Mehman Əliyev azadlıqda

Mehman Əliyev azadlıqda

11-09-2017 13:51 / Bu xəbər 1502 dəfə oxundu

Bu gün - sentyabrın 11-i "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb.

Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar verib.

Müdafiə tərəfi məhkəməyə Mehman Əliyev barədə seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

Mehman Əliyev: "Mən zona getməyə hazır idim..."

"Mən hər şeyə hazir idim…”, - bunu məhkəmənin qərarı ilə sərbəst buraxılan "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev jurnalistlərə açıqlamasında bildirib.

"Açığı mən cəzaçəkmə müəssisəsinə göndəriləcəyimi gözləyirdim. Polis idarəsi ilə tanış olum, təcridxana şəraiti ilə tanış oldum. "Zon”a baxmaq da mənə maraqlı olardı. Yəni hazırlaşırdım…”, – deyərək o vurğulayıb.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Əli Həsənov: ‘Prezident Mehman Əliyevlə bağlı aidiyyətı orqanlara tapşırıq verib’

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-i prezidentin köməkçisi Əli Həsənov da bildirmişdi ki, prezident İ. Əliyev "Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verib.