''Məhkəmə məndən xəbərsiz torpağım barədə qərar çıxarıb''

''Məhkəmə məndən xəbərsiz torpağım barədə qərar çıxarıb''

17-05-2018 15:41 / Bu xəbər 1310 dəfə oxundu

''Məhkəmə məndən xəbərsiz torpağım barədə qərar çıxarıb''

Şikayətçi: "Sənəd, sübut var, ancaq baxan yoxdur”

"2004-cü ildə İmişli rayon İcra Hakimiyyətinə müraciət etdim. Onlar mənə qum-çınqıl istehsalı üçün 3 hektar torpaq sahəsi ayırdılar. Ancaq bu gün torpağımdan təyinatı üzrə istifadə edə bilmirəm. Qalmışam məhkəmələrdə, idarə qapılarında”.

İmişli sakini Ramiz Hümbətov belə deyir. O, Meydan TV-yə bildirib ki, cəmi 2 il, 2006-cı ilədək torpaq sahəsindən istifadə edə bilib. Bundan sonra "Bəhrəmtəpə Tikinti Materialları” Açıq Səhmdar Cəmiyyətinin sədri məhkəmədə iddia qaldırıb ki, İmişli Rayon İcra Hakimiyyəti onun torpaq sahəsini başqa şəxsə, yəni Ramiz Hümbətova verib:

"Odur ki, həmin sərəncamın ləğv edilməsini, mənim ərazidən çıxarılmağımı istəyib. Şirvan İqtisad Məhkəməsinin o zamankı sədri Elçin Qazımov şirkətin iddiasını təmin edib. Üstəlik, bunu edərkən mənə heç bir məlumat verilməyib. Mən heç səlahiyyətimə verilən torpaqla bağlı məhkəmə iddiası qaldırıldığını da bilməmişəm. Bir də məktub aldım ki, torpaq əlimdən çıxıb. Məntiqlə bir məhkəmə iddia ərizəsi qəbul edirsə, bunu hərtərəfli araşdırmalıdır. Yəni, mənə də məlumat verməli idi. Həm məlumat almamışam, həm də olan-qalan işim də əlimdən çıxıb”.

"Məhkəmə haqsız qərar qəbul edibsə, necə?"

Ramiz Hümbətov Ədliyyə Nazirliyindən tutmuş, prezidentə, Baş nazirə, Milli Məclisə, bir sözlə, əli çatan bütün orqanlara məktub göndərib, qəbullarında olub. Deyir, haqlıykən haqsız duruma düşüb, şikayətinə baxan yoxdur:

"Hamı bir sözlə deyir ki, məhkəmənin qərarı əleyhinə hərəkət edə bilməzlər. Bəs məhkəmə haqsız qərar qəbul edibsə, necə? Dövlət Torpaq Komitəsindən gedib çıxarış almışam. Həmin ərazi Bəhrəmtəpə Tikinti Materialları ASC-nin balansında deyil, olmayıb. Sənədi götürüb apelyasiya şikayəti verdim. Hakim sənədə yox, mənim üzümə baxırdı. Nəticədə əvvəlki qərarı qüvvədə saxladı”.

"Sənəd, sübut var, ancaq baxan yoxdur"

Şikayətçi deyir ki, əlində 2004-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin dövlət fonduna aid torpaqdan rəhbəri olduğu "Şəxrux” kiçik müəssisəsinə qum və çınqıl məhsullarının istehsalı üçün 3 hektar sahə ayırması ilə bağlı sənədi də var:

"Nə olsun e, sənəd, sübut var, ancaq baxan yoxdur. Mən illərdir həmin ərazi ilə bağlı bir çox araşdırma aparmışam. Məlum olub ki, həmin yeri ötən əsrin 70-ci illərində Geologiya İnstitutu sənaye ehtiyatı aşkar edilmiş ərazilərə aid edib. Hazırda isə ərazidə digər özəl təşkilatlar da qeyri-filiz materiallarının istehsalı ilə məşğul olur. Lakin iddia yalnız onun müəssisəsinə qarşı qaldırılıb”.

Azərmelorasiya Sutikinti Baş İdarəsinin 1976-cı ildə tikdiyi Bəhrəmtəpə qum-çınqıl karxanası sonralar "Azərsutikinti” Dövlət Konserninin tabeliyinə keçib. 2001-ci ildə onun bazasında "Bəhrəmtəpə Tikinti Materialları” ASC yaradılıb. Çek auksionlarında satışa çıxarılarkən cəmiyyətin torpaq sahəsinin 112 160 kv.m., başqa sözlə, 11,2 hektar olduğu qeyd edilib. Müəssisə yalnız torpaq sahəsi üzərində olan əmlakı özəlləşdirib.

