Məhkəmə Zamirə Hacıyevanın zinət əşyalarına həbs qoyub

Məhkəmə Zamirə Hacıyevanın zinət əşyalarına həbs qoyub

06-11-2018 00:23 / Bu xəbər 203 dəfə oxundu

Britaniya hakimiyyəti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin xanımı Zamirə Hacıyevanın zinət əşyalarına həbs qoyub.

Onun Londonda ümumi dəyəri 22 mln. funta (28,5 mln. dollar) daşınmaz əmlak almaq üçün pulu haradan aldığını açıqlamasını tələb edir.

Götürülmüş daş-qaş "Chrisitie's" hərrac evində dəyərləndirilib. 

Daily Telegraph bildirib ki, onları hərraca çıxarmaq istəyiblər.

Z.Hacıyeva Britaniyada ilk xarici vətəndaşdır ki, Cinaytkarlığa Qarşı Mübarizə üzrə Milli Agentlik ondan sərvətinin mənbəyinin açıqlanmasını tələb edib. O, izaholunmaz dəbdəbəli həyat tərzi ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin həyat yoldaşı 22 mln. funt dəyərində daşınmaz əmlak alıb və Harrods univermağında 16 mln. funt xərcləyib.

O həmçinin Askotda dəyəri 10 mln. funta yaxın (13 mln. dollar) qolf-klubun sahibidir.

2018-ci ildə Britaniya 50 min funtdan çox (65 min dollar) aktivlərə malik əcnəbilərin mənşəyi məlum olmayan əmlakı ilə bağlı sorğu göndərmək hüququ əldə edib. Söhbət ilk növbədə cinayətkar fəaliyyətdə şübhəli bilinənlərdən, həmçinin Avropa iqtisadi zonasına daxil olmayan ölkələrdən olan nüfuzlu siyasi fiqurlardan gedir.

Z.Hacıyeva təkid edir ki, bütün vəsaiti qanuni yolla əldə edib. O, NCA araşdırmasının dayandırılması üçün məhkəməyə müraciət edib. Lakin bu həftə məlum olub ki NCA 50-yə yaxın bahalı zərgərlik məmulatına həbs qoyub. Məmulatlar Chrisitie's-də dəyərləndirilib.

Onların arasında sapfir və rubindən ibarət boyunbağı (Boucheron, 120 min funt sterlinq (156 min dollar), perlamutr boyunbağı (Van Cleef & Arpels, 20 min funt) var. Daş-qaşlar Hacıyevlərin qızı Leyla Mahmudovanın xahişilə qiymətləndirmədən keçib.

NCA bildirir ki, həmin zərgərlik məmulatlarını müvəqqəti olaraq müsadirə edib, çünki hesab edir ki, onların haradan, hansı pulla alındığını araşdırmaq lazımdır. Vestminster Şəhər Məhkəməsi qərara alıb ki, pulların mənşəyinin araşdırılması çərçivəsində NCA daş-qaşı yarım il ərzində özündə saxlaya bilər.

Əgər zinət əşyalarının və daşınmaz əmlakın sahibi kapitalın qanuni mənşəyini hərtərəfli və inandırıcı şəkildə sübut edə bilməsə London Ali Məhkəməsi onları müsadirə edə bilər.

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev 2015-ci ildə mənimsəmə, oğurluq və dələduzluq ittihamı ilə 15 il azadlıqdan məhrum edilib. O, bir neçə yüz milyon dolları mənimsəməkdə ittiham olunur. 

Turan