Məhərrəmlik ayı başladı

Məhərrəmlik ayı başladı

22-09-2017 11:25 / Bu xəbər 2332 dəfə oxundu

Bu gün, sentyabrın 22-si hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Fətvada bildirilib ki, bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Sənəddə Aşuranın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir.

QMİ müsəlmanlara əzadarlıq moizələrində Kərbəla hadisələri ilə yanaşı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçənlərin, Xocalı faciəsinin qurbanlarının da yad edilməsini tövsiyə edib.

Fətvada xatırladılıb ki, son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günləri qanvermə aksiyası keçirilir.

QMİ hesab edir ki, qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır. Dindarların özlərinə və digərlərinə xəsarət yetirməməsi tövsiyə olunur. Bunun əvəzində ehtiyacı olanlara qan verilməsi aksiyalarının təşkili zəruri sayılır.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1439-cu il başlayır) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında (qətlə yetirilənlərin 40 mərasiminə görə) davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.