Məhkuma bir içim su qıymayan hakimin ədalət "yanğısı"...

Məhkuma bir içim su qıymayan hakimin ədalət

12-07-2017 17:09 / Bu xəbər 1333 dəfə oxundu

Oqtay Gülalıyev
Hüquq müdafiəçisi

Bu gün Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi, prokurorluq orqanlarından istefa verdiyinə görə şərlənərək həbs olunmuş Rüfət Səfərovla bağlı Ali Məhkəmədə keçirilən məhkəmə prosesində iştirak etdik.

Məhkəmədə diqqətimi bir neçə məqam cəlb etdi. Rüfət Səfərov həmişəki kimi şüşə qəfəsdə, qolu qandalı vəziyyətdə də məğrur və mübariz əhval- ruhiyyədə idi. Fantastik, ağır və ədalətsiz məhkəmə qərarı, həbsxanada üzləşdiyi mərhumiyyətlər və psixoloji təzyiqlər onun müqavimətini qırmamışdı. 

Əksinə onu daha da mətnləşdirmiş və qüvvətləndirmişdi. Onun hakimin "məhkəmə heyətinə etirazınız varmı?" sualına verdiyi "Mənim işimə hansı hakimin baxmasının fərqi yoxdur. Tərkibdən asılı olmayaraq, İlham Əliyev rejiminin verdiyi göstəriş yerinə yetiriləcək” cavabı möhtəşəm olduğu qədər də həm də haqsızlığa və ədalətsizliyə üsyan idi.

Hakim Gülzar Rzayevanın öz həmkar yoldaşları ilə verdiyi qərar Rüfət bəyin dediyi kimi oldu; apellyasiya qərarı qüvvədə saxlanıldı. 1- ci və 2- ci instansiya məhkəmələrinin yol verdiyi çoxsaylı qanun pozuntularına Ali Məhkəmə səviyyəsində göz yumuldu.

Məhkəmənin gedişində diqqətimi çəkən digər bir məqam istidən, ya susuzluqdan əziyyət çəkən Rüfət Səfərovun su istəməsinə Gülzar Rzayeva başda olmaqla hakimlərin, məhkəmə işçilərinin və konvoyların biganə, etinasız münasibəti oldu. Övladının su istəyini eşidən kimi Tahirə xanım göz qırpımında çölə çıxdı və oğulu üçün su dalınca getdi. Və nə yaxşı ki, ədaləti ayağı altına atan bir ananın ədalət gözləyən bir ananın övladı haqqında çıxardığı ədalətsiz qərarı onun dilindən eşitmədi...

Rüfət Səfərovun atası Eldar Sabiroğlunun məhkəmədən sonra dediyi "Mən 20- 25 il bu hakimiyyətə xidmət etmişəm. Görünür səhv etmişəm. Bu da mənim günahımdır. Mən günahımı etiraf edirəm" fikirlərini yüksək və səmimi qiymətləndirsəm də onun Gülzar Rzayeva haqqında dediyi "Mən ona böyük hörmətim var. Milli Məclisdə haqqında yüksək fikirlər demişəm, hakim olmağına səs vermişəm. Haqqımı halal edirəm" fikrini əsla bölüşmürəm. Çünki Eldar müəllim, övladınız Rüfətin (o indi bizim hamımızın övladı və qardaşıdır- red.) haqqını, azadlığını, gəncliyini oğurlayan, məhkəmədə ona bir içim su verməyən və bu təbii haqqa qeyri- insani münasibət göstərən (halbu ki, hakimin vəzifəsi idi ki, məhkumun, çıxışçının qarşısına su qoyulmasını təmin etsin- red.), ədalətsiz qərar qəbul edən Gülzar Rzayevalara haqqınızı halal etməyin. Onlar buna haqq etmir. Məhkuma bir içim su qıymayan hakimdən ədalət gözləməyə dəyməz...

Kimsə də deməsin ki, Gülzar Rzayeva bu hökmü qəhər və göz yaşları içində verdi. Boş söhbət və nağıldır. Yumşaq desək, olsa belə artistlikdir. Hakimin vəzifəsi isə artistlik etmək yox, qanuna uyğun olaraq ədalətli qərar verməkdir. Yox, ədalətli qərar vermək gücündə və iqtidarında deyilsə özünə başqa peşə tapsın. Millətin layiqli övladlarını pərişan, dövləti isə onursuz etməsin!

Ali Məhkəmənin binasında və məhkəmə salonlarında bir fikir yazılıb; Ədalət mühakiməsi dövlətin əsasıdır. Bu gün bu binada dövlətimizin əsaslarını sarsıdan ədalətsiz qərarlar qəbul olunur. Mən inanıram ki, bunlar ötüb keçəcək. Gün gələcək həmin binada və bütün məhkəmə instansiyalarında ədalətli qərarlar qəbul olunacaq. Bu gün ədalətsiz qərar və onu sifariş verənlər isə hökmən cavab verəcək. Buna kimsənin şübhəsi olmasın. Rüfət Səfərov kimi şərlənib həbs olunan dürüst və mübariz insanlar azadlığına qovuşacaq, öz layiqli haqlarına sahib çıxacaqlar!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.