Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə

31-01-2017 11:33 / Bu xəbər 3262 dəfə oxundu

Yadigar Sadıqov

Azərbaycan milli-azadlıq hərəkatının gələcək lideri 1884-cü il yanvarın 31-də Novxanı kəndində ruhani ailəsində anadan olub. Atası Hacı Ələkbər tanınmış din xadimi idi. Məhəmməd Əmin hələ kiçik ikən anası Ziynət xanım vəfat edib. Analığı Maral xanımın himayəsində böyüyüb.

Hacı Ələkbər din xadimi olmasına baxmayaraq, dövrünün maarifçi fikirlərinə həssas olduğundan oğlunun dünyəvi təhsil almasına üstünlük verib. Rəsulzadə öncə ikinci Rus-Tatar məktəbində, daha sonra isə Bakı texniki məktəbində təhsil alıb.

Məhəmməd Əmini gənc yaşlarından siyasi mübarizə cəlb edib. O, 1902-ci ildə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu illərdə o, sosial-demokratiyaya daha çox meyl edib. Məhz Rəsulzadə Mirhəsən Mövsümov və Məmmədhəsən Hacınski ilə birlikdə Azərbaycanda ilk sosial-demokrat təşkilat olan Hümməti yaradıblar. Qeyd edək ki, sovet tarixşünaslığı Hümmətin fəaliyyətindən bəhs edərkən banilərindən birinin Rəsulzadə olduğunu ciddi-cəhdlə gizlədib.

1905-1907-ci illərin birinci rus inqilabından sonra Məhəmməd Əmin sosial-demokratiya ilə bağlı məyusluq yaşayır və hədəfi muxtar idarəetmə olan milli hərəkatın tərəfdarına çevrilir. Lakin inqilabın yatırılmasından sonrakı çar repressiyaları Rəsulzadəni 1908-ci ildə vətənini tərk etməyə vadar edir.

O, əvvəlcə İranda məskunlaşır, burada vüsət alan Səttarxan hərəkatında fəal iştirak edir. İran Demokrat Partiyasının əsasını qoyan Rəsulzadə eyni zamanda "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərir. İran məşrutə inqilabını yatırılmasından sonra isə Türkiyəyə gedir.

Rəsulzadənin sonralar müsavatçılıq adlanacaq siyasi görüşlərinin formalaşması da bu illərə təsadüf edir. O, İstanbuldan həmfikirlərinə yazdığı məktublarında milli-demokrat xarakterli təşkilatın yaradılmasının vacibliyini vurğulayır. Məhz bu ideya əsasında Məhəmmədəli Rəsuloğlu, Tağı Nağızadə və Abbasqulu Kazımzadə tərəfindən 1911-ci ilin oktyabrında Müsəlman Demokratik Müsavat Partiyası yaradıldı. Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı 1913-cü ildə Azərbaycana qayıdan Rəsulzadə partiyanın ideoloquna və liderinə çevrildi. Qeyd edək ki, partiyanın adında bir neçə dəfə müəyyən dəyişikliklər edilib. Dəyişməyən yalnız Müsavat sözü olub.

Növbəti 4 il Rusiya imperiyasında siyasi durğunluqla müşahidə olduğundan Müsavatın fəaliyyətində də xüsusi uğurlar nəzərə çarpmır. Burada yalnız 1915-ci ildə "Açıq söz" qəzetinin çapa başlamasını qeyd etmək lazımdır.

1917-ci ilin Fevral inqilabından sonra siyasi proseslər ağlagəlməz sürətlə cərəyan edir. Bu zaman da məhz Müsavat azərbaycanlıların milli istəklərinin əsas ifadəçisinə çevrilir. Apreldə Moskvada keçirilən Ümumrusiya müsəlmanları qurultayı isə Rəsulzadənin təntənəsi ilə yekunlaşır. Qurultay alternativ təkliflərə baxmayaraq Müsavat liderinin gələcək Rusiyanın federativ əsaslarla təşkil edilməsi haqqında təklifini qəbul edir.

Müsavat 1917-ci ilin iyununda İsmailiyyə binasında keçirilən ilk qurultayında Nəsibbəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və digər tanınmış xadimlərin yer aldığı Türk Ədəmi-Mərkəziyyət Partiyası ilə birləşir. Nəticədə partiyanın əhali arasında populyarlığı daha da yüksəlir.

