Mehman Hüseynov azadlığa buraxılmadı

Mehman Hüseynov azadlığa buraxılmadı

12-04-2017 11:25 / Bu xəbər 1630 dəfə oxundu

Bloger Mehman Hüseynovun iki illik həbsindən verilmiş apellyasiya şikayəti təmin olunmadı. 

Bakı Apellyasiya Məhkəməsi bu barədə qərarını aprelin 12-də elan edib.

Vəkil Elçin Sadıqov qərarın əsassız olduğunu, Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib: "Ali Məhkəmə də şikayətimizi təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik".

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerin işgəncə iddialarını əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən şikayət etmişdi. Şikayətdə M.Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.///azadliq.org