Məhkəmə Müsavat fəalını ev dustaqlığına buraxmaqdan imtina etdi

Məhkəmə Müsavat fəalını ev dustaqlığına buraxmaqdan imtina etdi

26-12-2018 20:26 / Bu xəbər 1045 dəfə oxundu

Vəsatət təmin olunmayıb

Litvada siyasi mühacir olan, ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib burada həbs edilən Müsavat Partiyasının fəalı Azad Həsənovun ev dustaqlığına buraxılması üçün onun vəkili Osman Kazımov məhkəməyə vəsatət vermişdi. Dekabrın 26-da Xətai Rayon Məhkəməsində həmin vəsatətə baxılıb və təmin olunmayıb.

A.Həsənovun vəkili Osman Kazımov bildirib ki, Müsavat fəalı haqqında həbs-qətimkan tədbiri seçilməsinə dair qərarda onun azadlıqda qalarsa, istintaqdan yayınmaq, şahidlərə, sübutlara təsir göstərmək ehtimalı göstərilib. Vəkilin sözlərinə görə, demək olar ki, istintaq yekunlaşır. Amma yenə də istintaq orqanı A.Həsənovun ev dustaqlığına buraxılmasına etiraz edib.

A.Həsənov oktyabrın 10-da Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə, o, sərhədi problemsiz keçib, günortaya qədər atasıyla birlikdə olub. Sonra özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.

A.Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik, psixotrop maddə əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin qərarıyla onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Müsavat Partiyası fəalın saxlanmasını hakimiyyətin qisasçılıq və repressiya siyasətinin davamı kimi qiymətləndirib.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Vəkili bildirib ki, A.Həsənov özünü təqsirli bilmir. Üzərindən tapıldığı iddia olunan narkotikin ona məxsus olmadığını, cibinə atıldığını deyir: "O, heç siqaret çəkmir, narkotikdən uzaq adamdır”.

A.Həsənov siyasi baxışlarına, sosial şəbəkələrdəki tənqidlərinə görə cəzalandırıldığını düşünür.///Meydan.Tv