Mehman Hüseynov barəsində yeni cinayət işinə xitam verildi

Mehman Hüseynov barəsində yeni cinayət işinə xitam verildi

22-01-2019 14:40 / Bu xəbər 1277 dəfə oxundu

Baş Prokurorluq məlumatla çıxış edib

Baş Prokurorluğun Mətbuat xidməti hazırda məhbus həyatı yaşayan bloger Mehman Hüseynov barəsində açılan yeni cinayət işinə xitam verildiyi barədə məlumatla çıxış edib.

Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il müddətinə həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. 

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq aksiyasına başladığını elan edib. Ona dəstək olaraq adları siyasi məhbus siyahısında olan bir neçə şəxs də aksiyaya qoşulub.

Bundan başqa Müsavat Partiyasının qərargahında da fəallar aclıq aksiyasına başlayıblar. 

Mehman Hüseynova dəstək olaraq Bakıda, Azərbaycanın rayonlarında, xarici ölkələrdə bir neçə küçə aksiyası təşkil edilib.

Yanvarın 19-da Milli Şuranın təşkilatçılığı ilə "Mehman Hüseynova azadlıq şüarı” altında mitinq keçirilib. 

Avropa Parlamenti yanvarın 17-də Mehman Hüseyovun işi ilə bağlı Azərbaycan hakimiyyətini tənqid edən qətnamə qəbul edib. 

Prokurorluğun məlumatında deyilir ki, bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib. 

"Prezident İlham Əliyev həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Prezidentin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib”.

Məlumatda deyilir ki, istintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Prokurorluq həmçinin bildirib ki, M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.