''Məhəlləmizin yaşıllıq zonası məhv edilib''

''Məhəlləmizin yaşıllıq zonası məhv edilib''

22-07-2017 15:52 / Bu xəbər 1189 dəfə oxundu

Nazirlik prokurorluğa şikayət edib

"Məhəlləmizin yaşıllıq zonası məhv edilib. Yerinə obyekt tikirlər. Az qala bütün aidiyyatı qurumlara müraciət etmişik. Maraqlanan, dərdimizə çarə tapan olmayıb”, - Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsi 91 ünvanının sakinləri belə deyirlər. 

Onlar Meydan TV-yə bildiriblər ki, uşaqlarının oynaması, axşamtərəfi istirahət üçün olan çox az yeri də əllərindən alıblar: 

"Xahiş edirik ki, məhəlləmizin bu problemini işıqlandırıb obyekt tikintisinə havdarlıq edən məmurlarla mübarizədə bizə kömək edəsiniz. Bununla bağlı Prezident Administrasiyasına, prezidentə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Fövqaladə Hallar Nazirliyinə, Təbii Sərvətlər və Ekologiya Nazirliyinə, Heydər Əliyev Fonduna,  İDAYA İctimai Birliyinin rəhbəri Leyla xanıma, tikinti şirkətinə və ağacların məhv edilməsinə icazə verən müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişik. Yaşıllıq zonasının məhv edilməsi ilə bağlı fotoşəkillər göndərmişik. Biz əlimizdə olan yaşıllığı itirmək istəmirik. Böyük məhəllədir. Uşağı var, yaşlısı var. Biz harada istirahət edək?”. 

Meydan TV sakinlərin şikayətləri ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin ümumi söbəsindən onlara müraciət edilmədiyini, problemlə maraqlanacaqlarını deyiblər: 
"Hələ ki, bununla bağlı bizə məktub gəlməyib. Hər halda, araşdıracağıq. Görək nə məsələdir”. 

Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan sakinlərin də problemi oxşardır. Yaşadıqları ərazidə ağacların kəsilərək yerində tikinti işlərinin aparıldığını deyirlər. 

Onların şikayətləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluğa müraciət edib.

Məlumatı nazirlik saytında yayıb. Bildirilir ki, nazirliyin əməkdaşları şikayətçilərin iştirakı ilə yerində araşdırma aparıblar. 
"Məlum olub ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0.2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə "MİD-17” MTK-ya ayrılıb. Sözügedən şirkət yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlayıb. Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib”.

Nazirlik olaya hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.

Ancaq məsələyə, hələlik, sözügedən şirkətdən və Bakı şəhər İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.