Məhkəmə saytı blokladı

Məhkəmə saytı blokladı

07-08-2018 17:36 / Bu xəbər 2177 dəfə oxundu

Səbail Rayon Məhkəməsi az24saat.org xəbər saytının bloklanmasına qərar verib. 

Qərarı bu gün, avqustun 7-də Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.

Bu haqda saytın rəhbəri Vüqar Qurdqanlı məlumat verib.

O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yaydığını bildiriblər. Söhbət «Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər» və «Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi» başlıqlı yazılardan gedir. Bundan başqa, «İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ Həsənovdur?» və «APA-nı kim, niyə bağladı?» sərlövhəli məqalələrin də böhtan məzmunlu olduğu bildirilib.

Nazirlik nümayəndələri həmin yazıların saytdan çıxarılmasından ötrü sayt rəhbərliyinə xəbərdarlıq edildiyini, ancaq xəbərdarlığa əməl olunmadığını qeyd ediblər. Onlar «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa əsaslanaraq, sayta girişin məhdudlaşdırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmə yekunda az24saat.org xəbər saytına girişin məhdudlaşdırılmasına qərar verib.

Sayt rəhbərliyi qərardan yuxarı məhkəməyə şikayət edəcək.

Azərbaycanda saytların bloklanmasına, əsasən, ötən il, 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununa edilən dəyişikliklərdən sonra başlanıb. Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bundan sonra ölkədə daha bir çox saytın da girişinə məhdudiyyət qoyulduğu açıqlanıb. Bu il avqustun 1-dən etibarən isə «APA Holdinq» MMC-yə daxil olan saytlara giriş mümkün deyil. Şirkət rəhbərliyi bu addımı müəyyən problemlərlə bağlı özlərinin atdığını açıqlayıb.

Azadlıq Radiosu