Ramiz Hümbətovda olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun imzaladığı 15.01.2010-cu il tarixli məktubda qeyd edilir ki, "Bəhrəmtəpə Tikinti Materialları” ASC ilə "Şəxrux” kiçik müəssisəsinə ayrılan 11,5 ha və 3 ha torpaq sahələri bir-birindən aralı olmaqla, əvvəllər sənaye ehtiyatı müəyyən edilmiş 117 ha dövlət fondu torpağı daxilindədir.

"Bəhrəmtəpə Tikinti Materialları” ASC İmişli rayon şöbəsinin 17.11.2009-cu il tarixində məhkəməyə göndərdiyi məktubda isə deyilir ki, birinciyə 117 ha torpaq sahəsi verilib, ikincinin 3 ha sahəsi elə onun daxilindədir.

"Mübahisənin kökü 1976-cı ilə dayanır"

R.Hümbətov sual edir: Necə olur, məhkəmələr Komitə sədrinin yox, şöbə müdirinin arayışına inanır? O, araşdırmalardan sonra mübahisənin kökünün 1976-cı ilə dayandığını bilib. 

Deyir, o zaman İmişli rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi torpaq sahəsinin ayrılması barədə qərar verib: "Bu sənədi İmişli Dövlət Arxivindən tapmışam. Sənəddə deyilir ki, Azərbaycan Baş Geologiya İnstitutu tərəfindən dövlət fond torpağının 117 hektarında müəyyənləşdirilmiş qum-çınqıl ehtiyatından Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadə etməsi məqsədəuyğun hesab edilir. Bundan əlavə, qum-çınqıl karxanası, dəmir-beton zavodu və digər mədəni-məişət binalarının yerləşməsi üçün həmin dövlət fond torpağından 11,5 hektar ayrılması məqsədəuyğun hesab edilib. Sonda isə Azərbaycan SSR Nazirlər Sovetindən qərarın təsdiqi xahiş edilir”.

"Hakimlər ya savadsızdır, ya da rüşvət alıblar"

Şikayətçi deyir ki, bu sənəddə Nazirlər Sovetinin qərarı təsdiq edib-etməməsi məlum deyil. 

Odur ki, o, bunu dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və başqa orqanlara çoxsaylı sorğular göndərib, lakin cavab ala bilməyib: "Məncə, sonrakı illər qərar təsdiqlənib. Qərarda 117 hektar dövlət fond torpağında sənaye ehtiyatının müəyyən edilməsi və ondan Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadəsinin məqsədəuyğun olduğu qeyd edilsə də, sözügedən quruma bu sahənin hamısı yox, onun 11,5 hektarı ayrılıb. Amma Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının 17 mart 2010-cu il tarixli qərarında sübut görün necə saxtalaşdırılıb. İşdə olan İmişli rayon ZDS İK-ın qərarından görünür ki, Azərmelorasiya Sutikinti Baş İdarəsinə dövlət fond torpaqlarından 117 ha torpaq sahəsi ayrılıb. Bu, ya hakimlərin savadsızlığından irəli gəlib, ya da rüşvət qarşılığında olub”.

İmişli Rayon İcra Hakimiyyətindən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, Ramiz Hümbətovun şikayəti illərdir davam edir: "Xəbərdarıq, ancaq iş məhkəməyə gedib. Ondan böyük instansiya yoxdur. Məhkəmə nə qərar qəbul edibsə, odur”.

"Bəhrəmtəpə Tikinti Materialları” ASC-nin direktoru Nakim Şərifov isə sualları cavablandırmaq istəmədi.

"Səsimi eşidən yoxdur"

R.Hümbətov deyir, günahın ən böyüyü məhkəmələrindir ki, işə yetərsiz sənədlərlə baxıblar: "Problemi tam araşdırmayıblar. Mən təkcə, texniki şərti icra etmək üçün dövlət büdcəsinə 12 min dollar vəsait ödəmişəm. Ümumi isə 20 min dollara yaxın xərcim çıxıb. 2009-cu ildən bu yana aldığım mənəvi ziyanı isə, ümumiyyətlə, demirəm. Mən nə edim, bu ölkənin yiyəsi yoxdur? Kimə, hara müraciət edim? Göz görə-görə haqsızlığa uğramışam, səsimi eşidən yoxdur”.