Məhkəmədə vəkillər hücuma məruz qaldı

Məhkəmədə vəkillər hücuma məruz qaldı

22-10-2016 14:56 / Bu xəbər 931 dəfə oxundu

Hakimlərin stulları, kompüteri sındırıldı; cinayət işinin materialları cırıldı

Vəkillər Fariz Namazlı və İlqar Musayev hücuma məruz qalıb. Hadisə Bakı Apellyasiya Məhkəməsində Rəsul Fazilovun işinə baxılarkən baş verib. Adları çəkilən vəkillərin hər ikisi təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edir.

Rəsul Fazilov CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Vəkil deyir ki, hələ ibtidai istintaq zamanı bu iş üzrə xeyli qanun pozuntularına yol verilib. Bakı Hərbi Məhkəməsi də işə baxarkən həmin pozuntuların aradan qaldırılması üçün heç bir addım atmayıb. Ona görə də hökmdən apellyasiya şikayəti verilib.

Prokurorluğun pozuntularını məhkəmə də aradan qaldırmayıb

Fariz Namazlı Bakı Apellyasiya Məhkəməsində bu işə baxan Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edərək, həmin pozuntuları onların da diqqətinə çatdırıb. Qeyd edib ki, həmin pozuntular aradan qaldırılmadan, işə obyektiv baxılıb, ədalətli qərar çıxarılmasından söhbət gedə bilməz.

Vəkil vurğulayır ki, Rəsul Fazilovun əməlini qəsdən adam öldürmə maddəsinə tövsif etməklə, hərbi prokurorluq çox ciddi qanun pozuntusuna yol verib və Bakı Hərbi Məhkəməsi də bunu aradan qaldırmayıb. Bundan başqa, qanunvericilik, üaxın qohumlardan birinin zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasına imkan verdiyi halda, bu işdə dünyasını dəyişmiş Zəfər Şahverdiyevin çox uzaq bir qohumu olan Bəhlul Həsənovu bu statusla cəlb eləyiblər. Məlum olur ki, mərhum Şahverdiyevlə Həsənovun qohumluqları onların babalarının əmioğlu olmasından ibarətdir. Babanın əmisi oğlunun nəvəsi isə heç bir halda, yaxın qohum hesab oluna bilməz. Belə olan halda, onun zərərçəkmişin hüquqi varisi kimi tanınması da qanunsuzdur.

"Dayan, yoxsa vuracağam…”

Hadisəyə gəlincə, Rəsul Fazilov Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində manqa komandiri, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu olub. O, xidmət zamanı posta tərəf gedəndə təxminən 60 metr məsafədə iki nəfər mülki şəxs görüb. Onlara çatmağa təxminən 20 metr qalmış dayanıb və onlara "uzan” əmri verib. Mərhum Zəfər Şahverdiyev isə tabe olmayıb və ayağa qalxaraq ona tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt 2-ci mülki şəxs ondan təxminən 10 metr arxada olub, o da ayağa qalxaraq, üzü ona tərəf dayanıb. Zəfər Şahverdiyev isə "neyləyəcəksən, vuracaqsan məni?” deyərək, dayanmayıb. Həmin vaxt Zəfər Şahverdiyevin əlində içi otla dolu torba olub. Bu zaman Rəsul Fazilov üzərindəki avtomatla havaya xəbərdarlıq atəşi açıb. Amma Zəfər Şahverdiyev yenə dayanmayıb və ona tərəf gəlib. Bunu görüb, bir daha Zəfər Şahverdiyevə "uzan” komandası verib. Onun yenə tabe olmadığını görəndə bu dəfə ayağının altına xəbərdarlıq atəşi açıb. Zəfər Şahverdiyev yenə dayanmayıb. Bu zaman Rəsul Fazilov təxminən 2 metr hündürlüyündə təpənin başına çıxıb və "dayan, yoxsa atacağam, uzan yerə” deyib. Zəfər Şahverdiyev əmrə məhəl qoymayıb yenə ona tərəf gələndə Rəsul Fazilov atəş açıb.

Rəsul Fazilov məhkəmədə ifadəsində deyib ki, kimsəni öldürmək niyyəti olmayıb, həmin adamların da posta yaxın ərazidə "çaşır” otu yığdıqlarını bilməyib. Çünki Zəfər Şahverdiyev və onunla birlikdə olan şəxs ona torbada ot olduğunu göstərməyib, bu barədə heç nə deməyib.

Fariz Namazlı hesab edir ki, Rəsul Fazilovun əməli qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməzdi. Ona görə də apellyasiya məhkəməsində ilkin baxış iclasında vəsatət qaldırıb ki, həm bu məsələnin, həm də zərərçəkmişin hüquqi varisi məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Lakin Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Ona görə də vəkil ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və zərərçəkmiş şəxsin hüquqi varisinin dəyişdirilməsinə qərar verib. Qərara əsasən, iş Bakı Apellyasiya Məhkəməsində ilkin baxışa qaytarılıb.

Məhkəmədə dava…

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində bu işə baxılarkən hakim Mirzəli Abbasov zərərçəkmiş şəxsin hüquqi varisini dəyişib və bu statusda mərhum Zəfər Şahverdiyevin qardaşı tanınıb və iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı isə noyabrın 2-nə təyin olunub.

Məhkəmənin bu qərarından sonra zərərçəkmiş tərəfin zalda olan 50-yə yaxın qohum-əqrəbası vəkillər Fariz Hamazlı və İlqar Musayevə hücum edib. Məhkəmə zalında hakimlərin əyləşdiyi stullar, məhkəmə iclas katibinin istifadə etdiyi kompüteri aşırıblar. Məhkəmə zalındakı nəzarətçilər kifayət etmədiyindən başqa zallardakı nəzarətçilər də cəlb olunub. Vəkilləri onların əllərindən almağa çalışan məhkəmə nəzarətçilərinin özləri də döyülüblər. Fariz Hamazlı və İlqar Musayevi çətinliklə zaldan çıxarmaq mümkün olub.

Məhkəmə nəzarətçiləri hadisənin aktlaşdırılacağını və müvafiq orqanlara məlumat veriləcəyini bildirib.

Vəkil İlqar Musayev "Azadlıq”a açıqlamasında bildirib ki, zərərçəkmiş tərəfin yaxınları işə aid bütün sənədlərini cırıb: "Bu, çox ciddi hadisədir. Əgər məhkəmə nəzarətçiləri olmasaydı, az qala, bizi öldürəcəkdilər. Bu təhlükəsizlik məsələsidir, ona görə də güman ki, Vəkillər Kollegiyasına müraciət edəcəyəm”.///azadliq.info