Məhkəmə redaktora "stop"u götürməyib

Məhkəmə redaktora

08-02-2019 13:42 / Bu xəbər 106 dəfə oxundu

Bakı Apellyasiya Məhkəməsi fevralın 7-də criminal.az saytının redaktoru Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan birinci instansiya məhkəməsinin qərarını dəyişməyib.

Bu haqda A.Məmmədov özü məlumat verib.

A.Məmmədovun sözlərinə görə, şikayətinə özünün və vəkillərinin iştirakı olmadan baxılıb, Apellyasiya Məhkəməsi ölkədən çıxışına yasağı əsaslı hesab edib.

Jurnalist deyib ki, iş üzrə ölkədaxili müdafiə vasitələri tükəndiyindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.

criminal.az saytının redaktoru olan A.Məmmədovun ölkədən çıxışına 2018-ci ildən yasaq qoyulub və bu qadağa ona qarşı cinayət işinin başlanması ilə bağlıdır. Amma o, bunu qanunsuz hesab edir.

Cinayət işi niyə qaldırılıb?

Baş Prokurorluq 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə törədilmiş sui-qəsd cəhdi və ondan sonra baş verən bir sıra hadisələrlə bağlı yazılara görə bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. 

Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminal.az saytına girişə məhdudiyyət qoyulmuşdu.

Ötən ilin sonu A.Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. 

O, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Hazırda bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 

O, ittihamı əsassız sayır.

Xatırlatma

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər.

Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib.

Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutub. AİHM-ə şikayətçi olan jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayıl, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur Qənbərova və Aytac Əhmədovadır.

AİHM həmin şikayətlərdən bəzilərinə baxıb və jurnalistlərin hüquqlarının pozulduğu haqqında qərar verib.///azadliq.org