəri tapıb seçdiyiniz dildə səsləndirəcək.

Ağıllı botlardan artıq "robot-jurnalist” kimi də istifadə olunduğunu burada qeyd etməyin yeri var. Məsələn, ABŞ-ın İlinoys ştatında yerləşən Şimal-Qərb Universitetinin mütəxəssiləri tərəfindən hazırlanan "Narrative Science” adlı alqoritm artıq bir çox media qurumları üçün bu xidməti göstərir ki, onların arasında "Forbes” kimi məşhur resurs da var.

Əlbətdə, yeni tendensiyalardan çox danışmaq olar. Amma bütün bunlar hələ Azərbaycan internet mediası üçün sadəcə xəyaldır. Biz hələ dünyanın 10 il əvvəl tətbiq etdiyi yeniliklərə gəlib çatmamışıq. Yuxarıda da qeyd etdiyimiz kimi, nə mobil tətbiqlər, nə 3D texnologiyalara dayanan multi-media xidmətləri, nə istənilən qurğuya uyumlu dizaynlar, nə interaktivlik, nə də bu kimi bir çox yeniliklərin nəfəsi hələ bir çoxumuza toxunmamışdır.

Media Klubu, 
9 iyun 2018