Mehman Hüseynov: “O, mən deyiləm”

Mehman Hüseynov: “O, mən deyiləm”

24-02-2017 13:09 / Bu xəbər 1600 dəfə oxundu

Fevralın 24-də Suraxanı Rayon Məhkəməsində bloger Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaya baxılıb. 

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin qaldırdığı iddiaya hakim Ceyhun Qədimovun sədrliyilə məhkəmə heyəti baxır.

Bloqqerin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən polis rəisi özü məhkəməyə gəlməmişdi, onu Əlirza Xəlilov təmsil edirdi.

Blogerin vəkili Elçin Sadıqov iddiaya Suraxanı Rayon Məhkəməsində baxılmasına etiraz edib. Bildirib ki, polis rəisinin böhtan hesab etdiyi çıxış Nəsimi Rayon Məhkəməsinin qarşısında olub. Ona görə də iddiaya Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.

«ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİRİLİB»

Əlirza Xəlilov etiraz edib. Deyib ki, Mehmanın çıxışını yayımlayan KİV-lər xaricdə yerləşir, ona görə də bloqqerin yaşadığı ərazi üzrə məhkəməyə müraciət olunub.

Hakim iddianı qəbul edib və Mehman Hüseynovu təqsirləndirilən şəxs qismində tanıyıb.

Ötən iclasda Mehman Hüseynov şəxsiyyətinin müəyyən edilməsi haqda vəsatət qaldırmışdı. Çünki onun şəxsiyyət vəsiqəsi yoxdur. Bugünkü məhkəmədə şəxsiyyəti müəyyənləşdirmək məqsədilə Mehman Hüseynova bir şəkil təqdim olunub və hakim ondan özü olub-olmadığını soruşub.

«O, mən deyiləm, yetimin biridir», – Mehmanın cavabı belə olub.

Hakim fikrində qalıb ki, fotodakı şəxsin Mehman Hüseynov olduğu müəyyənləşdirilib.

QARDAŞI DA İŞGƏNCƏYƏ MƏRUZ QALIB

Daha sonra Elçin Sadıqov Avropa Məhkəməsinin Azərbaycana qarşı ifadə azadlığının pozuntusunu təsdiqləyən iki qərarını təqdim edib. Qərarlardan biri Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş sədri Emin Hüseynov haqdadır. Avropa Məhkəməsi o qərarda Emin Hüseynovun Nəsimi rayonu, 22-ci polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz həbs olunması, orada işgəncələrə məruz qalmasını təsdiqləyib.

«Bu qərar sübut edir ki, polis rəisinin, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının heç vaxt heç kimə işgəncə vermədiyi haqda dedikləri doğru deyil», – Elçin Sadıqov bildirib.

Hazırlıq iclasında həmçinin, Mehman Hüseynovdan başqa yerə getməmək barədə iltizam alınıb.

Məhkəmə baxışı fevralın 27-nə təyin olunub.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.///Azadliq.org