Medianın durumu: "Qeyri-azad ölkənin jurnalisti özünü necə hiss edə bilərsə..." - MÜSAHİBƏ

Medianın durumu:

14-07-2019 14:22 / Bu xəbər 1714 dəfə oxundu

Ekspert: Dünyada media azadlığı baxımından 180 ölkə içərisində 166-cı yerdə olan və qeyri-azad hesab olunan bir ölkənin jurnalisti özünü necə hiss edə bilərsə, bu yubiley ərəfəsində Azərbaycan mediası da özünü elə hiss edir...  
 
Mətbuatın qayəsi "güzgü" rolunu oynamaqdan keçir, o "güzgü" ki yetən yetir, yetməyən daş atır.

1998-ci ilin avqustunda ləğv olunan senzura dolayı yolla mətbuatın üzərindədir. Belə ki, əsassız məhkəmələri, təzyiqləri, jurnalistlərin həbsi və s kimi problemləri ”Qeyri-rəsmi" senzura” da adlandırmaq olar. 

Qarşıdan isə Milli Mətbuat günü gəlir. 

Ölkədə medianın durumu, son zamanların aktual mövzularından olan mətbuat üzərində kəskin nəzarət, saytların bloklanması və digər probemləri media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli ilə müzakirə etdik.

Arqument.Az media eksperti ilə müsahibəni təqdim edir: 

- Ələsgər bəy, iyulun22-də ölkədə Milli Mətbuat günü qeyd olunacaq. Mətbuatın hazırki durumunu necə qiymətləndirirsiniz?

- Milli Mətbuatımızın 144- cü il dönümünü qeyd etməyə hazırlaşarkən Azərbaycan mətbuatının hazırki durumunu qiymətləndirmək o qədər də asan deyil. Çünki geridə 144 ilə yaxın bir proses var və bu 144 illik proses dönəmində media mümkün qədər addım-addım inkişaf etməyə çalışıb. Azərbaycan müstəqil olandan sonra, hətta müstəqillikdən bir-iki il əvvəl 1989-cu ildən etibarən özünün milli, öz ayağı üzərində duran mediasının formalaşma prosesi başladı və bu proses təxminən 90-cı illərin ortalarına qədər yaxşı gəldi. 

- Bəs 90-cı illərdə nə baş verdi? 

- 90-ci illərin ortalarından sonra Azərbaycan mediasında azadlıqlar məhdudlaşmağa və daralmağa başladı. Xüsusən Azərbaycanda neft gəlirləri artadan sonra medianın durumu pisləşdi. Belə ki, 2005-ci ildə neft gəlirlərini real həyata inteqrasiyası və dönüşümündən sonra Azərbaycan mətbuatının demək olar ki, qara günləri başladı. Öncə çap mediası bir-bir sıradan çıxarıldı, daha doğrusu, onlar fəth edildi və mövcud struktura uyğun şəklə gətirildi. Azərbaycanda heç vaxt müstəqil televiziya qurula bilmədi. Düzdür, 90-cı illərin əvvəlində bu cəhdlər oldu, amma dərhal qarşısı alındı. Yadınızdadırsa, Sara TV, ABA TV kimi kanallar vardı. Qismən ANS özünü qorumağa çalışdı, amma 2006-ci ildə ANS bağlandı, 2016-cı ilə qədər azadlığını itirmiş vəziyyətdə bərpa olundu. 2016-cı ildə isə birdəfəlik bağlanmış oldu. Yəni Azərbaycanda yayım mediası birmənalı olaraq azad olmadı. Çap mediasında isə qismən azadlıq vardı, fərqli tərəflərin mediası mövcud idi. Həm iqtidar, həm müxalifət, həm ortada tərəfsiz olan şəxslər, qurumlar vardı. Amma günümüzdə müxalifət mediası tamamilə sıradan çıxardılıb. Bu gün müxalifət mediası deyilən bir ənənəvi media mövcud deyil. Amma bunun əvəzində online media mövcuddur. Online medianın təbii ki, tərəfləri var. Hazırda fərqli sferaların online mediası mövcuddur. Amma bu da reallıqdır ki, hökumət xüsusilə son iki ildə online medianın da azadlığına müdaxilə edəcək şəkildə istər hüquqi, istər praktik addımlar atıb. Hazırda saytların bloklanması, çox sayda məhkəmə qərarı, məhkəmə qərarı olmadan  saytların bloklanması, sosial şəbəkə üzərindən yayım edənlərin bir hissəsinin qorxudularaq, bir hissəsinin isə əsassız iddialarla məhkəməyə çəkilməsi və s. kimi hallar Azərbaycan mediasının mövcud vəziyyətinin acınacaqlı görüntüsüdür. Hazırda media azadlığı baxımından önəmli olan jurnalistlərdən beşi həbsdə məhkum həyatı keçirir, onların haqqında məhkəmə qərarı var. İki jurnalist - biri vətənə xəyanətdə, digəri isə konkret olaraq hədə-qorxu ilə pul tələb etmə baxımından məhkəmə prosesindədir. Belə halda Azərbaycan mediasının vəziyyətini yubiley öncəsi necə qiymətləndirək? Dünyada media azadlığı baxımından 180 ölkə içərisində 166-cı yerdə olan və qeyri-azad hesab olunan bir ölkənin jurnalisti özünü necə hiss edə bilərsə, bu yubiley ərəfəsində Azərbaycan mediası da özünü elə hiss edir... 

