Media təsdiqlənməmiş məlumat yaymışdı, yoxsa... - Prezidentin qızının toyunda kimlər iştirak etmədi?

Media təsdiqlənməmiş məlumat yaymışdı, yoxsa... - Prezidentin qızının toyunda kimlər iştirak etmədi?

22-05-2016 19:20 / Bu xəbər 1298 dəfə oxundu

Mayın 14-də ölkə mediası Pakistanın "The News” qəzetinə istinadən xəbər yaymışdı ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qızının toy mərasiminə dəvət edib.

Azvision.az-ın yaydığı xəbərdə bildirilirdi ki, Ərdoğanın qızının toyuna dəvət alanlar arasında Pakistanın baş naziri Navaz Şərif və ailəsi, habelə qardaşı, Puncab əyalətinin baş naziri Şahbaz Şərif də var. Pakistan baş naziri və ailə üzvləri Ərdoğanın qızının toy mərasimində iştirak etmək üçün bu gün İstanbula gedəcəklər.

Pakistanın "The News” qəzetinin xəbərinə əsasən Ərdoğan qızının toyuna beş dövlət və hökumət başçısını dəvət edib.

Qəzetin yazdığına görə, onların arasında Pakistan baş naziri ilə yanaşı, Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani də yer alıb.

Ərdoğanın qızının toyu may ayının 14-də axşam İstanbulun Yəhya Kamal Bəyatlı Mərkəzində keçirilib. Türkiyə prezidentinin qızı Süməyya Ərdoğan məşhur iş adamının oğlu, pilotsuz uçan aparatların istehsalı üzrə mühəndis olan Selcuk Bayraktarla evlənib.

Türk mediası isə toya 6 min nəfərin dəvət olunduğunu yazıb. Prezidentin qızının nikah şahidi isə Türkiyənin baş naziri Əhməd Davutoğlu olub. 

Amma sonradan türk mediası toyda iştirak edən dövlət başçılarının və xarici qonaqların adını açıqladı və Azərbaycan Prezidentinin toyda iştirakını təsdiqləyən heç bir məlumat yayılmadı. 

Azərbaycan mediasında yayılan xəbərlər də rəsmi nə təsdiq, nə də təkzib olundu. 

Dəvətlə bağlı xəbərin üzərindən bir həftə keçməsinə baxmayaraq, bu gün mövzu sosial şəbəkələrdə də müzakirə mövzusu olub. Bəzi iddialara görə ümumiyyətlə belə bir dəvət olmayıb, media təsdiqlənməmiş məlumat yayıb, digər iddialara görə isə mayın 14-də Vyetnam prezidentinin Azərbaycana səfəri ilə əlaqədar prezidentin toyda iştirakını təxirə salıb. 

Xatırladaq ki, mayın 14-də Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycanda rəsmi səfərdə olub və Azərbaycan prezidenti ilə görüşərək bir sıra sənədlər imzalayıblar.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gediblər. 

Arqument.Az