Mehman Hüseynova qarşı yenidən cinayət işi açılıb

Mehman Hüseynova qarşı yenidən cinayət işi açılıb

27-12-2018 03:04 / Bu xəbər 307 dəfə oxundu

Blogerin ədliyyə leytenantına xəsarət yetirdiyi bildirilir

Dekabrın 26-da bloger Mehman Hüseynovun cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində insident yaşanıb. 

Penitensiar Xidmətin yaydığı məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Qurumdan "report.az”a verilən məlumatda iddia olunur ki, hadisə zamanı xəsarət almış Ə.Abdalova tibbi yardım göstərilməsi məqsədilə müəssisəyə təcili həkim briqadası çağırılıb.

Digər iddiaya görə, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bloger Mehman Hüseynovun vəkili Şəhla Hümbətova isə Meydan TV-yə bu barədə mediadan məlumat aldığını deyib.

Vəkil bildirib ki, Mehman Hüseynov dekabrın 25-də atası ilə görüşüb və hər şeyin normal olduğunu söyləyib.

Şəhla Hümbətova ehtimal edir ki, Mehman Hüseynovun cəzası martda bitdiyindən onun azad edilməyəcəyi haqda fikirlər özünü doğrultdu:

"Mehmana qarşı yeni cinayət işinin açılacağı qeyd olunurdu və görünür, hakimiyyət onu buraxmaq istəmir deyə bu gün belə bir cinayət işini açdılar”.

Vəkil dekabrın 27-də Mehman Hüseynovla görüşməyə çalışacağını vurğulayıb: "Sabah onunla görüşməyə gedəcəm, güman ki, blogeri Kürdəxanıya aparacaqlar. Əgər görüş baş tutsa, məsələni təfərrüfatı ilə öyrənəcəm”.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Blogerin anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib.