"Məhbusun həyatına görə dövlət məsuliyyət daşıyır" - Tofiq Həsənlidən xəbər var

19-05-2017 20:53 / Bu xəbər 1202 dəfə oxundu

Həbsdəki satirik şair Tofiq Həsənlinin səhhətində problemlər yaranıb. 

Vəkili Elçin Sadıqov mayın 18-də şairlə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində görüşdüyünü bildirib. 

O, Tofiq Həsənlinin ürək nahiyəsində kəskin ağrılarının olduğunu, lakin müəssisə rəhbərliyinə müraciətlər etsə də, onun müayinə edilməsi ilə bağlı addımlar atılmadığını deyib.

Elçin Sadıqov Toplum.Tv-yə bildirib ki, məhbusun həytına və sağlamlığına görə dövlət məsuliyyət daşıyır: "Cəzaçəkmə müəssisəsində bütün xəstəlikləri müalicə etmək öhdəliyi dövlətin üzərindədir". 

Vəkil deyib ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, Tofiq Həsənli müayinə olunmayıb: "Bizim dəfələrlə müraciət etməyimizə baxmayaraq, Tofiq Həsənli müayinə olunmayıb. Bu da qanunsuzluqdur. Bununla bağlı Penitensiyar Xidmətin rəhbərliyinə də müraciət etmişik. Eyni zamanda Ombudsmana da müraciət elədik. Müraciətlərimizin baxılmasını gözləyirik”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza isə Toplum.Tv-yə bildirib ki, hər hansı bir insanın səhhətində problemlər varsa, buna ciddi yanaşmaq lazımdır: 

"Məsələ ilə bağlı yaxından tanış deyiləm. Amma tək şairi yox, ümumiyyətlə, heç bir insanı incitmək olmaz. Əgər onun səhhətində problemlər varsa, buna ciddi yanaşmaq lazımdır”.

Hüquq müdafiəçisi Əsabəli Mustafayev də hesab edir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi hər bir məhbusun müraciətinə baxmağa borcludur: 

"İstənilən cəzaçəkmə müəssisəsində saxlananların belə problemləri olanda vəkillər əllərindən gələni etməyə çalışırlar. Müraciətə baxılmadıqda cəzaçəkmə müəssisəsinin rəhbərliyini məhkəməyə verə bilərlər. Hüquqi müstəvidə yalnız bunu etmək olar. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi hər bir cəzaçəkən şəxsin müraciətinə baxmalıdır, sağlamlığını qorumaq üçün əlindən gələni etməlidir. Elə cəzaçəkənlər var ki, sağlamlığı ilə bağlı müraciətə baxılmadıqları üçün vəfat edirlər. Əminəm ki, vəkillər əllərindən gələn köməyi edəcəklər”.

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Onun apellyasiya şikayəti də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli "Facebook" və "Youtube" hesablarında satiralarını yaymağa davam edib. 

2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Alya A.