Mehman Hüseynovun azadlığı istənilir

Mehman Hüseynovun azadlığı istənilir

07-03-2017 16:04 / Bu xəbər 1577 dəfə oxundu

«Mən Azərbaycan hakimiyyətini bloger Mehman Hüseynovu azadlığa buraxmağa çağırıram. Ümid edirəm ki, Apellyasiya Məhkəməsində bu qərara yenidən baxılacaq".

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic-in bloger Mehman Hüseynovun həbsi ilə bağlı bəyanatında belə yazılır.

Bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbəri Michael Georg Linklə birgə verilib.

Bəyanatda bloger M.Hüseynov barəsində hökm pislənilir və rəsmi Bakı onu dərhal azadlığa buraxmağa çağırılır.

D.Mijatovic diffamasiyanın dekriminallaşdırılması və uzunmüddətli beynəlxalq öhdəliklərini yerinə yetirməsi ilə bağlı Azərbaycan hakimiyyətinə əvvəlki çağırışlarını xatırladıb.

Öz növbəsində, DTİHB-nin rəhbəri M.G.Link qeyd edib ki, qeyri-insani rəftar və işgəncələrə dair istənilən şikayət dərhal araşdırılmalıdır. Bu mənada M.Hüseynovun işi üzrə məhkəmə qərarı narahatlıq doğurur.

«Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin diffamasiya üzrə iddiası ilə 2 il azadlıqdan məhrum edilib. İddiaya blogerin Nəsimi polisində ona işgəncə verilməsi barədə bəyanatı səbəb olub. Blogerin bədənində zorakılıq izləri olsa da, prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib», - deyə bəyanatın sonunda bildirilir.

XATIRLATMA

Mehman Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Yanvarın 11-də isə M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Onun şikayətində M.Hüseynovun işgəncələrə məruz qalması ilə bağlı dedikləri polisə böhtan kimi dəyərləndirilirdi.///azadliq.org