Müsavat oktyabrda Bakı Sovetinə, noyabrda isə Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanır. Son halda partiya Cənubi Qafqaz müsəlmanlarının səsinin 23 hissəsini alır. Seçilən 14 nümayəndədən 10-u müsavatçı idi. Rəsulzadənin Rusiya miqyasında nüfuzunu belə bir fakt da sübut edir ki, o Müəssislər Məclisinə Cənubi Qafqazla yanaşı Türküstandan da nümayəndə seçilmişdi.

Müəssislər Məclisinin bolşeviklər tərəfindən silah gücünə dağıdılmasından sonra Cənubi Qafqazdan seçilən nümayəndələr Tiflisdə toplaşaraq bölgənin öz parlamentini – Seym formalaşdırmağı qərara aldılar. Bu zaman Müəssislər Məclisinə keçirilən seçkilərin nəticələri nəzərə alınmaqla nümayəndəliklərin say tərkibinin daha genişləndirilməsi nəzərdə tutulurdu. Nəticədə azərbaycanlılar Seymdə 44 nəfərlə təmsil olundular ki, onlardan 30-u müsavatçı idi.

Lakin Cənubi Qafqaz federasiyası ideyası yaşam qabiliyyətli olmadı. 1918-ci il mayın sonlarında 3 müstəqil dövlət yarandı. Seymin Azərbaycan fraksiyası özünü Milli Şura elan etdi, Məhəmməd Əmin Rəsulzadə isə qurumun sədri seçildi. Milli Şura mayın 28-də Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi.

Məhz Rəsulzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iyunun 4-də Batumda Osmanlı dövləti ilə "Sülh və dostluq haqqında" müqavilə imzaladı. Bu sənəd türklərin yardımı nəticəsində Azərbaycanın şərq rayonlarının Bakı sovetinin qoşunlarından azad edilməsində, burada yaşayan müsəlman xalqların və yəhudilərin soyqırımına son verilməsində müstəsna rol oynadı.

Gənc Azərbaycan Respublikasına yalnız Osmanlı dövlətinin kömək edə biləcəyini nəzərə alan Milli Şura sədri türklərlə münasibətlərə xüsusi önəm verirdi. Son Osmanlı sultanı VI Mehmetin cülus törənində (taxta çıxma) iştirak edən Rəsulzadə onu Azərbaycan adından təbrik etdi. Milli hökumətə göndərdiyi məlumatda, o, yeni sultanın Azərbaycan haqqında xoş sözlərindən iqtibas gətirirdi.

Azərbaycan parlamentinin yaradılmasından sonra Milli Şura sədri səlahiyytlərini təhvil verən Rəsulzadə bundan sonra heç bir rəsmi vəzifə daşımayıb, yalnız millət vəkili olub. Bununla belə, ən nüfuzlu siyasi partiyanın başqanı kimi, o, dövlət həyatında önəmli rol oynayırdı. Bir çox mütərəqqi hadisələr, o cümlədən Bakı Dövlət Universitətinin yaradılması məhz Müsavat başqanının adı ilə bağlıdır.

Xaricdə təhsil almaq üçün göndəriləcək 100 azərbaycanlının seçilməsi üçün yaradılan xüsusi parlament komissiyasının 5 üzvündən biri də Rəsulzadə idi. Bundan əlavə, Müsavat başqanı 2 daimi komissiyanın – maliyyə-büdcə və Müəssislər Məclisinin çağırılması üzrə komissiyaların üzvü idi. Məhəmməd Əmin Rəsulzadə parlamentin 73 iclasında çıxış edib, daha 9-da isə qısa təkliflərini səsləndirib.

Bu baxımdan, bolşevik işğalından sonra həbs olunarkən müstəntiqin Rəsulzadəyə dediyi "Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi" sözləri heç də əsassız deyildi.

1919-cu ilin dekabrında indiki Konstitusiya Məhkəməsinin binasında keçirilən Müsavatın II qurultayında başqan partiya qarşısında duran vəzifələr haqqında danışıb, hürriyyət və istiqlalı qorumağınun bütün vətəndaşların vəzifəsi olmduğunu vurğulamaqla əlavə edib: "...Azərbaycan şüarını ilk dəfə meydana atıb Azərbaycan bayrağını ilk dəfə qaldırmış bir firqə olmaq hesabı ilə bu vəzifə hamıdan ziyadə biz müsavatçıların öhdəsinə düşür".

