Məhkəmə baş redaktorun nazirliyə qarşı iddiasına baxıb

Məhkəmə baş redaktorun nazirliyə qarşı iddiasına baxıb

27-09-2019 14:51 / Bu xəbər 3368 dəfə oxundu

Növbəti məhkəmə prosesi oktyabrın 22-də baş tutacaq
 
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Arqument.az saytını 2 gün qanunsuz blokladığına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı qaldırılan iddiaya baxılılıb.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

O bildirib ki, hakim Elçin Məmmədovun sədrlik elədiyi prosesdə məsələnin araşdırılması qərar alınıb və növbəti məhkəmə oktyabrın 22-si saat 11-20-yə təyin olunub. 

İddiaçı tərəf nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanovun məhkəməyə çağırılması ilə bağlı vəsatət verib.

Hakim vəsatətə baxılacağını deyib. 

Baş redaktor Şəmşad Ağa saytın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bloklandığını iddia edir. 

Ancaq onlara nə aprelin 8-də, nə də 9-da saytın bloklanması ilə bağlı nazirlikdən və ya məhkəmədən hər hansı bildiriş və ya xəbərdarlıq daxil olmadığını da deyir. 

Redaktor bu durumda qanunun tələblərinin pozulduğunu qeyd edir. 

Məsələ bundadır ki, qanunvericiliyə görə, rəsmi qurum bloklanma qərarından öncə 8 saat ərzində sayta müraciət etməlidir.

Şəmşad Ağa sayta müdaxilənin həmin ərəfədə Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərlə bağlı olduğunu ehtimal edir. 

Onun sözlərinə görə, bu haqda ilk məlumatı "Arqument.az” yerləşdirib.

Arqument.Az saytına giriş 8 aprel, 2019-cu il tarixdə məhdudlaşdırılıb. Yalnız vpn-lə də giriş mümkün olsa da, sonra DDOS hücumlar edilərək saytın bazası zədələnib. 
 
Sayt blokun nazirlik tətərfindən qoyulduğunu deyir, nazirlik isə təkzib edir...

Qanunsuz blok aprelin 10-da yenə də heç bir məlumat verilmədən götürülüb.
 
Nazirlik nümayəndələri isə bildiriblər ki, sayta blok nazirlik tərəfindən qoyulmayıb. 

Redaktor isə xatırladıb ki, sayt ikinci dəfədir bloklanır. 

"2018-ci il avqustun 8-də Səbail rayon məhkəməsi saytın bloklanması haqqında qərar çıxarıb, amma avqustun 10-da Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib", - deyə redaktor bildirib. 

Onun sözlərinə görə, mahiyyəti üzrə dinləmələr oktyabrın 22-də saat 11.20-də keçiriləcək.