- Ölkədə çap mediasının sıradan çıxması mətbuatın inkişafına necə təsir etdi? 

- Əslində, çap mediasının sıradan çıxmasının iki önəmli səbəbi var: birincisi, texnologiyanın inkişafı, ikincisi isə reklam dəstəyinin olmaması. Çap mediası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (Bundan sonra KİV DF. red) tərəfindən müvəqqəti verilən süni nəfəs kimi ayaqda durmağa çalışırdı. Düşünürəm ki, çap mediasının önəmli təsirlərindən biri də o idi ki, peşəkar jurnalistlər redaksiya mühitində yeni nəsil jurnaistlərin yetişməsi üçün istər-istəməz ikinci alternativ məktəb rolu oynayırdılar. İndi bu mühir yoxdur. İndiki halda isə o qədər də geniş redaksiyalar yoxdur. Hər kəs işi kompüter qarşısında çox böyük diskussiya olmadan azsaylı insanların mobil redaksiyası çərçivəsində həyata keçirir. Bu da gənc jurnalistlərin yetişməsi üçün mühiti məhdudlaşdırır. Çünki çap mediasının redaksiyaları gənc jurnalistlərin yetişməsi üçün daha yaxşı infrastruktur təmin edirdi. Beləliklə, redaksiya mühitində geniş müzakirələr aparmaqla məsələləri həm praktik, həm də əyani tətbiq edərək öyrənirdilər. Bu da ciddi şəkildə medianın itkisidir.

- Ölkədə xeyli sayda sayt bloklanıb. Məhkəmə qərarı olmadan saytların bloklanması nə dərəcədə məqbuldur?

- Məhkəmə qərarı olmadan saytların bloklanması ümumiyyətlə məqbul deyil. Qanunvericiliyə görə məhkəmə qərarı olmadan müvəqqəti tədbir kimi sayt bloklana bilər. Lakin bloklandıqdan sonra məhkəmə qərarı ilə onun ya qüvvədə qalması, ya da götürülməsi lazımdır. Amma Azərbaycanda qanunvericilik xüsusilə "İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun tələbləri kobud şəkildə pozulur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birtərəfli olaraq bəzi saytları bloklayır və bunu ümumiyyətlə məhkəmə mübahisəsinə aparmır. Bu da hüquqi baxımdan qanunun konkret olaraq tətbiq olunmaması anlamına gəlir ki, bu əslində, yol verilməzdir. İstər dövlət qurumları, istərsə də digər qurumlar yalnız və yalnız qanunla müəyyən olunan çərçivədə fəaliyyət göstərməlidir.

- 2017-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişikliyin medianın iş prinsipinə təsiri barədə nə deyə bilərsiniz?

- 2017-ci ilin ən ciddi şəkildə medianı təhdid edən addımlarından biri "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əlavə edilən fəsil oldu. Bu fəsil birmənalı olaraq  Azərbaycanda Konstitusiyanın 50-ci (məlumat azadlığı) və 47-ci (İfadə azadlığı) maddələrinə, həmçinin Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığını tənzimləyən 10-cu maddəsinə ziddir. Çünki heç bir hüquqi əsas olmadan hansısa icra strukturunun mülahizəsi əsasında medianın fəaliyyətini dayandırmaq, bloklamaq ümumiyyətlə ifadə azadlığına məhdudiyyət gətirmək imkanı verməməlidir və bunu müəyyən edən istənilən norma birmənalı olaraq qeyri legitim olduğu üçün onun tətbiqi insanların ifadə azadlığına məhdudiyyət qoyur.

- Medianın bu vəziyyətdən çıxması üçün hansı addımları atmaq lazımdır?

- Medianın vəziyyətdən çıxması üçün əsas atılacaq addımlar ilk növbədə hüquqi mühiti liberallaşdırmaq, diffamasiyanı qanunvericilikdən çıxarmaq, eyni zamanda dövlətin ən təməl funksiyası medianın işinə müdaxilə etməmək və ona uyğun mühit yaratmaqdır. Son vaxtlar qanunvericiliyə gətirilən, istər Cinayət Məcəlləsinə, istər informasiya məsələləri ilə bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əlavə edilən online resursların bloklanması məsələsini ləğv etmək lazımdır. Bundan başqa, media mühitinin sərbəstləşməsi və azad olması baxımından addımlar atılmalıdır. Bilirsiniz ki, digər fakültələrdən fərqli olaraq jurnalistika fakültəsinə qəbul zamanı ikiqat imtahan keçirilir. Bu da peşəkar, istəkli insanların seçilməsinə müəyyən məhdudiyyət gətirir.

Səkinə Xanım