XI qırmızı ordunun Azərbaycana müdaxiləsi və verdiyi ultimatumla bağlı parlamentin 27 aprel tarixli son iclasında çıxış edən Rəsulzadə hakimiyyətin təhvil verilməsinə qarşı çıxıb və nitqini "bu ultimatumu kəmali-nifrətlə rədd edirik" sözləri ilə yekunlaşdırıb. Cümhuriyyətin süqutundan sonra bir müddət Lahıcda gizlənən Əmin bəy burada özünün məşhur "Əsrimizin Səyavuşu" əsərini yazır. O avqustun 17-də həbs edilir.

Rəsulzadənin bu həbsdən ucuz qurtulmasını bir çox tarixçilər və publisistlər Stalinlə şəxsi dostluğu ilə izah etməyə meyllidirlər. Halbuki Stalinin tərcümeyi-halı onun belə sentimentlərdən uzaq olduğunu isbat edir. Bizim fikrimizcə isə əsl səbəb başqa idi. Bolşeviklər öz nüfuzlarını İran və Türkiyəyə yaymağı planlaşdırırdılar. Bu ölkələrin inqilabçı dairələrində isə Rəsulzadənin çox böyük nüfuzu vardı. Onun həbsi və ya xüsusən də güllələnməsi həmin dairələrin bolşeviklərə rəğbətinə ağır zərbə vurardı. Lakin onu Azərbaycanda saxlamaq da təhlükəli idi. Buna görə də Müsavat başqanı Moskvaya fəxri sürgünə aparıldı.

Müsavat Partiyasının gizli Mərkəzi Komitəsinin təşkil etdiyi planla 1922-ci ilin sonlarında Rəsulzadə elmi tədqiqat bəhanəsi ilə Petroqrada gedir, buradan da Fin körfəzi vasitəsilə Finlandiyaya keçir, bir qədər sonra isə Türkiyəyə gəlir.

Məhz Məhəmməd Əmin Rəsulzadənin gəlişi ilə Türkiyə və Avropadakı Azərbaycan mühacirəti təşkilatlanmağa başlayır. İlk növbədə, Müsavat Partiyasının Xarici bürosu təşkil edilir. Büronun Avropanın bir çox yerlərində, hətta İranda belə yerli təşkilatları vardı. 1923-cü ilin sentyabrından Rəsulzadənin baş redaktorluğu altında İstanbulda ayda iki dəfə "Yeni Kavkasya" jurnalı çap edilir. 1924-cü ildə yenə Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Milli Mərkəzi yaradılır. 1926-cı ildə Avropada antisovet mühacirətin ən böyük qurumu olan "Prometey" təşkilatının yaradılmasında da Əmin bəy müstəsna rol oynayır.

Müsavat başqanının coşğun antisovet fəaliyyəti SSRİ rəhbərliyini ciddi narahat edirdi. SSRİ xarici işlər naziri Litvinovun 1931-ci ildə Ankaraya səfəri ərəfəsində Rəsulzadə Türkiyəni tərk etməli olur və Şərqi Avropada, əsasən də Polşada məskunlaşır.

Türkiyədə keçirdiyi bu illər ərzində Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti", "İhtilalçı sosializmin iflası və demokrasinin gələcəyi", "Qafqasiya türkləri" və digər əsərlərini yazır. 30-cu illərdə isə "Çağdaş Azərbaycan ədəbiyyatı", "Azərbaycan problemi", "Azərbaycan hürriyyət savaşı" adlı əsərləri çap olunur.

1936-cı ildə Müsavat Partiyasının Varşavada qurultay səlahiyyətli konfransı keçirilir. Tədbir zamanı partiyanın proqramına bir sıra dəyişikliklər edilir. Məhz bu konfrans zamanı Rəsulzadənin təklif etdiyi "Müsavatçılıq milli mədəniyyətə bağlı, ümumbəşəri dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir" prinsipi qəbul olunur.

İkinci cahan savaşının ilk illərində Rəsulzadə kəskin anti-nasist mövqe tutur, Almaniyanın işğalçılıq siyasətini tənqid edir. O nasistlər və bolşeviklər tərəfindən işğal olunan Polşanı tərk edərək Rumıniyada məskunlaşır.

