Məhkəmə Fikrət Fərəməzoğlunun şikayətini rədd edib

Məhkəmə Fikrət Fərəməzoğlunun şikayətini rədd edib

18-07-2017 00:32 / Bu xəbər 1127 dəfə oxundu

Bu gün, iyulun 17-si Bakı Apellyasiya Məhkəməsində həbsdəki jurnalist Fikrət Fərəməzoğlu ilə bağlı verilən şikayətə baxılıb.

Şikayətdə jurnalistin evində qanunsuz axtarış aparıldığı və bəzi əşyaların götürüldüyü bildirilir. Bu şikayətə rayon məhkəməsində baxılıb və o təmin edilməyib. Həmin qərardan da apelyasiya şikayəti verilib.

İyulun 17-də keçirilən məhkəmə prosesi haqda AzadlıqRadiosuna jurnalistin hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqova məlumat verib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri məhkəmədə ifadə veriblər. Vəkilin bildirdiyinə görə, onlar deyiblər ki,Fikrət Fərəməzoğlunun mənzilində ümumiyyətlə axtarış aparılmayıb. Onu özü evə girib, kompüterini götürüb, çıxıb.

F.Fərəməzoğlu idarə təmsilçilərinin dediklərini təkzib edib. O, isə bildirib ki, mənzilində axtarış keçirilib və bu prosesdə iştirakı təmin edilməyib.

"Heç bir axtarışda iştirakım təmin olunmayıb. Ancaq bütün sənədlərdə yazıblar ki, axtarış guya, mənim iştirakımla olub. Məni həbs edəndə maşınımda axtarış apardılar. Orda iştirak etmişəm, o vaxt da qandallı olmuşam. Bütün mahnı disklərini, avtomobildəki monitoru da götürdülər ”,- vəkilin bildirməsinə görə, jurnalist deyib.

Məhkəmə şikayəti rədd edib.

Jurnalistin vəkilləri qərarla razılaşmadıqlarını, yerli məhkəmə qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.

Sabunçu rayon Məhkəməsi jurnalist Fikrət Fərəməzoğlunun evində qanunsuz axtarış və əşyaların götürülməsi iddiası ilə bağlı verilən şikayətə iyulun 10-da baxıb, onu rədd etmişdi.

"Jam.az” saytının redaktoru Fikrət Fərəməzoğluna Cinayət Məcəlləsinin 182-ci maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.

Amma jurnalist ittihamı qəbul etmir, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

Jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilmişdi. Həmin vaxt daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətini ləkələyən, yalan məlumatların yayılması iddiası ilə jurnalist məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.