Lakin alman-sovet müharibəsi başlayandan sonra Məhəmməd Əmin bəy almanların onunla təmas yaratmaq cəhdlərinə müsbət yanaşır. O bir tərəfdən əsirlikdəki azərbaycanlıların qismətini yüngülləşdirməyə çalışır , digər tərəfdən isə müharibədə Almaniyanın qalib gələcəyi təqdirdə Azərbaycanın müstəqilliyinə təminat almağa çalışırdı. Lakin nasistlərin belə bir fikirdə olmadığını görən Rəsulzadə onlarla əlaqələri kəsərək Rumıniyaya qayıdır. Gediş öncəsi Azərbaycan legionları qarşısında etdiyi çıxışında onların öz istiqlalı uğrunda mücadilə edən xalqlara qarşı vuruşmalarının əleyhinə olduğunu bildirdi.

Müharibədən sonrakı ilk illərdə isə Rəsulzadə Azərbaycan legionları döyüşçülərinin müttəfiqlər tərəfindən SSRİ-yə təhvil verilməsinin qarşısını almağa, onların Avropada, bir sıra müsəlman ölkələrində sığınacaq tapmalarına çalışır. Bu fəaliyyət nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas edilir.

İkinci cahan savaşından sonrakı dövrdə Stalinin ərazi iddiaları nəticəsində sovet-türk münasibətlərinin korlanması Rəsulzadəyə Türkiyəyə qayıtmaq imkanı verir. O 1949-cu ildə Azərbaycan Kültür Dərnəyini yaradır. Dərnək bugün də Ankarada fəaliyyətini sürdürür.

Məhəmməd Əmin Rəsulzadə 1951-1953-cü illərdə 28 may tarixində "Amerikanın səsi" radiosu vasitəsilə Azərbaycan xalqına müraciət etmişdir. Bunlardan biri, 1953-cü ildə Cümhuriyyətin 35 illiyi münasibətilə etdiyi müraciətin audioyazısı olduğundan daha çox yayılmışdır.

İkinci cahan savaşından sonra SSRİ-nin daha da güclənmiş monstr halında çıxmasına baxmayaraq, Rəsulzadə öz çıxışında Azərbaycan istiqlalının qaçılmaz olduğunu vurğulayır, "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır" söyləyir. Əlavə edək ki, digər iki müraciətin də yazılı mətni mövcuddur.

Rəsulzadə yaşa dolmasına baxmayaraq ömrünün son illərini kifayət qədər məhsuldar keçirir. O bu illərdə "Azərbaycan kültür kələnəkləri", "Çağdaş Azərbaycan tarixi", "Azərbaycan şairi Nizami", "Stalinlə ixtilal xatirələri", digər əsərlərini yazır. Əmin bəy eləcə də 1952-ci ilin aprelindən çap edilən "Azərbaycan" jurnalına ümumi rəhbərliyi həyata keçirir, mütəmadi olaraq məqalələrlə çıxış edirdi.

Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan istiqlal savaşının bu yorulmaz Prometeyi 1955-ci il martın 6-da Ankarada 3 dəfə "Azərbaycan" deyərək 71 yaşında vəfat etdi. O martın 8-də Cebeci Asri məzarlığında silahdaşlarının, türk vətəndaşlarının, digər millətlərin mühacir xadimlərinin iştirakı ilə dəfn edildi.

Rəsulzadə ölümündən 1 il öncə "Azərbaycan davası" adlı məqaləsində yazırdı: "Davamız Azərbaycan davasıdır, bu tarixi və milli davadır... Sadəcə hökumət və ya parlamento üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz, əsl imtiyaz, əsl şərəf ideyaya sədaqətdə, ona hüsniyyət və səmimiyyətlə bağlı qalmaqdadır".

Əmin bəy özü son nəfəsinə qədər bu davaya sadiq qaldı, bununla da gələcək nəsillər qarşısında sonsuz ehtiram, misilsiz şərəf qazandı. Məzarı başında silahdaşı Əbdülvahab Yurdsevərin söylədiyi "Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir" fikirləri tarixin ən böyük azərbaycanlısının həyat və fəaliyyətinin qısa, lakin çox korrekt ifadə edir.

Meydan.Tv